Məhkəmə qərarları › İş №2(055)-1627/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1627/2025

19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1627/2025 19.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 3339 manat əsas borc, 465 manat faiz borcu, 570 manat cərimə və 64 manat ödənilmiş dövlət rüsumu, cəmi 4438 manat məbləğində borcun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 27 fevral 2025-ci il tarixli, 1671 saylı kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə ayliq 2,5% dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə 27 fevral 2025-ci il tarixli, 71 saylı zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü kreditə görə 5200 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 1396 manat ödəniş etmiş, lakin növbəti aylarda ödəniş etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehlərə kreditin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirmədiklərndən kredit müqaviləsinin 5.4-cü maddəsinə əsasən cavabdehlərə 570 manat cərimə hesablanmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3339 manat əsas borc, 465 manat faiz borcu, 570 manat cərimə və 64 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 fevral 2025-ci il tarixli, 1671 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bu müqavilə 12 ay müddətinə aylıq 2,5% dərəcəsi ilə 4000 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 27 fevral 2025-ci il tarixli, 71 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə 27 fevral 2025-ci il tarixli, 1671 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında Cavabdeh1 ilə birgə öhdəlik daşıması ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 27 sentyabr 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı 30 sentyabr 2025-ci il tarixədək cavabdehlərdən müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi tələb edilmiş və 03 oktyabr 2025-ci il tarixində müqaviləyə xitam veriləcəyini və məhkəməyə veriləcəyini bildirmişdir. İşdə olan 13 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2nın "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 3339 manat əsas borc, 570 manat cərimə və 465 manat faiz borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin arasında bağlanmış 27 fevral 2025-ci il tarixli, 1671 saylı kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə ayliq 2,5% dərəcəsi ilə 4000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə 27 fevral 2025-ci il tarixli, 71 saylı zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü kreditə görə 5200 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 1396 manat ödəniş etmiş, lakin növbəti aylarda ödəniş etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehlərə kreditin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdehlər müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirmədiklərndən kredit müqaviləsinin 5.4-cü maddəsinə əsasən cavabdehlərə 570 manat cərimə hesablanmışdır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3339 manat əsas borc, 465 manat faiz borcu, 570 manat cərimə və 64 manat ödənilmiş dövlət rüsumunun tutulub "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsini tələb edir. Məhkəmə iclasında işin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, 27 fevral 2025-ci il tarixli, 1671 saylı müqavilə üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı tərəfindən cavabdehə 27 sentyabr 2025-ci il tarixdə bildiriş göndərilərək cavabdehlərdən 04 avqust 2025-ci il tarixədək müqavilə üzrə öhdəliklərini yerinə yetirməyi tələb edilmiş və 03 oktyabr 2025-ci il tarixində müqaviləyə xitam verilərək məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buradan görünür ki, iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 qarşı faiz borcunu məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi 03 oktyabr 2025-ci tarixədək hesablamalı və xitam verildiyi tarixdən sonrakı növbəti beş ay üçün hesablanmış 252,90 manat (xitam verilən tarixdən sonrakı beş ay üçün hesablanmış 82,01+66,95+51,25+34,88+17,81=252,90 manat) faiz çıxılaraq 212,10 manat (465 manat-252,90 manat=212,10 manat) müəyyən edilməlidir. Digər tərəfdən "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi 03 oktyabr 2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh1 3339 manat əsas borc, 212,10 manat faiz borcu, 570 manat cəriməni tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan 570 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 160 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3339 manat əsas borc, 212,10 manat faiz borcu, 160 manat cərimə (dəbbə pulu), cəmi 3711,10 manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 14 oktyabtr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 64 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3339 manat əsas borc, 212,10 manat faiz borcu, 160 manat cərimə (dəbbə pulu), cəmi 3711 (üç min yeddi yüz on bir) manat 10 (on) qəpik alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 64 (altmış dörd) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar