Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-135/2024 24.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7000 manat pulun, 90 manat ödənilmiş dövlət rüsumunun və 100 manat xidmət haqqının, cəmi 7190 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun əmisi oğludur. Cavabdeh əvvəllər də ondan borc almış, lakin borcunu qaytarmışdır. Təxminən iki ilə yaxındır ki, Cavabdeh ondan 7250 manat borc istəmiş, o da özündə olan 4250 manat pulun üzərinə əmisi Əbil Mecdunovdan borc aldığı 3000 manat pulu da qoyaraq, ümumilikdə 7250 manat pulu cavabdehə vermişdir. Həmin vaxt cavabdeh ona Bakı şəhərinə ləpə göndərərək alver etdiyini, ondan aldığı pulu götürdüyü malın pulunu ödədikdən sonra, yəni səhəri günü qaytaracağını bildirmişdir. Onların arasında borcla bağlı faiz söhbəti olmamışdır. O, cavabdehə 2021-ci ilin dekabr ayında borc vermiş, cavabdeh isə bir günlük borc aldığını, həmin günün səhəri borcunu qaytaracağını desə də, iki ay sonra 7250 manat borc məbləğindən 250 manat qaytarmış, qalan 7000 manat borcu isə tələb etməsinə baxmayaraq, hazırki vaxtadək qaytarmamışdır. Ona görə də Cavabdeh 7000 manat pulun, 90 manat ödənilmiş dövlət rüsumunun və 100 manat xidmət haqqının, cəmi 7190 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2019-cu ildə evində xəstə olduğu üçün pula ehtiyacı olmuş, iddiaçıdan 2000 manat borc almış, 2020-ci ildə isə həmin pulu iddiaçıya qaytarmışdır. İddiaçı daha sonra ona verdiyi 2000 manat pulu ayrı adamdan faizlə götürdüyünü bildirmiş, o da iddiaçıya 2000 manat borca görə əlavə olaraq 1300 manat faiz borcu vermişdir. İddiaçının hazırda ona qarşı qaldırdığı iddia əsassızdır. Onun iddiaçıya heç bir borcu yoxdur. Həmçinin iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb, həmçinin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, İddiaçı və Cavabdeh əmisidir. 2021-ci ilin dekabr ayında İddiaçı ona 3000 manat pul lazım olduğunu, iki gün ərzində qaytaracağını demişdir. O, Raufdan nəyə görə pula ehtiyacı olduğunu soruşduqda Rauf ona səbəbini deməmiş, o, 3000 manat pulu Raufa vermişdir. Daha sonra, həmin gün o, mağazaya gedəcəyi üçün Raufla birgə maşınla getmiş, Raufun maşınında da pul olduğunu görmüş, həmin pulun nə olduğunu Raufdan soruşduqda pulu bir nəfərə verəcəyini demiş, məbləğinin isə 4000 manatdan artıq olduğunu bildirmişdir. Rauf maşınla bir marketin yanına gedərək saxlamış, o da həmin vaxt Raufun maşınında olmuş, Zahir də “VAZ 2107” markalı maşınla gəlib onların yanında dayanmış, Raufun maşından düşərək 4000 manatdan bir qədər artıq olan və 3000 manat pulu Cavabdeh ilə görüşərək ona verdiyini görmüş, Cavabdeh pulları saydıqdan sonra götürmüş, daha sonra onlar bir qədər söhbət etmiş və ayrılmışlar. Cavabdeh marketin yanında göy rəngə oxşar rəngdə “VAZ 2107” markalı maşında oturmuş, pulu aldıqdan sonra həmin maşına qayıtmış, Rauf da onun yanına gəlmiş, daha sonra onu mağazanın yanında düşürdüb getmişdir. O, Raufun ondan pul aldığı və Zahirə verdiyi vaxt Cavabdehla küsülü olmuşdur. O, 1200 manat pensiya alır və Raufa verdiyi 3000 manat pulu ot çardağı düzəltdirmək üçün yığmışdır. Raufa bildirmişdir ki, ondan aldığı pulu Zahirə verəcəyini bilsəydi, həmin pulu ona verməzdi. Danışdığı hadisələri özü dəqiqliklə xatırlayır. İddiaçı ona ifadəsində göstərdikləri ilə bağlı heç bir şey deməmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizəsindən görünür ki, Cavabdeh İddiaçı ona qarşı məhkəmədə qaldırdığı iddianı qəbul etmədiyini, iddiaçıdan 2019-cu ildə 2000 manat borc aldığını və həmin borcu 2020-ci ilin əvvəlində qaytardığını, buna görə də iddianın əsassız olduğunu, həmçinin iddiaçının iddia müddətini ötürdüyünü bildirmiş və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan halları, iddiaçının izahatı və şahidin ifadəsi ilə müəyyən olundu ki, Cavabdeh 2021-ci ilin dekabr ayında İddiaçı 7250 manat borc almış, həmin borcu bir gün ərzində qaytaracağı barədə öhdəlik götürsə də, borc məbləğindən sadəcə 250 manat ödəmiş, lakin qalan 7000 manat borcu iddiaçı ondan tələb etsə də, hazırki vaxtadək qaytarmamışdır. Buradan da görünür ki, Cavabdeh İddiaçı qaytarmaq şərti ilə 7250 manat məbləğində borc almış, lakin həmin borcun ödənilməmiş qalan 7000 manat hissəsini hazırki vaxtadək iddiaçıya ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Göstərilən hallar məhkəmə iclasında şahid qismində dindirilmiş X2 dəqiq, aydın və qərəzsiz ifadəsi ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 7000 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Cavabdeh məhkəmə baxışı iclasında verdiyi izahatında iddiaçıdan 2019-cu ildə 2000 manat borc aldığını, 2020-ci ildə həmin borcu və əlavə olaraq 1300 manat faiz borcunu iddiaçıya qaytardığını göstərmiş, lakin hazırki mülki işin hazırlıq iclası zamanı Cavabdeh iddiaçıdan 2019-cu ildə 2000 manat borc aldığını, 2020-ci ildə isə həmin borcu və əlavə olaraq 1000 manat faiz borcunu iddiaçıya qaytardığını göstərmişdir. Göstərilən hal, yəni cavabdehin bir iclasda iddiaçıdan aldığı borca görə ona 1000 manat, digər iclasda isə 1300 manat faiz borcu qaytardığını göstərməsi özü-özlüyündə cavabdehin izahatında göstərdiklərinin doğruluğunu şübhə altına alır. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh iddiaçıdan 2021-ci ildə deyil, 2019-cu ildə 2000 manat borc aldığını, 2020-ci ildə isə həmin borcu faizi ilə birlikdə iddiaçıya qaytardığını, iddiaçıya heç bir borcu olmadığını bildirmiş və məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçının iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyini, buna görə də iddia müddətinin tətbiq edilməli olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Cavabdeh 2019-cu ildə iddiaçıdan 2000 manat borc aldığını, həmin borcu 2020-ci ildə qaytardığını, hazırda iddiaçıya heç bir borcu olmadığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdehin göstərdiyi həmin hallar, yəni onun 2021-ci ildə deyil, 2019-ci ildə iddiaçıdan borc alması və onu qaytarması, hazırda iddiaçıya heç bir borcunun olmaması halı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçının göstərdikləri isə, yəni cavabdehin iddiaçıdan 2021-ci ildə borc alması və hazırki vaxtadək həmin borcun ödənilməmiş qalan 7000 manat hissəsini qaytarmaması halı məhkəmə iclasında öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürməmişdir. Odur ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 7000 manat məbləğində borc alınaraq İddiaçı verilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 12 dekabr 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı 90 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 manat dövlət rüsumu və 100 manat vəkil xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu və 100 (bir yüz) manat vəkil xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-135/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-135/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver