Məhkəmə qərarları › İş №e-2(005)-2290/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2290/2025

11.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2290/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsü" tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə (açar sözlər: əmlak tələbi, birgə nikah;sübutetmə) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı ilə Cavabdeh 28 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X7 və X6 anadan olmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə cavabdeh X2 arasında bağlanmış nikah pozulması; 25 sentyabr 2009-cu il təvəllüdlü X5, 8 may 2019-cu il təvəllüdlü X6 və X3 anaları X1 yanında saxlanılması qət edilmişdir. "xxxx" ASC və Cavabdeh arasında xx.xx.2007-ci il tarixdə dəyəri 60413,60 manat olan ünvan 1 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, 3 otaqdan ibarət ümumi sahəsi 116.18 kv.m olan 226 saylı mənzilin alqı-satqısına dair müqavilə imzalanmışdır. Hazırda iddiaçı mənzil üçün birgə nikah dövründə aparılan ödənişlərin yarısının (7888 manat) müqavilə üzrə mənzilin dəyərinin (60413,60 manat) 13,05 faiz hissəsini təşkil etdiyindən, mənzilin hazırki bazar qiymətinin (300000 manat) 13,05 faizini təşkil edən 39150 manat pulun cavabdehdən tutulmasını xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ünvan 2 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, ümumi sahəsi 116.18 kvm olan 226 (yeni 274) sayılı mənzilin kredit ödənişlərinin iddiaçının payına düşən və bugünki gündə dəyəri 39150 manat olan hissəsi və məcburi mediyasiya prosessində iştirak üçün ödənilmiş 61 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 147 manat ümumilikdə 208 manat dövlət rüsumu olmaqla ümumilikdə 39358 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" ASC arasında ünvan 2 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, ümumi sahəsi 116.18 kvm olan 226 (yeni 274) sayılı mənzilin kreditlə satışına dair xx.xx.2007-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd olunan əmlakın həmin dövr üçün dəyəri 60413.60 manat olaraq müəyyən olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixindən əmlakla bağlı ödənişlər olunmuşdur. Ödənişlərin bir hissəsi isə iddiaçı və cavabdehin birgə nikahda olduğu dövrdə birgə şəkildə ödənmişdir. Belə ki, "xxxx" ASC tərəfindən verilən 11 fevral 2025-ci il tarixli arayışdanda məlum olur ki tərəflərin birgə nikahda olduğu xx.xx.2008-ci il tarixdən əmlakın dəyəri tam ödənilən xx.xx.2009-cu il tarixədək tərəflər tərəfindən birgə şəkildə ümumilikdə 15776.37 manat ödəniş edilmişdir. Qeyd olunan ödəniş əmlakın ümumi dəyəri olan 60413.60 manatın 26.11 faizini təşkil edir. Belə olan halda, tərəflərin birgə nikah dövründə ödədiyi 15776.37 manat ödənişin yarısı olan 7888 manat iddiaçının payına düşür. Həmin ödəniş əmlakın ümumi dəyəri olan 60413.60 manatın 13.05 faizini təşkil edir. Hazırki dövr üzrə qeyd olunan əmlakın bazar dəyəri 300000 min manat təşkil edir. Belə olan halda, qeyd olunan əmlakın 13.05 faiz hissəsi yəni 39150 manat hissəsi iddiaçının payına düşür. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. O bildirdi ki,mübahisə predmeti olan əmlakla bağlı qiymətləndirmə rəyi mövcudur. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmadığını qeyd edərək bildirdi ki, iddia ərizəsində qeyd edilən mənzildə 2008-2012-ci illərdə yaşamışlar. Həmin dövrdə olan ödənişlər onun adından aparıılsa da, əslində pul vəsaitləri ona deyil, valideynlərinə məxsus olmuşdur. Birgə nikah dövründə ümumilikdə 15776,37 manat ödənildiyi doğrudur. Mənzilin hazırki dəyəri 300000 manat deyil. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materialları - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.1983-cü il tarixdə, Naxçıvan MR, Culfada doğulmuş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 26, mənzil 37-də qeydiyyatdadır. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-165/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki,iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə cavabdeh X2 arasında nikahın bağlanması barədə 28 avqust 2008-ci il tarixində Xətai Rayon Qeydiyyat şöbəsində 1170 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması; 25 sentyabr 2009-cu il təvəllüdlü X5, 8 may 2019-cu il təvəllüdlü X6 və X7 anaları X1 yanında saxlanılması qət edilmişdir. - "xxxx" ASC-nin 11 fevral 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, 3 otaqdan ibarət ümumi sahəsi 116.18 kv.m olan 226( yeni 274) saylı mənzilə dair xx.xx.2007-ci il tarixdə Cavabdeh ilə müqavilə bağlanılmışdır. Tərəflərin razılığı ilə mənzilin dəyəri 60413,60 manat müəyyən olunmuş və alıcı mənzilin dəyərini tam ödəmişdir. - xx.xx.2025-ci il tarixli “alıcının fərdi ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılan 2930 nömrəli, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, 3 otaqdan ibarət ümumi sahəsi 116.18 kv.m olan 226 saylı mənzil üçün 60413,60 manat məbləğ ödənilmişdir. - xx.xx.2008-ci il tarixli “alıcının fərdi ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılan 2930 nömrəli, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən dəyəri 60413,60 manat olan ünvan 1 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, 3 otaqdan ibarət ümumi sahəsi 116.18 kv.m olan 226 saylı mənzil üçün 38,037.23 manat kredit borcu ödənilib,qalıq isə 22,376.37 manat təşkil edir. - xx.xx.2009-cu il tarixli “alıcının fərdi ödəniş cədvəli”ndən görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanılan 2930 nömrəli, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən dəyəri 60413,60 manat olan ünvan 1 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, 3 otaqdan ibarət ümumi sahəsi 116.18 kv.m olan 226 saylı mənzil üçün kredit məbləği üzrə 60,413.60 manat ödənilərək qalıq borc silinmişdir. -"xxxx" MMC-nin İddiaçı 07 iyul 2025-ci il tarixli 01/02-746Fİ nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, 3 otaqlı mənzilin bazar qiyməti 07 iyul 2025-ci il tarixə 250 000 ( iki yüz əlli min manat), likvid dəyəri isə 212 500( iki yüz on iki min beş yüz) manat təşkil edir. - Ödəniş qəbzinin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 147 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

34. Ər ilə arvadın hüquqları bərabərdir.

Azərbaycan Respublikası Ailə Məcəlləsi: 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1-ci maddəsinə görə, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının:

3.3-cü bəndinə əsasən Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. 3.4. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. 3.5.Prezumpsiyanın qanuni (hüquqi) və faktiki növləri fərqləndirilir. Əgər qanuni prezumpsiya birbaşa normativ hüquqi aktın məzmununda əks olunursa, bundan fərqli olaraq faktiki prezumpsiya hüquq normalarında əks olunmur. Bu ehtimal bir qayda olaraq həyatın təbii axarına, ağlabatan mühakiməyə və ya formalaşmış təcrübəyə söykənir. 3.6. Odur ki, əmlakın nikah dövründə əldə olunmasının (prezumpsiyanın təməli) sübuta yetirilməsi həmin əmlakın ümumi birgə mülkiyyət kimi qəbul olunması (prezumpsiyanın nəticəsi) üçün yetərlidir. Başqa sözlə, əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. Sözügedən Qərarın 6-cı bəndində ər-arvadın ümumi əmlakının bölgüsü qaydası, yarımbənddə isə payların müəyyən edilməsi belə nəzərdə tutulmuşdur. Belə ki, 6.18. Məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). 6.19. Paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır. Bu, Ailə Məcəlləsinin 36.4-cü maddəsinin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı bölünərkən onların tələbi ilə hər birinə çatacaq əmlakın müəyyən edilməsi tələbindən irəli gəlir. 6.20. Bölüşdürmə aparılması üçün əvvəlcə ümumi əmlaka daxil olan bütün aktivlərin və passivlərin dəyəri müəyyən edilir (məsələn, hər biri 100.000 manat olan iki mənzil, 50.000 manat qiyməti olan torpaq sahəsi, 50.000 manatlıq avtomobil və ərin adına olan 12 60.000 manat bank əmanətindən ibarət aktivin ümumi dəyəri - 360.000 manat, ərin adına rəsmiləşmiş kredit borcu isə 60.000 manat), həmin dəyər paylara müvafiq bölünür (məsələn, hər birinə ½ payla 180.000 manat aktiv, 30.000 manat passiv düşür), buna uyğun olaraq ayrı-ayrı predmetlər ərin və arvadın paylarına, daxil edilməklə onlann ayrıca (fərdi) mülkiyyətinə verilir. 6.21. Bölüşdürmə zamanı konkret predmetlərin kimə verilməsi ilə bağlı əvvəlcə tərəflərin öz aralarında razılıq olub-olmadığı aydınlaşdırılmalı, belə razılıq olduqda paylaşdırma onların istəyinə uyğun aparılmalı, razılıq olmadıqda isə bölgü hər birinə eyni xarakterli predmetlər, bu da mümkün olmadıqda eyni dəyərdə müxtəlif predmetlər verilməklə həyata keçirilməlidir. Məsələn, yuxarıda göstərilən eyni dəyərdə olan mənzillərdən birinin, avtomobilin, habelə 30.000 manat əmanətin ərin, digər mənzilin, torpaq sahəsinin və 30.000 manat əmanətin isə arvadın mülkiyyətinə verilməsi, banka olan borca tərəflərin bərabər öhdəliyini tanımaqla bölgünün tamamlanması mümkündür. 6.22. Konkret predmetlər paylara daxil edilərkən tərəflərin diqqətəlayiq mənafeləri də (cinsi, yaşı, peşəsi, iş yeri, yanında qalan uşaqların mənafeyi və s.) mümkün qədər nəzərə alınmalıdır. Məsələn, ərə verilən mənzil onun iş yerinə yaxındırsa, arvad isə çalışdığı yerdən uzaqda yaşamaqla himayəsində qalan uşaqları dərsə aparıb-gətirirsə, eyni dəyərdə olan avtomobil arvada, torpaq sahəsi isə ərə verilə bilər. 6.23. Təcrübədə bölüşdürülən predmetlərin dəyərləri hər zaman pay nisbətləri ilə üst-üstə düşmür. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, ər-arvaddan birinə dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul verilə və ya başqa şəkildə kompensasiya edilə bilər (Ailə Məcəlləsi, 36.4-cü maddə, ikinci cümlə). 6.24.Bundan əlavə, məhkəmə bölgü zamanı aktiv və passivlər üzrə ər-arvad arasında əvəzləşdirmə də apara bilər. Məsələn, yuxarıdakı misalda məhkəmə arvadın bank əmanəti üzrə 30.000 manat ərdən alacağını, arvadın ərin adına rəsmiləşmiş kredit borcuna görə 30.000 manat öhdəliyi ilə əvəzləşdirməklə, 60.000 manat əmanətin və eyni məbləğdə kredit borcunun tam olaraq ərə aid olmasına, qalan predmetlərin isə yuxarıda göstərilən qaydalara uyğun bölüşdürülməsinə qərar verə bilər.

İşə baxan məhkəmənin mövqeyi

Məhkəmə iddia tələbləri üzrə qeyd edir ki, ümumi mülkiyyət hüququnun yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə 20 aprel 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Göründüyü kimi, qanunverici hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün aşağıdakı şərtlərin olmasını zəruri hesab etmişdir: - əmlakın nikah müddətində əldə olunması, - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması, - əmlakın əvəzli, yəni nikah müddətində ər-arvadın (onlardan birinin) əvəzli əqdlər əsasında əldə olunması. Qeyd edilməlidir ki, ümumi qaydaya əsasən, qanunverici nikah dövründə əldə olunmuş əmlakın ər-arvadın birgə mülkiyyət sayılmasına dair prezumpsiya müəyyən etmişdir. Prezumpsiya dedikdə, bəlli bir (əsas qaydanın təməlini təşkil edən) hadisədən hərəkət edilərək bəlli olmayan digər bir halın təsbit olunması başa düşülür. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Məsələn, AM-in 32.1-ci maddəsindəki prezumpsiya baxımından əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsi kifayət edir ki, prezumpsiyanın nəticəsi kimi həmin əmlak ümumi birgə mülkiyyət kimi qəbul olunsun. Bununla belə, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Belə ki, həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar verməklə prezumpsiyanı aradan qaldıra bilər. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar AM-in 34.1-ci maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Göründüyü kimi, əgər hər hansı əmlak ailənin ümumi təsərrüfatı hesabına deyil, nikahdan əvvəl, bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd nəticəsində əldə edilmişdirsə, bu hal ümumi qaydanı (prezumpsiyanı) istisna edir. Yəni, əmlak üzərində ərin (arvadın) şəxsi mülkiyyət vəziyyəti (hüququ) tanınır. Beləliklə, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Beləliklə, mülki işin materialları, o cümlədən, tərəflərin izahatları ilə müəyyən edilir ki, tərəflər xx.xx.2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, bu nikahdan 3 övladları dünyaya gəlmiş, xx.xx.2023-cü il tarixdə məhkəmənin qətnaməsi ilə nikaha xitam verilmişdir. Cavabdeh nikahdan əvvəl - xx.xx.2007-ci il tarixli müqavilə əsasında ünvan 1 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, 3 otaqdan ibarət ümumi sahəsi 116.18 kv.m olan 226 saylı mənzili əldə etmişdir. Tərəflərin birgə nikah dövrü ərzində mənzilin ümumi dəyəri olan 60413.60 manat pulun 15776,37 manat hissəsi ödənilmişdir. Bu hal ödəniş cədvəli ilə təsdiqini tapmaqla yanaşı, cavabdeh tərəfindən də təkzib edilməmişdir. Cavabdeh ödənişlərin onun tərəfindən deyil, valideyni – atası tərəfindən aparıldığını, özünün həmin dövrdə hər hansı gəlirinin olmadığını bildirsə də, bəyan etdiklərini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, birgə nikah dövründə - tərəflərin birgə təsərrüfat apardıqları müddət ərzində, yəni xx.xx.2008-ci il tarixdən etibarən müqavilə üzrə son ödəniş tarixi olan xx.xx.2009-cu il tarixədək ödənilmiş 15776,38 manat məbləğində pul vəsaitinin ½ hissəsi olan 7888 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia ərizəsində göstərilən həmin 7888 manatın mənzilin o vaxtkı dəyəri olan 61413.60 manatın 13,05 faizini təşkil etdiyini; bu səbəbdən mənzilin indiki dəyəri olan 300000 manatın 13.05 faizinin – 39150 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab etmir. Belə ki, tərəflərin birgə nikah dövründə əldə edilməyən mənzilə görə birgə nikah dövründə ödədikləri məbləğ 15776,37 manat olmuşdur. Həmin məbləğin də yarısı iddiaçının payına düşdüyündən, məhkəmə hesab edir ki məhz həmin məbləğin cavabdehdən tutulması qanuni və ədalətlidir. Əks təqdirdə mənzilin ehtimal edilən bazar dəyərinin 13.05 faizinin iddiaçının xeyrinə tutulmasının qanuni əsası olmadığı kimi, ədalət qətnamənin qəbul edilməsi və iddiaçının əsassız varlanması ilə nəticələnəcəkdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin faktiki əsası (faktiki hallar) tələbin mənzilin ehtimal edilən bazar dəyərinin 13.05 faizinin iddiaçının xeyrinə tutulması qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından iddiaçının iddiası əsaslı sayıla və təmin edilə bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ünvan 2 ünvanında yerləşən bina 1, blok 4, mərtəbə 11, ümumi sahəsi 116.18 kvm olan 226 (yeni 274) sayılı mənzil üçün tərəflərin birgə nikah dövründə aparılan 15776.37 manat ödənişinin ½ hissəsi olan 7888 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən, təxminən 20% həddində təmin edildiyindən mediasiya prosesində iştirak üçün ödənilmiş 61 manatın 12 (on iki) manatı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 147 manatın 29 (iyirmi doqquz) manatı, ümumilikdə 41 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7778 (yeddi min yeddi yüz yetmiş səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Mediasiya sessiyası üçün ödənilmiş 61 manatın 12 (on iki) manatı və mülki iş üzrə ödənilmiş 147 manat məbləğində dövlət rüsumunun 29 (iyirmi doqquz) manatı, ümumilikdə 41 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar