Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1241/2023 06.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Hacıağa oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Hacıağa oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında notariat qaydasında bağlanmış 21 fevral 2022-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 63905 manat əsas borcun, 7670 manat faiz borcun, cəmi 71575 manat pulun, ödənilmiş 305 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Hacıağa oğlu ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 63905 manat pulu notariusun depozit hesabı vasitəsi ilə iddiaçıdan borc almış və həmin borcu 21 fevral 2024-cü il tarixə kimi 23 ay 2662 manat, sonuncu ay 2679 manat qaytarmağı öhdəsinə götürmüş, lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü 63905 manat pulu iddiaçıya qaytarmamışdır. Hal-hazırda iddiaçı cavabdehdən borcunun qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınır. Cavabdeh kredit müqaviləsinin 8-ci bəndi üzrə üzərinə götürdüyü öhdəliyi pozmaqla bir il altı ay müddətində iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı Mərkəzi Bankın uçot faiz dərəcəsini nəzərə alaraq 63905 manat borca illik 8% olmaqla (1,5 il müddətə) 7670 manat məbləğində faiz borcu hesablanmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq cavabdeh ilə iddiaçı arasında notariat qaydasında bağlanmış 21 fevral 2022-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 63905 manat əsas borcun, 7670 manat faiz borcun, cəmi 71575 manat pulun və ödənilmiş 306 manat dövlət rüsumunun alınaraq İddiaçı Hacıağa oğluna verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı X1 təsis etdiyi və rəhbəri olduğu "xxxx" MMC-nə aid tikinti materialları mağazasında əvvəllər satıcı işləmişdir. Mağazada mallar əskik çıxdığı üçün iddiaçı X3 ondan rayon prokurorluğuna şikayət etmiş, müvafiq araşdırma aparılmışdır. O, həbs olunacağından qorxaraq iddiaçı X3 ilə razılığa gələrək Bakı şəhəri 14 saylı notariat ofisində onunla iddiaçı arasında 63905 manat məbləğində borcun 21 fevral 2024-cü il tarixə kimi qaytarmaq şərti ilə kredit müqaviləsi bağlanmış, lakin həmin vaxt borcun geçikdirilməsinə görə iddiaçı ilə onun arasında faiz və ya digər ödənişlər barədə razılıq olmamış, yəni kredit müqaviləsi üzrə iddiaçı qarşısında əsas borcun qaytarılmasından başqa öhdəlik götürməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın 7670 manat faiz borc hissəsinin rədd edilməsini xahiş edir, iddianın qalan hissəsinin təmin edilməsinə etirazının olmadığını bildirir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Bakı şəhəri 14 saylı notariat ofisində 21 fevral 2022-ci il tarixdə təsdiq edilmiş və 3M-715 nömrə ilə qeyd edilmiş kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı Hacıağa oğlu ilə Cavabdeh arasında 63905 manat borcun faizsiz verilməsi əlaqədar bağlanmış və cavabdeh iddiaçıya olan 63905 manat borcunu 21 fevral 2024-cü ilə qədər 23 ay müddətində 2662 manat, sonuncu ay 2679 manat qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür. Həmin kredit müqaviləsinin 3-cü bəndində qeyd olunmuşdur ki, tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri 14 saylı notariat ofisində 21 fevral 2022-ci il tarixdə təsdiq edilmiş və 3M-715 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə əsasən İddiaçı Hacıağa oğlu tərəfindən Cavabdeh 21 fevral 2024-cü ilə qədər 23 ay 2662 manat, sonuncu ay 2679 manat qaytarmaq şərti ilə 63905 manat borc verilmiş, cavabdeh də, həmin müqaviləyə imza etməklə borcu iddiaçıya qaytarması barədə öhdəlik götürmüşdür. Eyni zamanda həmin kredit müqaviləsinin 3-cü bəndində qeyd olunmuşdur ki, tərəflər kreditin faizsiz verilməsini şərtləndirirlər. Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməmiş və hazırki vaxtadək 63905 manat borcundan iddiaçıya ödəniş etməyərək borcu qaytarmaqdan yayınmışdır. Cavabdeh isə iddianın 7670 manat faiz məbləği ilə razılaşmır, iddianın qalan hissəsinin təmin edilməsinə etirazının olmadığını göstərir. Buradan görünür ki, iddiaçı tərəfindən cavabdehə faizsiz 63905 manat məbləğində borc pul verilməsi notariat qaydada təsdiq olunmuş kredit müqaviləsi və cavabdehin etirafı ilə sübut olunur. Ona görə də məhkəmə qeyd olunanları və tərəflər arsında bağlanmış kredit müqaviləsini mötəbər sübut kimi nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdehdən 63905 manat məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin iddia tələbinin faiz borcu hissəsi ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İddiaçı, Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək cavabdehdən əlavə faiz ödənişlərini tələb etsə də, cavabdehin iddiaçıya qaytarmalı olduğu puldan faydalanmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də iddiaçının cavabdehdən əlavə 7670 manat faiz borcu tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 14 saylı notariat ofisində İddiaçı Hacıağa oğlu ilə Cavabdeh arasında 21 fevral 2022-ci il tarixdə bağlanmış və 3M-715 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə xitam verilməli, Cavabdeh 63905 manat borc alınaraq İddiaçı Hacıağa oğluna verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 25 sentyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Hacıağa oğlu məhkəmədə iddia qaldırmaq üçün 306 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 306 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. İş üzrə digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 227ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Bakı şəhəri 14 saylı notariat ofisində İddiaçı Hacıağa oğlu ilə Cavabdeh arasında 21 fevral 2022-ci il tarixdə bağlanmış və 3M-715 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 63905 (altımış üç min doqquz yüz beş) manat borc alınaraq İddiaçı Hacıağa oğluna verilsin. Cavabdeh ödənilmiş 306 (üç yüz altı) manat dövlət rüsumu alınaraq İddiaçı Hacıağa oğluna verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1241/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1241/2023
06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver