Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1270/2023 28.11.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak və qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bir ədəd qızıl nişan üzüyü 5 qram çəkidə və ya dəyəri 350 manat, bir ədəd yolka formalı boyunbağı 20 qram çəkidə və ya dəyəri 1400 manat, bir ədəd qolbağı 8 qram çəkidə və ya dəyəri 560 manat, bir ədəd üzük-sırğa komplekti 12 qram çəkidə və ya dəyəri 840 manat, beş ədəd üzük 19 qram çəkidə və ya dəyəri 1330 manatın və Saatlı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(055)-730/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq birgə nikahlarından 24 may 2010-cu ildə doğulmuş Gülay, 30 may 2011-ci ildə doğulmuş Leyla və 09 fevral 2015-ci ildə doğulmuş Hüseyn adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə birgə nikahlarından 24 may 2010-cu ildə Gülay, 30 may 2011-ci ildə Leyla və 09 fevral 2015-ci ildə Hüseyn adlı üç nəfər uşaqları anadan olmuşdur.Aralarında olan münasibətləri pisləşdiyindən Saatlı Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(055)- 818/2020 saylı qətnaməsinə əsasən nikah qeydi pozulmuş və birgə nikahlarından doğulmuş uşaqları onun yanında qalmışdır. Daha sonra Saatlı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(055)-730/2022 saylı qətnaməsinə əsasən həmin uşaqların saxlanması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir.Hazırda uşaq bağçasında işləyir və aylıq əmək haqqı təxminən 320 manatdır. Məhkəmə tərəfindən təyin edilmiş aliment uşağın ehtiyaclarını ödəmir və xərcləri artmışdır.Bundan başqa, ona ailə qurarkən cavabdehin valideyinləri tərəfindən bir ədəd qızıl nişan üzüyü 5 qram çəkidə dəyəri 350 manat, bir ədəd yolka formalı boyunbağı 20 qram çəkidə dəyəri 1400 manat, bir ədəd qolbağı 8 qram çəkidə dəyəri 560 manat, bir ədəd üzük-sırğa komplekti 12 qram çəkidə dəyəri 840 manat, beş ədəd üzük 19 qram çəkidə dəyəri 1330 manat hədiyyə edilmişdir. Həmin qızıl əşyaları 2015-ci ildə Bakı şəhərində kirayə yaşadıqları dövrdə cavabdeh tərəfindən lombarda qoyulmuşdur. Hətta cavabdeh qızılları lombarda qoyduğuna görə götürdüyü puldan 300 manat ona vermiş, narahat olmamağı və qızılları geri qaytaracağını bildirmişdir. Lakin hal-hazıradək həmin qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Guya ata evinə gedərkən onun özü tərəfindən qızılların aparılması barədə cavabdehin dedikləri də yalandır. O, 2020-ci ildə ər evindən ata evinə gedərkən təkcə paltalarını və digər cehiz əşyalarını aparmış, qızıllar evdə olmadığı üçün apara bilməmişdir. Əvvəllər maddi vəziyyəti yaxşı olduğu üçün qızılları tələb etməmişdir. Uşaqların böyüməsi və digər zəruri xərclərin artması səbəbindən hazırda qızıl əşyalarını da cavabehdən tələb edir.Ona görə də göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, iddiaçı ilə birgə nikahlarından 24 may 2010-cu ildə Gülay, 30 may 2011-ci ildə Leyla və 09 fevral 2015-ci ildə Hüseyn adlı üç nəfər uşaqları anadan olmuşdur. Münasibətləri pisləşdiyindən Saatlı Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(055)-818/2020 saylı qətnaməsinə əsasən nikah qeydi pozulmuş və birgə nikahlarından doğulmuş uşaqları iddiaçının yanında qalmışdır. Daha sonra Saatlı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(055)-730/2022 saylı qətnaməsinə əsasən həmin uşaqların saxlanması üçün hər ay hər uşağa görə 120 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir.Hər ay məhkəmə tərəfindən müəyyən edilmiş alimenti çətinliklə ödəyir. Rəsmi iş yeri yoxdur və fəhləliklə məşğuldur. Aylıq təxminən 500-600 manat gəliri vardır.Odur ki, aliment məbləğinin artırılmasına razı deyil. İddiaçının tələb etdiyi qızıl-zinət əşyalarına gəlincə həmin əşyalar həqiqətən də, idiaçının iddia ərizəsində göstərdiyi göstəricilərdə olmuş və sonuncuya hədiyyə edilmişdir. Lakin tələb olunan əşyalardan 19 qram çəkidə və dəyəri 1330 manat olan beş ədəd üzükdən ikisini birgə nikah dövründə satmış, qalan bütün qızıl-zinət əşyalarını isə iddiaçı ata evinə gedərkən özü ilə aparmışdır. Qızıl-zinət əşyaları onun tərəfindən lombarda qoyulmamışdır. İddia tələbinin qızıl-zinət əşyalarına dair hissəsini iki ədəd üzüyə münasibətdə qəbul edir.Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan Saatlı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(055)-730/2022 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından 24 may 2010-cu ildə doğulmuş Gülay, 30 may 2011-ci ildə doğulmuş Leyla və 09 fevral 2015-ci ildə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin 28 iyun 2022-ci il tarixdən alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür ki, Mehdiyeva X1 Respublikası Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil idarəsində maşın operatoru, paltaryuyan işləyir və aylıq əmək haqqı 374 manatdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki iddia tələbi iki hissədən, yəni əmlak tələbindən və qət edilmiş alimentin artırılmasından ibarətdir. Məhkəmə əmlak tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehlərin sahibliyində olması. Məhkəmə diqqətə çatdırır ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir(“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, iddiaçı cavabdehlə nikah münasibətinə girərkən iddia ərizəsində göstərilən əmlaklar ona hədiyyə edildiyindən onların geri alınmasını tələb edir. Cavabdeh tərəf isə iddia ərizəsində göstərilən əmlakların iddiaçıya hədiyyə olaraq verilməsini etiraf etmişdir. Göründüyü kimi, 1-ci hal tam sübut olunur. Belə ki, iddiaçının tələb etdiyi qızıl əşyalarının mövcudluğu mülki işin mübahisəsiz halıdır. Məhkəmə qeyd edir ki, ikinci hal isə ümumiyyətlə mübahisə predmeti deyil. Belə ki qızılların mövcudluğu təsdiqini tapdığı kimi, onların iddiaçıya məxsus olması da işin mübahisəsiz halıdır. Üçüncü hala münasibətdə isə qeyd edilməlidir ki, tələb olunan əşyaların hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir.Bu halları sübut etmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Lakin həmin əşyaların cavabdehin qanunsuz sahibliyində olması barədə iddiaçı hər hansı sübut təqdim edə bilməmişdir. Belə vəziyyətdə iddiaçının tələb etdiyi əşyaların cavabdehin qanunsuz sahibliyində qalması yalnız mötəbər sübutlar əsasında müəyyən edilə bilər. İddiaçı isə belə mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə məhkəmə araşdırması zamanı izahatında cəmi 19 qram çəkidə və dəyəri 1330 manat olan beş ədəd üzükdən ikisini birgə nikah dövründə satdığını və iddia tələbini ancaq qeyd olunan hissədə qəbul etdiyini bildirir.Odur ki, məhkəmə başqa mötəbər sübutlar olmadığından iddia tələbinin qızıl-zinət əşyalarına aid hissəsinin cavabdehin etiraf etdiyi həcmdə sübut olunmuş hesab edir. Məhkəmə iddia ərizəsində göstərilən əmlakların qiymətləri ilə bağlı qeyd edir ki, Sabirabad rayon Kooperativ Cəmiyyətinin möhürü və həmin cəmiyyətin əmtəəşünası X2 imzası ilə təsdiq olunmuş rəyi mötəbər sübut kimi qəbul edilməklə, həmin rəydə göstərilən əmlakların hazırki bazar qiyməti real olaraq dəyərləndirilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəllsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.İddia tələbinin qızıl-zinət əşyaları hissəsində iddia müddətinin keçməsi səbəbindən iddianın həmin hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia müddətinin təbiq olunması barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, Ailə Məcəllsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Lakin nəzərə almaq lazımdır ki, iddiaçının qızıl-zinət əşyaları tələbi ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələb deyil, bu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, Ailə Məcəlləsinin isə 34.1-ci maddəsindən irəli gələn tələbdir və belə tələblərə 3 illik iddia müddəti tətbiq olunmur. Odur ki, məhkəmə iddiaçının qeyd olunan vəsatətini əsassız hesab edir. İddia tələbinin ikinci hissəsi olan qət edilmiş alimentin artırılmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(055)-730/2022 saylı qətnaməsinə əsasən tərəflərin birgə nikahından 24 may 2010-cu ildə doğulmuş Gülay, 30 may 2011-ci ildə doğulmuş Leyla və 09 fevral 2015-ci ildə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 120 (bir yüz iyirmi) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşaqlarının saxlanmasında çətinlik çəkdiyi üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Saatlı Rayon Məhkəməsinin 11 may 2017-ci il tarixli, 2(055)-380/2017 saylı qətnaməsinə əsasən təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh iki ədəd qızıl üzük, olmadıqda hər birinin dəyəri 266 manat, cəmi 532 (beş yüz otuz iki) manat alınaraq İddiaçı verilməli, Saatlı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(055)-730/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq tərəflərin birgə nikahından 24 may 2010-cu ildə doğulmuş Gülay, 30 may 2011-ci ildə doğulmuş Leyla və 09 fevral 2015-ci ildə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat, cəmi 420 manat (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iki ədəd qızıl üzük, olmadıqda hər birinin dəyəri 266 manat, cəmi 532(beş yüz otuz iki) manat alınaraq İddiaçı verilsin. Saatlı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(055)-730/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq tərəflərin birgə nikahından 24 may 2010-cu ildə doğulmuş Gülay, 30 may 2011-ci ildə doğulmuş Leyla və 09 fevral 2015-ci ildə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat, cəmi 420 manat (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Ödənilmiş 50(əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İş № 2(055)-1270/2023 çıxarış AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ SAATLİ RAYON MƏHKƏMƏSİ 28 noyabr 2023-cü il Saatlı şəhəri Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak və qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh iki ədəd qızıl üzük, olmadıqda hər birinin dəyəri 266 manat, cəmi 532(beş yüz otuz iki) manat alınaraq İddiaçı verilsin. Saatlı Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(055)-730/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq tərəflərin birgə nikahından 24 may 2010-cu ildə doğulmuş Gülay, 30 may 2011-ci ildə doğulmuş Leyla və 09 fevral 2015-ci ildə doğulmuş Hüseyn adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 140 manat, cəmi 420 manat (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Ödənilmiş 50(əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-1270/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1270/2023
28.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver