Məhkəmə qərarları › İş №2(055)-1375/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1375/2025

15.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1375/2025 15.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2277.40 manat məbləğində dəymiş ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Saatlı Rayon Məhkəməsinin 1(055)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2024-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra 28 yanvar 2025-ci il tarixdə şöbənin probasiya üzrə sabiq böyük icra məmuru məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor, bir ədəd kaburo quraşdırılaraq məhkum Cavabdeh təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin, cavabdeh mobil nəzarət qurğusunu 25 aprel 2025-ci il tarixdə zədələyərək onu yararsız vəziyyətə gətirmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə-təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277.40 manat hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı xəbərdarlıq edilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum həmin məbləği ödəməkdən imtina etmişdir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277.40 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göstərilən mülki iş üzrə İddiaçı rəisi X4 məhkəməyə ünvanladığı ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair təyin olunmuş məhkəmə iclasında İddiaçı Probasiya üzrə icra məmuru vəzifəsi vakant olduğundan, iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında işə baxılaraq iddianın tam təmin olunasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı rəisi X4 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddianı qəbul etmir. Ona qarşı vurulmuş maddi ziyanın ödənilməsi barədə iddia qaldırılmış, halbuki o, həmin ziyanı vurmamışdır. O, həmin elektron qolbağı sındırmamış, elektron qolbaq ona verilən vaxtdan pis işləmişdir. Gün ərzində 2-3 dəfə enerji ilə təmin etməli olmuşdur. Mobil qurğu sönən gün isə onu enerji ilə təmin etməyə cəhd göstərsə də mobil qurğu aktivləşməmişdir. Dərhal İddiaçınə getmiş, şöbənin mühafizəçisinə yaranmış vəziyyəti bildirmiş, mühafizəçi isə həftənin şənbə günü olduğu üçün həftənin birinci günü şöbəyə gəlməsini bildirmişdir. Həftənin birinci günü şöbəyə gəlmiş, akt əsasında mobil qurğu ondan təhvil götürülmüş, yenisi tətbiq edilmişdir. Əlavə olaraq bildirir ki, elektron nəzarət qurğusunun enerji saxlaması zəifləmiş və bu barədə də şöbənin probasiya üzrə sabiq böyük icra məmuru X3 məlumat vermişdir. Elektron nəzarət vasitəsinin yararsız olmasında onun təqsiri yoxdur. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 1(055)-33/2024 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddəti ərzində Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş və hökmün icrası İddiaçınə tapşırılmışdır. İşdə olan 28 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Cavabdeh bir ədəd “ATTENTİ” markalı S/N 35633919 nömrəli mobil qurğu, 078CE07820 nömrəli bir ədəd elektron qolbaq işlək vəziyyətdə tətbiq edilmiş, bir ədəd kaburo, bir ədəd adaptor təhvil verilmişdir. İşdə olan 28 aprel 2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd “ATTENTİ” markalı S/N 35633919 nömrəli mobil qurğu, 078CE07820 nömrəli bir ədəd elektron qolbaq işlək olmayan vəziyyətdə, bir ədəd adaptor, bir ədəd kaburo təhvil götürülmüş və Cavabdeh S/N 35640325 nömrəli mobil qurğu, 078CE27843 nömrəli bir ədəd elektron qolbaq işlək vəziyyətdə tətbiq edilmiş və bir ədəd adaptor təhvil verilmişdir. İşdə olan 28 aprel 2025-ci il tarixli aktdan görünür ki, “ATTENTİ” markalı S/N 35633919 nömrəli mobil qurğu işlək olmayan vəziyyətdə, 078CE07820 nömrəli bir ədəd elektron qolbaq və adaptor işlək vəziyyətdə Cavabdeh təhvil götürülmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” ED 000704 nömrəli mütəxəssis rəyindən görünür ki, istifadə qaydalarına düzgün riayət edilmədiyinə görə avadanlıq nasaz vəziyyətə salınmışdır. Təmiri mümkün deyildir. İstifadəyə tam yararsızdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş “ATTENTİ” markalı elektron nəzarət vasitələri haqqında maliyyə arayışından görünür ki, 1 ədəd “Attenti” markalı ağıllı elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 cüt klipsa və 1 ədəd proqram lisenziyasının ümumilikdə dəyəri 2277.40 manat təşkil edir. Məhkəmə cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edimiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydalarının 4.7-ci bəndinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir. Həmin vəzifələr barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər tərəfindən yerinə yetirilmədikdə, bu barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq tədbirlərin görülməsi üçün cinayət prosesini həyata keçirən orqana məlumat verilir. Həmin Qaydaların 7.5-ci bəndinə görə tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Həmin Qaydaların 8.4-8.5-ci bəndlərinə görə elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir. Birdəfəlik çıxarılmış elektron nəzarət vasitələri onun texniki vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir. İşin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh Saatlı Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 1(055)-33/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2024-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra 28 yanvar 2025ci il tarixdə şöbənin probasiya üzrə sabiq böyük icra məmuru məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd adaptor, bir ədəd kaburo quraşdırılaraq məhkum Cavabdeh təhvil verilmişdir. İddiaçı hazırda dəymiş ziyanı cavabdehdən tələb etsə də, elektron nəzarət qurğusunun zədələnməsində cavabdehin təqsirli olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-7.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxs onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi və ya qərəzli olaraq boyun qaçırdıqda icra məmuru cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi üçün məhkəməyə təqdimat verir. Həmin Məcəllənin 51-7.6.2-ci maddəsinə əsasən məhkumun elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etməsi, onu zədələməsi və ya digər üsulla yararsız vəziyyətə salması, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməməsi azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırma hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cəzanın icrasına nəzarət edən orqan olan İddiaçı tərəfindən məhkum, hazırki iş üzrə Cavabdeh barəsində cəzanın çəkilməmiş hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi haqqında təqdimat verilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh hərəkətlərində zərərin ödənilməsi üçün tələb olunan hallar, yəni zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması sübut olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə tərəflər arasındakı hazırkı münasibətlər üzrə sübutları qiymətləndirən zamanı əsaslı şübhələr yaratmayan sübut standartını qəbul edərək hesab edir ki, sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gəlməlidir. Belə ki, hər bir tərəf məhkəmədə öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli və məhkəmə də yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə yalnız əsaslı şübhə yaratmayan sübutları qəbul edir ki, onun əsaslılığı hər hansı bir hal ilə təkzib edilməsin. O da nəzərə alınmalıdır ki, məhkəməyə iddiaçı müraciət etdiyindən sübutetmə vəzifəsinin bölgüsü baxımından iddianın əsaslı olduğunu iddiaçı sübut etməlidir, cavabdeh isə iddianın əsassız olduğunu sübut etməyə borclu deyil. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 2277.40 manat məbləğində pulun tutulması barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pulun tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar