Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1897/2023 05.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X8 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-817/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə
1. İddiaçı Xaləddin oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 19500 (on doqquz min beş yüz) manat pulun və ödədiyi 148 (yüz qırx səkkiz) manat 50 (əlli) qəpik pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, oğlu X4 ev almaq niyyətində olmuşdur. Cavabdeh2 keçmiş gəlini Cavabdeh1 qardaşıdır. Səbuhinin anası onları Orxanla tanış etmişdir. O da Quba şəhərində iki otaqlı Quba şəhəri, H.Hüseynov küçəsi,10/4 saylı mənzili almaq üçün Orxana müraciət etmişdir. Evi sənədləşdirmək üçün pulu olmadığına görə Orxanla müqavilə bağlamış, Orxana 19500 (on doqquz min beş yüz) manat vermiş, o da evin açarını ona vermişdir. Daha sonra oğlu X5 o evə köçüb orada keçmiş yoldaşı Cavabdeh1 və uşaqları ilə birlikdə bir il yaşamışdır. Sonradan vəkilin DƏDRX 5 saylı Xaçmaz Ərazi idarəsinə verdiyi sorğu əsasında onlara məlum olmuşdur ki, xx.xx.2055-ci il tarixli, 1948 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən X1 mülkiyyətində olmuş Quba şəhəri H.Hüseynov küçəsi,10/4 saylı mənzil Quba rayonu notariat kontorunun xx.xx.2015ci il tarixli, 4Ə-1062 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Daha sonra isə Səbuhi ilə Nüşabə öz aralarında evləri dəyişdirmişlər. Belə ki, Cavabdeh2 adına xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli, **********63-05301-093007 reyestr nömrəli çıxarışa əsasən Quba şəhəri, H.Əliyev prospekti,198/21 ünvanında mənzil qeydə alınmış və həmin mənzil hal-hazırda Cavabdeh2 mülkiyyətindədir. Onu da qeyd edir ki, Cavabdeh1 Orxanın şəxsi mülkiyyətində olan evdə qeydiyyatdadır. Cavabdehlər onu aldatmışdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
3. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-817/2023 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia qismən təmin edilərək, Cavabdeh3 19500 (on doqquz min beş yüz) manat və 148 (yüz qırx səkkiz) manat 50 (əlli) qəpik ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Xaləddin oğluna ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 439.4, 1091.1, 1092.1, 1093.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
5. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.
6. Apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsi Vəkil1 ərizə təqdim edərək iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbindən imtina etdiklərini və iş üzrə icraata xitam verilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbindən imtina edilməsinə dair ərizənin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. (...) 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
11. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
12. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (...)
13. Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
14. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; (...)
15. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. (...)
16. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
17. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
18. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbindən imtina edilməsinə dair ərizə təqdim edərək, iddia tələbindən imtinanın qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı tərəf iddia tələbindən imtina etdiyindən və tərəfin iddiadan imtina etməsi qanunazidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-817/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.
22. Azərbaycan Respublikası MPM-in 263-264, 267-268, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddia tələbindən imtina qəbul edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(027)-817/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.