Məhkəmə qərarları › İş №2(055)-1918/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-1918/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-1918/2025 18.02.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 10000 manat borcun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, məhkəmə hazırlıq iclası zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək Cavabdeh 650 manat borcun və ödənilmiş 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərdi ki, əvvəldən tanışı olan və etibar etdiyi Cavabdeh 2024-cü ilin sentyabr ayından başlayaraq İmişli rayonunda yerləşən ona məxsus qeyri-ərzaq mallarının satışı ilə məşğul olan anbarından müxtəlif çeşiddə malları satmaq məqsədi ilə götürərək mağazalara paylamış, həmin malların pulundan ödənilməmiş qalan 650 manat borcunu isə hazırki vaxtadək ona qaytarmamışdır. O, həmin borcu tələb etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək 650 manat borcu ona qaytarmır. Ona görə də Cavabdeh 650 manat məbləğində borcun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclası zamanı vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı ilə razılığa gəlmişlər və onun iddiaçıya 650 manat borcu vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh ilə telefon əlaqəsi saxlanılarkən məhkəmə iclas katibinə bildirmişdir ki, səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. O, iddianı 650 manat hissədə etiraf edir və iddia ərizəsinin həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş Saatlı Rayon Məhkəməsinin məhkəmə iclas katibi tərəfindən tərtib edilmiş arayışdan görünür ki, məhkəmə iclasında iştirak etməsi məqsədi ilə Cavabdeh ilə telefon əlaqəsi saxlanılarkən cavabdeh bildirmişdir ki, səhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir, iddianı 650 manat hissədə etiraf edir və iddia ərizəsinin həmin hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinin tələbinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan halları və cavabdehin məhkəmə hazırlıq iclasında vermiş olduğu izahatı ilə müəyyən olundu ki, İddiaçı 2024-cü ilin sentyabr ayından başlayaraq müxtəlif çeşiddə qeyri-ərzaq mallarını satmaq və satışından əldə olunan pulların ona qaytarılması məqsədi ilə mağazalara paylamaq üçün Cavabdeh vermiş, lakin cavabdeh həmin malların pulundan ödənilməmiş qalan 650 manat borcunu hazırki vaxtadək iddiaçıya qaytarmamışdır. İddiaçı borcun qaytarılmasını dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmamışdır. Cavabdeh isə iddiaçıya 650 manat borcu qaldığını etiraf etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 650 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 650 manat məbləğində borc alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 20 noyabr 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 120 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırki iddianın təmin edilmiş hissəsinə münasib olaraq məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 650 (altı yüz əlli) manat alınaraq İddiaçı verilsin. İddianın təmin edilmiş hissəsinə münasib olaraq məhkəmədə iddia qaldırmaq üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar