Məhkəmə qərarları › İş №2(059)-475/2023

Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-475/2023

25.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-475/2023 25.06.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Mən, Siyəzən Rayon Məhkəməsinin hakimi Ələkbərov Bəylər Ramiz oğlu, İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması və uşağın hədiyyə şəklində əldə etdiyi əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması və uşağın hədiyyə şəklində əldə etdiyi əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 06 avqust 2018ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat olmaqla, sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsinə dair Siyəzən Rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(059)-253/2021 saylı qətnaməsinin dəyişdirilərək, bundan sonra cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, həmçinin birgə nikahdan doğulmuş 06 avqust 2018-ci il təvəllüdlü Mələk üçün məxsusi hazırlanaraq və alınaraq ona hədiyyə olunan qızıl-zinət əşyaları, o cümlədən 1 ədəd qiyməti 1500 manat olan qızıl boyunbağının, 1 ədəd qiyməti 700 manat olan (qızıl-ortasında rəmzi olaraq-ata, uşaq və ana şəkilləri döyülmüş klon) boyunbağının, 1 dəst qiyməti 300 manat olan qızıl sırğanın, 1 ədəd qiyməti 500 manat olan qızıl qolbağın, cəmi 3000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların dəyərinin cavabdehdən alınaraq ona qaytarılması, eyni zamanda rüsüm olaraq ödənilmiş 55 manat məbləğin də cavabdehdən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, Azərbaycan Respublikası 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Mülki iş materialları nəzərdən keçirilərkən iddiaçının cavabdehə qarşı bir iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdiyi müəyyən edilmişdir. Çünki, məhkəmə hazırkı iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələblər, yəni alimentin miqdarının artırılması, eləcə də qızıl-zinət əşyalarının və ya onların dəyərinin qaytarılması və bu tələblərin əsası kimi istinad edilən hallar hər biri ayrı-ayrılıqda özlüyündə fərdi yanaşma tələb etdiyindən, həmçinin işə baxılması və həll edilməsi müddətləri fərqli olmaqla, bir-biri ilə bağlı olmayan tələblər olduğundan həmin tələblərə ayrıca icraat qaydasında baxılması məqsədə müvafiqdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bu mənada, qeyd olunur ki, hazırkı ərizə üzrə iddiaçı tərəfdən dövlət rüsumunun ödənilməməsi nəzərə alınmalıdır. Eyni zamanda, iddiaçı tərəfdən çəkilmiş mediasiya xərci məhkəməyə ödənilmiş dövlət rüsumu olmadığından onun ödəyən tərəfə qaytarılması istisna edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı “uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılması və uşağın hədiyyə şəklində əldə etdiyi əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron qaydada Siyəzən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar