Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1373/2023 21.12.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1300 manat məbləğində vurulmuş ziyanın və ödənilmiş 33 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, birinci qrup əlildir. Dəvət aldığı toy, nişan və digər şənliklərdə özünə məxsus “Yamaha” markalı musiqi aparatı olan sentezatorda ifa edir. 17 sentyabr 2023-cü ildə həmkəndlisi X4 həyətində təşkil edilən toy məclisində musiqiçi kimi iştirak edən zaman cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında mahnı üstündə yaranmış münaqişə səbəbindən ona məxsus “Yamaha” markalı bir ədəd səsgücləndirici aparat zədələnmiş və həmin aparata məxsus avadanlığın bir ədəd ayağı və digər iki ədəd ayaqlıq sınmışdır. Bununla bağlı olaraq o, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Saatlı rayon Polis Şöbəsinə etdiyi şikayət əsasında təhqiqatçı tərəfindən müvafiq araşdırma aparılmış, lakin cavabdehlərin əməllərində cinayət tərkibi olmadığından təhqiqatçı qərar qəbul edərək cinayət işin başlanmasını rədd etmiş, ona isə izah etmişdir ki, bir ədəd səsgücləndirici aparat zədələnməsi və həmin aparata məxsus avadanlığın üç ədəd ayaqları sınması cavabdehlərin hərəkətləri ilə səbəbli əlaqə daşıdığından cavabdehlərə qarşı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ vardır. O, zədələnmiş aparatları Bakı şəhərində təmirə aparmış və məlum olmuşdur ki, cavabdehlərin toyda etdikləri münaqişə nəticəsində ona 1300 manat məbləğində ziyan dəymişdir. Məhkəmədən kənar qaydada həmin 1300 manat ziyanı cavabdehlərdən tələb etmiş, lakin cavabdehlər ona cəmi 200 manat pul verəcəklərini bildirərkən onlarla razılaşmamış və cavabdehlərə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, cavabdehlər arasında toyda olan münaqişənin səbəbli əlaqəsi kimi ona dəyən zərərin aradan qaldırılması məqsədi ilə 1300 manat pulun və ödənilmiş 33 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, 17 sentyabr 2023-cü ildə həmkəndlisi X4 həyətində təşkil edilən toy məclisində qonaq kimi iştirak etmiş və təxminən saat 21 radələrində onun, Cavabdeh1 və Cavabdeh3 arasında mahnı üstündə mübahisə yaranmışdır. Onlar toy mağarından çölə çıxaraq mağarın arxa hissəsində mübahisələrini davam etdirərkən orada olan insanlardan kiminsə toxunması səbəbindən İddiaçı məxsus olan səsgücləndirici aparat yerə düşərək zədələnmişdir. Həmin vaxt o, səsgücləndiriciyə toxunmamış, aparata toxunan şəxsin isə kim olduğunu bilmir. Bundan sonra İddiaçı ona, Yəhyaya və Zabilə qarşı şikayətçi olaraq polisə ərizə vermişdir. Polisdə müvafiq araşdırma aparıldıqdan sonra barələrində olan cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bütün bunlara baxmayaraq həmkəndli kimi dəyən ziyanın aradan qaldırılması üçün Hidayətə təklif etmişlər ki, 200 manat pul verməyə imkanları var, ya da səsgücləndirici aparatı versin, onlar özləri təmir etdirsinlər. Lakin, İddiaçı razılaşmayaraq 1300 manat məbləğində ziyanın ödənilməsini onlardan tələb etmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh3 digər Cavabdeh2 izahatında göstərilən xüsusatları təsdiq edərək iddianı etiraf etmədi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, 17 sentyabr 2023-cü ildə X4 həyətində təşkil edilən toy məclisində musiqiçi kimi iştirak etmiş və iddiaçı ilə birlikdə olmuşdur. Təxminən saat 21 radələrində toy mağarında mahnı üstündə münaqişə yaranan zaman İddiaçı məxsus bir ədəd səsgücləndirici aparata, bir ədəd ayaqlığa və musiqi aləti olan sintezatora ziyan dəymişdir. Toyda münaqişə yaradanları şəxsən tanımasa da, sonradan ona məlum olmuşdur ki, həmin şəxslər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olmuşlar. İşdə olan və məhkəmə iclasında elan edilmiş səs, səhnə və işıq avadanlıqlarının satış təklif-qiymət siyahısından görünür ki, “Yamaha S5115v” markalı səsgücləndiricinin bir ədədinin qiyməti 1000 manat, həmin aparata aid olan ayaqlığın bir ədədinin qiyməti 85 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 27 sentyabr 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 barəsində cinayət işi başlanmasının rədd edilmiş, qərarın surətinin İddiaçı verilməklə ona dəymiş ziyanla bağlı mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda toy sahibi X6 göstərmişdir ki, 17 sentyabr 2023-cü ildə yaşadığı evin həyətində oğluna kiçik toy məclisi keçirmiş və həmin məclisdə həmkəndliləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qonaq qismində iştirak etmişlər. Təxminən saat 21 radələrində onların arasında mahnı üstündə mübahisə yaranmış, Yəhya, Amid və Zabil mağardan çölə çıxaraq mağarın arxa tərəfində mübahisələrini davam etdirmişlər. Həmin vaxt kiminsə toxunması nəticəsində toyda musiqiçi kimi iştirak edən İddiaçı məxsus “Yamaha” markalı bir ədəd səsgücləndirici aparat yerə aşaraq zədələnmiş və həmin aparata məxsus avadanlığın üç ədəd ayaqları sınmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materialları araşdırılarkən işdə iştirak edən tərəflərin izahatları, şahidin ifadəsi və işdə olan sənədlərlə müəyyən olundu ki, iddiaçıya məxsus olan “Yamaha” markalı bir ədəd səsgücləndirici aparatın və həmin aparata aid ayaqlığın mexaniki zədə alması tam təsdiq olunur. Belə ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 17 sentyabr 2023-cü ildə X4 həyətində təşkil edilən toy məclisində aralarında musiqi üstündə yaranan münaqişə vaxtı iddiaçıya məxsus səsgücləndirici aparata və həmin aparata aid ayaqlığa zərər dəydiyini etiraf edirlər, şahid X3 da bu halı təsdiq edir, lakin cavabdehlər iddiaçıya məxsus həmin aparatlara dəyən ziyanın onlar tərəfindən vurulmadığını göstərsələr də, iddiaçıya məxsus aparatlara zərər vuran şəxsin onlara məlum olmadığını göstərirlər. Məhkəmə iş üzrə müəyyən olunmuş halları nəzərə alaraq hesab edir ki, 17 sentyabr 2023cü ildə X4 həyətində təşkil edilən toy məclisində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında baş verən münaqişə zamanı iddiaçıya məxsus “Yamaha” markalı bir ədəd səsgücləndirici aparatın və həmin aparata məxsus avadanlığın zədələnməsi, cavabdehlərin toy məclisində etmiş olduğu həmin hərəkətlərin (münaqişənin) səbəbli əlaqəsi nəticəsində baş vermişdir. Buradan da, görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona dəymiş ziyanı tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin “Yamaha S5115v” markalı səsgücləndirici aparatının bir ədədinin qiymətinin 1000 manat, həmin aparata aid olan ayaqlığın bir ədədinin qiymətinin 85 manat olmasına dair işdə olan səs, səhnə və işıq avadanlıqlarının satış təklif-qiymət siyahısını mötəbər sübut kimi qəbul edərək, həmçinin hadisənin bilavasitə şahidi olan musiqiçi X1 ifadəsi ilə üç ədəd ayaqlığın deyil, bir ədəd ayaqlığın zədələnməsinin müəyyən edildiyini nəzərə alaraq iddiaçının cavabdehlərdən vurulmuş ziyana görə 1300 manat deyil, 1085 manat tələb etməsini haqlı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vurulmuş zərərin əvəzi olaraq müştərək qaydada 1085 manat pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 26 oktyabr 2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 33 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vurulmuş zərərin əvəzi olaraq müştərək qaydada 1085 (bir min səksən beş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumu cavabdehlərdən mütərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-1373/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1373/2023
21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver