Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1307/2025 01.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 28350 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ona aldatma və etibarından sui istifadə etməklə külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Belə ki, Cavabdeh onun oğlu X1 X2 “BMV F 10” markalı avtomobil gətirilməsi və onun adına rəsmiləşdirilməsinə dair yalan vədlər verərək etibarından sui istifadə etməklə 2021-ci ilin dekabr ayında ünvan 1 ünvanında 6000 manat, 06 yanvar 2022-ci il tarixində həmin ünvanda 10000 manat, 2022-ci ilin fevral ayında həmin ünvanda 1700 manat, 2022-ci ilin mart ayında həmin ünvanda hissə-hissə 400 manat, 500 manat, 300 manat olmaqla, cəmi 1200 manat, 2022-ci ilin aprel ayında həmin ünvanda hissəhissə olmaqla 600 manat, 500 manat, 400 manat, 500 manat olmaqla, cəmi 2000 manat, 2022-ci ilin may ayında həmin ünvanda hissə-hissə 300 manat, 700 manat, 200 manat və 400 manat olmaqla, cəmi 1600 manat, 2022-ci ilin iyun ayıında həmin ünvanda hissəhissə 400 manat, 200 manat, 300 manat olmaqla, cəmi 900 manat, 2022-ci ilin oktyabr ayında hissə-hissə 1700 manat və 1000 manat olmaqla, cəm 2700 manat, 2022-ci ilin noyabr ayında 200 manat, ümumilikdə 28350 manat pulunu ələ keçirmişdir. Onun etibarından sui-istifadə edərək 28350 manat pul vəsaitini dələduzluq yolu ilə cavabdeh tərəfindən ələ keçirməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(101)-822/2024 saylı hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2024-cü il tarixli, 1(103)-1053/2024 saylı qərarı ilə tam sübuta yetirilmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclası zamanı Cavabdeh məhkəməyə ünvanladığı ərizəsində göstərmişdir ki, o, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı cəza çəkmə müəssisəsində məhkumluq həyatını yaşayır. İddiaçı ona qarşı 28350 manat pulun alınması barədə olan iddia ərizəsini qəbul etmir. Belə ki, İddiaçı 10000 manat müqabilində 2011-ci il buraxılışlı, yaş asfalt rəngli “BMV” markalı avtomobil vermiş, onun iddiaçıya heç bir borcu yoxdur. Təyin olunmuş məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Cavabdeh ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(101)- 822/2024 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək yeddi il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Həmin cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs olmuşdur. Məhkəmə iddiaçını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddia tələbinin əsaslılığına gəlincə isə məhkəmə qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı). Yəni sübutetmədə bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktiki hallara, yəni iddia tələbinin faktiki əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. İşin araşdırılan halları ilə müəyyən olundu ki, Cavabdeh 2021-2022-ci illərdə İddiaçı müxtəlif vaxtlarda ümumilikdə 28350 manat pulunu ələ keçirərək (bu hal qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(101)-822/2024 saylı hökmü ilə təsdiq olunur) ona qarşı dələduzluq etdiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 1(101)- 822/2024 saylı hökmünə əsasən Cavabdeh ayrı-ayrı şəxslərə qarşı, o cümlədən İddiaçı dələduzluq edərək onun 28350 manat pulunu ələ keçirmişdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək yeddi il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı mövqeyə görə preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 28350 manat məbləğində dəymiş zərəri tələb etməkdə haqlıdır. Digər tərəfdən, məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zaman əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi hallar, yəni, iddiaçıya 10000 manat müqabilində 2011-ci il buraxılışlı, yaş asfalt rəngli “BMV” markalı avtomobil verməsini, onun iddiaçıya heç bir borcunun olmamasını göstərsə də, cavabdeh bu halları təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda da, cavabdehin iddiaya qarşı olan etirazı məhkəmədə təsdiqini tapmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin iddiaya qarşı etirazı əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 28350 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan 04 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 175,05 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddələrin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 175,05 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 28350 (iyirmi səkkiz min üç yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh 175 (bir yüz yetmiş beş) manat 05 (beş) qəpik dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(055)-1307/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1307/2025
01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver