Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5580/2025 05.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5580/2025 (Açar sözlər: birgə nikah dövründə əmlakın alınmasına ödənilmiş pulun bölünməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)-2290/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 05 noyabr 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, ümumi sahəsi 116.18 kvm olan 226 (yeni 274) sayılı mənzilin kredit ödənişlərinin iddiaçının payına düşən və bugünki gündə dəyəri 39150 manat olan hissəsi və məcburi mediyasiya prosessində iştirak üçün ödənilmiş 61 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 147 manat ümumilikdə 208 manat dövlət rüsumu olmaqla ümumilikdə 39358 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında ünvan 1 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, ümumi sahəsi 116.18 kvm olan 226 (yeni 274) sayılı mənzilin kreditlə satışına dair xx.xx.2007-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd olunan əmlakın həmin dövr üçün dəyəri 60413.60 manat olaraq müəyyən olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixindən əmlakla bağlı ödənişlər olunmuşdur. Ödənişlərin bir hissəsi isə iddiaçı və cavabdehin birgə nikahda olduğu dövrdə birgə şəkildə ödənmişdir. Belə ki, "xxxx" ASC tərəfindən verilən 11 fevral 2025-ci il tarixli arayışdanda məlum olur ki tərəflərin birgə nikahda olduğu xx.xx.2008-ci il tarixdən əmlakın dəyəri tam ödənilən xx.xx.2009-cu il tarixədək tərəflər tərəfindən birgə şəkildə ümumilikdə 15776.37 manat ödəniş edilmişdir. Qeyd olunan ödəniş əmlakın ümumi dəyəri olan 60413.60 manatın 26.11 faizini təşkil edir. Belə olan halda, tərəflərin birgə nikah dövründə ödədiyi 15776.37 manat ödənişin yarısı olan 7888 manat iddiaçının payına düşür. Həmin ödəniş əmlakın ümumi dəyəri olan 60413.60 manatın 13.05 faizini təşkil edir. Hazırki dövr üzrə qeyd olunan əmlakın bazar dəyəri 300000 min manat təşkil edir. Belə olan halda, qeyd olunan əmlakın 13.05 faiz hissəsi yəni 39150 manat hissəsi iddiaçının payına düşür.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 2290/2025 saylı qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddianın qismən təmin edilməsi, Cavabdeh 7778 (yeddi min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, mediasiya sessiyası üçün ödənilmiş 61 manatın 12 (on iki) manatı və mülki iş üzrə ödənilmiş 147 manat məbləğində dövlət rüsumunun 29 (iyirmi doqquz) manatı, ümumilikdə 41 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 34-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəllənin 31, 32.1, 32.2.2, 34.1, 36.1, 36.3, 36.4, 37.1, 37.2-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 107, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətlərinin dəlilləri
6. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından aydın olur ki, birgə nikah dövründə - tərəflərin birgə təsərrüfat apardıqları müddət ərzində, yəni xx.xx.2008-ci il tarixdən etibarən müqavilə üzrə son ödəniş tarixi olan xx.xx.2009-cu il tarixədək ödənilmiş 15776,38 manatın½ hissəsi məhz iddiaçıya məxsusdur. Lakin bu zaman Məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, 2008-2009-cu illərdə cavabdeh tərəfindən ödənilmiş 7.888 manat Həmin dövrdə ümumi dəyəri 60.000 manat olmuş mənzil üçün sərf olunmuşdur. Yəni bu zaman birgə nikah dövründə iddiaçı tərəfin ödəmiş olduğu məbləğ mənzilin o vaxtkı dəyərinin 13.05 faizini təşkil etmişdir Hal-hazırda isə mənzilin bazar qiyməti isə həmin məbləğdən dəfələrlə yüksəkdir. İddiaçı tərəfindən qoyulmuş vəsaitin proporsional qarşılığı bugünkü şərtlərlə mənzilin cari dəyərinin 13.05 faizini təşkil etməli ikən, birinci instansiya məhkəməsi sadəcə 2008-2009-cu illərdə qoyulmuş vəsaitin – 7888 manatın qaytarılması ilə kifayətlənmişdir. Hamıya məlumdur ki, 2008-2009-cu illərdə qoyulmuş 15.000 manat indiki dövrlə müqayisədə tamamilə fərqli alıcılıq gücünə malik idi. Azərbaycan Respublikasının rəsmi statistik göstəricilərinə görə, 2007-ci ildən etibarən milli valyuta bir neçə dəfə devalvasiyaya məruz qalmış, qiymət artımları baş vermişdir. 2007-ci ildə 1 ABŞ dolları təxminən 0.85–0.90 manat olduğu halda, hal-hazırda 1 ABŞ dolları 1.7 manat səviyyəsindədir. Bu isə manatın dəyərinin 2 dəfəyə yaxın itirilməsi deməkdir. Bundan əlavə, həmin dövrdən bu günə qədər inflyasiya indeksi də artmış, lakin bütün bu xüsusatlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Deməli, birinci instansiya məhkəməsinin yalnız nominal məbləğin qaytarılması barədə qərarı maddi hüquq normalarına, mülki hüququn kompensasiyanın real dəyərinin bərpasına yönəlmiş məzmununa ziddir
Apelyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, şikayətin dəlillərinə uyğun izahat vermişdir.
9. Apellyasiya baxışı zamanı iddiaçının vəkili apelyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, şikayətin dəlillərinə uyğun izahat vermişdir.
10. Apellyasiya baxışı zamanı cavabdeh apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
12. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.
13. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
14. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
15. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
16. Maddə 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
17. Maddə 35. Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.
18. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
26. Belə ki, mülki işin materialları, o cümlədən, tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, bu nikahdan 3 övladları dünyaya gəlmiş, xx.xx.2023-cü il tarixdə məhkəmənin qətnaməsi ilə nikaha xitam verilmişdir. Cavabdeh nikahdan əvvəl - xx.xx.2007-ci il tarixli müqavilə əsasında ünvan 2 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, 3 otaqdan ibarət ümumi sahəsi 116.18 kv.m olan 226 saylı mənzili əldə etmişdir. Tərəflərin birgə nikah dövrü ərzində mənzilin ümumi dəyəri olan 60413.60 manat pulun 15776,37 manat hissəsi ödənilmişdir. Bu hal ödəniş cədvəli ilə təsdiqini tapmaqla yanaşı, cavabdeh tərəfindən də təkzib edilməmişdir.
27. İddiaçı hazırda həmin 7888 manatın mənzilin o vaxtkı dəyəri olan 61413.60 manatın 13,05 faizini təşkil etdiyini, mənzilin hazırda dəyərinin qalxdığını bildirərək bu səbəbdən mənzilin indiki dəyəri olan 300000 manatın 13.05 faizinin – 39150 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir.
28. Kollegiya iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
29. Belə ki, iddiaçı ailə qanunvericiliyinin ər-arvadın ümumi mülkiyyətinə dair normalarına istinad edərək birgə nikahdan öncə cavabdeh tərəfindən əldə olunan mənzilin dəyərinin qalıq hissəsinin nikah dövründə ödənildiyini bildirmişdir. İşə baxan birinci instansiya məhkəməsi də mövcud dəlillər əsasında iddiaçının bu arqumentini əsaslı hesab edərək 15776,37 manat pulun yarısının iddiaçıya qaytarılmasını qət etmişdir.
30. Kollegiya qeyd edir ki, əldə olunmuş mənzilin dəyərinin hazırki dövrdə artması həmin vaxt ödənilmiş məbləğin də müvafiq qaydada artırılmasına və iddiaçıya qaytarılmalı olan məbləğin indiki dəyərə mütənasib hesablanmasına əsas vermir. Bu hal ailə qanunvericiliyinin müvafiq normasının dispozisiya şərtləri ilə uzlaşmır.
31. Bundan əlavə sözügedən mənzil 2007-ci ildə əldə edilmiş, qalıq ödəniş isə 2008-ci ildə həyata keçirilmişdir və bu zaman nə cavabdehin, nə də iddiaçının sonradan nikahın pozulmasına, ödənilmiş pulların qaytarılmasına dair tələblərin mövcudluğunu bilmək ehtimalları olmamışdır. Həmin dövrün real tələblərinə uyğun olaraq mənzil 60413.60 manata əldə edilmiş və 15776,37 manat pul da nikah dövründə ödənilmişdir.
32. Bu halda istər Ailə Məcəlləsinin tələblərinə, istərsə də apelyatorun öz şikayətində istinad etdiyi Mülki Məcəllənin əsassız varlanmaya dair münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsasən qarşı tərəf yalnız əsassız olaraq əldə etdiklərini qaytarmağa borcludur və hazırki məhkəmə mübahisəsi çərçivəsində həmin məbləğin iddia tələbində göstərildiyi kimi artırılması qeyri-mümkündür.
33. Kollegiya həmçinin qeyd edir ki, hazırki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini aldığı vaxtdan etibarən lazımi qaydada icra edilmədiyi halda bu zaman iddiaçının tələbkar qismində icra tarixinədək həmin məbləğin indeksasiyasını tələb etmək hüququ olacaqdır.
34. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının göstərilən məzmunda apelyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğvi üçün əsas təşkil etmir.
35. Bununla belə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi 15776,37 manat pulun yarısının iddiaçıya qaytarılması qənaətinə gəlsə və qətnamənin əsaslandırıcı hissəsində bu məbləğin 7888 manat təşkil etdiyini bildirsə də, qətnamənin nəticə hissəsində texniki yanlışlıq səbəbindən 7778 manat pulun iddiaçıya qaytarılmasını təsbit etmişdir. Bu səbəbdən hazırda apelyasiya instansiyası hesab edir ki, qətnamənin dəyişdirilməli və iddiaçıya qaytarılmalı olan məbləğ 7888 manat kimi müəyyən edilməlidir.
36. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
37. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
38. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
39. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
40. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Kollegiya hesab edir ki, apelyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun dəyəri onun özünə aid olunmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(005)- 2290/2025 saylı qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilsin. Cavabdeh 7888 (yeddi min səkkiz yüz səksən səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayəti mübahisələndirilən qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova