Məhkəmə qərarları › İş №2(055)-1352/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1352/2025

24.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1352/2025 24.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2596 manat borcun və ödənilmiş 46 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahatında göstərdi ki, 25 dekabr 2024-cü il tarixdə Cavabdeh pula ehtiyacı olduğu üçün ondan 2832 manat borc istəmiş, o da cavabdehi tanıdığı üçün ona etibar etmiş və 2832 manat pulu cavabdehə borc vermiş, cavabdeh də həmin borcu 24 dekabr 2025-ci il tarixədək hissə-hissə qaytaracağını demiş və həmin vaxt cavabdeh üzərində şəxsiyyət vəsiqəsinin surəti olan 25 dekabr 2024-cü il tarixli qəbzə imza edərək 2832 manat pulu ondan təhvil almışdır. Cavabdeh ondan aldığı borcdan 236 manat ödəmiş, qalan 2596 manat borcu qaytarmamışdır. Dəfələrlə cavabdehdən borcunu qaytarmağı tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmamışdır. Bundan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə prosesi müddətində cavabdeh ona 700 manat vermiş və qalan 1896 manat borcu qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq, hazırki iddiasının qismən təmin edilməklə Cavabdeh 1896 manat məbləğində borcun və ödənilmiş 46 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş üzərində Cavabdeh şəxsiyyət vəsiqəsinin surəti olan 25 dekabr 2024-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh öz imzası ilə və xətti ilə təsdiq etmişdir ki, 25 dekabr 2024-cü il tarixdə İddiaçı 2832 manat borc almış və 24 dekabr 2025-ci il tarixədək həmin borcu hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iclasında iddiaçının izahatı və iddiaçının məhkəməyə sübut növü kimi təqdim etdiyi 25 dekabr 2024-cü il tarixli qəbzlə 2832 manat pulun cavabdeh tərəfindən iddiaçıdan alınması halı məhkəmədə öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçı baxışı iclasında xahiş etmişdir ki, hazırki vaxtadək cavabdehin ona 1896 manat borclu olmasının nəzərə alınıb iddiasının qismən təmin edilməsinə etirazı yoxdur. Buradan da görünür ki, Cavabdeh İddiaçı qaytarmaq şərti ilə 2832 manat məbləğində borc almış, lakin hazırki vaxtadək cavabdehin iddiaçıya 1896 manat qaytarılmayan borcu qalmış və cavabdeh iddiaçıya həmin borcu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 1896 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1896 manat borc alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 25 avqust 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1896 (bir min səkkiz yüz doxsan altı) manat alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar