Məhkəmə qərarları › İş №2(055)-136/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-136/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-136/2024 10.01.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı “Saatlı-Taxıl” şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3547,85 manat pulun, 56 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının, cəmi 3703,85 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı izahatında göstərdi ki, Cavabdeh qarşı 3547,85 manat pulun, 56 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının, cəmi 3703,85 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddianı müdafiə edir. Cavabdeh “Saatlı-Taxıl” şirkətində bişirilən çörəyi ondan nisyə götürərək satış məntəqələrinə paylamağı və payladıqdan sonra çörəyin pulunu ödəməyi təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Cavabdeh 09 noyabr 2022-ci il tarixdən 22 avqust 2023-cü il tarixədək “Saatlı-Taxıl” şirkətində bişirilən ümumilikdə 49106,66 manat dəyərində 144,966 ədəd çörək götürmüş, götürdüyü çörəklərin pulundan ümumilikdə 45558,81 manat ödəmiş, lakin 3547,85 manat borcu ödəməmişdir. Buna görə də Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmə baxışına təyin edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş “Saatlı-Taxıl” şirkətinin nəzdində olan çörək sexində bişən çörəkdən Saatlı rayonu Bəylər kənd sakini Cavabdeh 09 noyabr 2022-ci il tarixdən 22 avqust 2023-cü il tarixədək olan dövr ərzində satmaq üçün nisyə götürdüyü çörəyin və ödədiyi pulun aylar üzrə üzləşmə cədvəli, “Saatlı-Taxıl” şirkətinin təsisçilərinin 31 avqust 2021-ci il tarixli qərarı, “Saatlı-Taxıl” şirkətinin təsisçilərinin ümumi yığıncağının 10 iyun 1997-ci il tarixli protokolu, “Saatlı-Taxıl” şirkətinin nizamnaməsində edilmiş 2021-ci il tarixli dəyişiklik və vergi uçotuna alınmış vergi ödəyiciləri barədə İnternet Vergi İdarəsindən çıxarışla müəyyən olunur ki, Cavabdeh satmaq üçün nisyə şəkildə götürdüyü çörəklərin mülkiyyətçisi İddiaçı təsisçilərindən biri və direktoru olduğu hüquqi şəxs olan “Saatlı-Taxıl” şirkəti olmuşdur və mübahisə predmeti olan borc məbləği İddiaçı deyil, “Saatlı-Taxıl” şirkətinə ödənilməli olan borcdur. Göstərilənlərə əsasən, məhkəmə tərəfindən iddiaçıya hazırkı idiaçının əsl iddiaçı olan “Saatlı-Taxıl” şirkəti ilə əvəz edilməsi təklif edilmiş, iddiaçı məhkəməyə ərizə təqdim edərək onun əsl iddiaçı “Saatlı-Taxıl” şirkəti ilə əvəz edilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən İddiaçı əsl iddiaçı olan “Saatlı-Taxıl” şirkəti ilə əvəz etmiş və “Saatlı- Taxıl” şirkətinin təsisçilərinin 31 avqust 2021-ci il tarixli qərarı və “Saatlı-Taxıl” şirkətinin təsisçilərinin ümumi yığıncağının 10 iyun 1997-ci il tarixli protokolu ilə şirkətin təsisçisi və direktoru olan İddiaçının səlahiyyətli nümayəndəsi kimi qəbul etmişdir. İddiaçı “Saatlı-Taxıl” şirkətinin nümayəndəsi İddiaçı iştirakı ilə məhkəmə iclası davam etdirilərək işin məhkəmə aidiyyəti müzakirə edilmişdir. İddiaçının nümayəndəsi İddiaçı işin məhkəmə aidiyyəti üzrə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddiaçı “Saatlı-Taxıl” şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işin materialları aidiyyəti üzrə baxılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin birbaşa mənasından başa düşülür ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması- mülki, ailə, iqtisadi və.s) yoxlamalıdırlar. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İşdə materiallarına əlavə edilmiş 12 dekabr 2023-cü il tarixli 479 saylı arayışdan görünür ki, Cavabdeh Saatlı rayonu Bəylər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə İnternet Vergi İdarəsindən çıxarışla müəyyən olunur ki, Cavabdeh (VÖEN **********) 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi olan fiziki şəxs kimi qeydə alınmışdır. İş materiallarından göründüyü kimi Saatlı rayonu Bəylər kəndində yaşayan Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi ödəyəcisi olmaqla, cavabdeh iddiaçı “Saatlı-Taxıl” şirkəti isə hüquqi şəxs kimi sahibkarlıq fəaliyyətinin subyektləridirlər. Həmçinin tərəflər arasında olan mübahisə isə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı və cavabdeh hər ikisi sahibkarlıq fəaliyyətinin subyektləri olduqlarından və tərəflər arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduğundan mübahisənin predmetinə, hüquq münasibətinin xarakterinə və işdə iştirak edən şəxslərin sübyektiv tərkibinə görə işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayonu Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı “Saatlı-Taxıl” şirkətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işin materialları baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1, 26.1, 32, 263-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı “Saatlı-Taxıl” şirkətinin Cavabdeh qarşı pul tələbinə dair 2(055)-136/2024 saylı mülki işin materialları məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar