Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-2/2023 14.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı nümayəndəsi Nümayəndə1 oğlu və Nümayəndə3, Cavabdeh1 və nümayəndəsi Nümayəndə4 oğlunun, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı 90-E-530 dövlət qeydiyyat nişanlı “MTZ 1221” markalı traktorun təmirinə çəkilmiş 9337 manat maddi ziyanın, gündəlik qazancdan məhrum olunmağına görə 1091 manat əldən çıxmış faydanın və ödənilmiş 123 manat dövlət rüsumunun, cəmi 10551 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq onun xeyrinə ödənilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərdi ki, “Aqrolizinq ASC”-dən nümayəndəsi olduğu İddiaçı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə” xx.xx.2018-ci il tarixli, 157- GL/18 nömrəli müqaviləyə əsasən kənd təsərrüfatlı təyinatlarda istifadə edilməsi üçün traktoru lizinqə götürmüşdür. 25 aprel 2021-ci il tarixdə təxminən saat 11 radələrində Saatlı-Əhmədbəyli avtomobil yolunda Saatlı rayonunun Dədə Qorqud kəndində yaşayan Cavabdeh1 idarə etdiyi “VAZ 21074 MİNİK” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi və iddiaçının istifadə və sahibliyində olan traktor toqquşmuşdur. Azərbaycan Dövlət Sığorta Şirkətinin ("xxxx") cəlb etdiyi Bakı Ekspertiza Mərkəzinin əmtəəşünas ekspertləri tərəfindən yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərərin məbləği 14337 manat müəyyən edilmişdir ki, bu məbləğin də 5000 manat məbləği xx.xx.2021-ci il tarixdə qeyd edilən sığorta şirkəti tərəfindən ödənilmişdir. Dəymiş zərərin 9337 manat qalıq hissəsini iddiaçı cavabdehdən tələb etsə də, cavabdeh iddiaçının tələbinə məhəl qoymamışdır. Bundan başqa, iddiaçının traktorun yararsız hala düşməsi və istifadə oluna bilməməsi nəticəsində ödənişlərin vaxtında aparılmadığına görə "xxxx" ASC-yə 1091 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi Nümayəndə3 da iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh1 izahatında göstərdi ki, o, İddiaçı ona qarşı məhkəmədə qaldırdığı iddianı qəbul etmir. Hesab edir ki, dəymiş ziyanın məbləği şişirdilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş rəylə ziyanın məbləği 14337 manat göstərilsə də, müstəqil ekspert Əhməd Əhmədov tərəfindən verilmiş rəyə əsasən dəymiş ziyanın məbləği 5656 manat müəyyən olunmuşdur. Bundan başqa, Azərbayca Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə sorğu ilə müraciət edərək aldığı xx.xx.2021-ci il tarixli, İCR-15597 saylı zərərin hesablanmasına dair Akta əsasən dəymiş zərərin məbləği 5260 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli rəyində isə 2018-ci il buraxılışlı “MTZ 1221” markalı, 90-E-530 dövlət qeydiyyat nişanlı traktorun ümumi zərər məbləği təxminən 14387 manat göstərilmişdir. Hesab edir ki, ən mötəbər rəy ekspert Əhməd Əhmədov tərəfindən verilmiş rəydir ki, orada dəymiş ziyanın məbləği 5656 manat müəyyən olunmuşdur. Həmin məbləğ də sığorta təşkilatı tərəfindən iddiaçıya ödənilmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə4 da Cavabdeh1 ilə eyniməzmunlu izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsaslanaraq Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında üçüncü şəxs-Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak edərək iddianın əsaslı olduğunu, iddianın təmin olunub-olunmaması barədə qətnamə çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə baxışı iclasında üçüncü şəxs X2 izahatında göstərdi ki, İddiaçı sahiblik və istifadəsində olan traktorun sürücüsüdür. Yol-nəqliyyat hadisəsi baş verən gün onun idarə etdiyi traktor Cavabdeh1 idarə etdiyi “VAZ 21074 MİNİK” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə traktor yararsız vəziyyətə düşmüşdür. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində ifadə verən X4 bildirdi ki, sığorta sahəsində müstəqil ekspert kimi fəaliyyət göstərir. Dəqiq tarixi xatırlamasa da, 90-E-530 dövlət qeydiyyat nişanlı “MTZ 1221” markalı traktora baxış keçirdiyi zaman traktorun artıq təmir edildiyi məlum olmuş, traktora dəymiş ziyanı dəqiqləşdirmək üçün yol-nəqliyyat hadisəsi zamanı traktorun çəkilmiş fotoşəkillərini istəsə də, onu əldə edə bilməmişdir. Onun hesablamalarına görə sözügedən traktora dəymiş ziyanın məbləği təxminən 5656 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X3 09 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh1 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessaul Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd olunması, Cavabdeh1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 328.2-ci maddələri ilə, X2 barəsində isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Saatlı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmış, “MTZ 1221” markalı, 90-E-530 dövlət qeydiyyat nişanlı traktorun yol-nəqliyyat hadisəsi zamanı əzilməsi nəticəsində İddiaçı 14437 manat zərər vurulması ilə bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququ göstərilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" ASC-nə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 157-GL/18 saylı müqavilədən görünür ki, ”MTZ 1221” markalı, 90-E-530 dövlət qeydiyyat nişanlı traktor qeyd edilən tarixdə tərəflər arasında bağlanmış müqavilə əsasında İddiaçı lizinqə verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş xx.xx.2021-ci il tarixli, 15597 saylı sığorta ödənişi ilə bağlı aktdan görünür ki, yol-nəqliyyat hadisəsi zamanı ”MTZ 1221” markalı, 90-E-530 dövlət qeydiyyat nişanlı traktorun ümumi zərər məbləği 14337 manat olmuş və köçürmə yolu ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə 5000 manat hesablanmış sığorta ödənişi həyata keçirilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli, 9/5834 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx"nin xx.xx.2021-ci il tarixli, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli və “X4” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “MTZ 1221” markalı, 90-E- 530 dövlət qeydiyyat nişanlı traktorun ümumi zərər məbləği təxminən 14387 manat müəyyən edilir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “Namiq Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Beləliklə, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək huququndan istifadə etmək imkanına malik olmalıdır. İş materiallarından görünür ki, "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx.xx.2018-ci il tarixli, 157-GL/18 saylı müqaviləyə əsasən ”MTZ 1221” markalı, 90-E-530 dövlət qeydiyyat nişanlı traktor İddiaçı lizinqə verilmiş, sonuncunun traktora sahiblik və istifadə hüququ yaranmışdır.Odur ki, məhkəmə iddiaçının subyektiv hüququnun olmasını qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdeh1 və Cavabdeh2 mülki hüquq pozuntusu (delikt) törətməsi sübut olunur: birincisi, cavabdehin əməli hüquqa zidd əməldir. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsi yol hərəkəti iştirakçılarının əsas vəzifələrini müəyyən etmişdir. Həmin maddənin 1-ci hissəsinin 3-cü bəndində qeyd olunub ki, yol hərəkəti iştirakçıları öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarının nəqliyyat vasitələrinə zərər vurmamalıdır. Lakin cavabdeh həmin normanın tələbini pozmuşdur; ikincisi, cavabdehin əməli təqsirli əməldir. Belə ki, onun təqsiri müvafiq qərarla müəyyən olunub; üçüncüsü, cavabdehin əməli iddiaçıya zərər vurulmasına gətirib çıxartmışdır. Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçının istifadə və sahibliyində olan traktorun yararsız hala düşməsi iş materialları ilə bir daha təsdiq olunur. Odur ki, Cavabdeh1 iddiaçıya vurulmuş maddi zərərin əvəzini tam həcmdə ödəməyə borcludur. Cavabdeh tərəf isə iddiaçıya zərər dəydiyini etiraf edir, lakin zərərin məbləği ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli, 9/5834 saylı rəyinə əsasən 90-E-530 dövlət qeydiyyat nişanlı, “MTZ 1221” markalı traktora dəymiş ziyanın məbləği 14387 manat müəyyən olunmuşdur. Məhkəmə qeyd olunan rəyi əsas götürərək iddia tələbinin traktora dəymiş ziyanın məbləği ilə bağlı hissəsinin iddiaçı tərəfindən sübut olunması qənaətinə gəlir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh tərəfin təqdim etdiyi mütəxəssis rəyi daha mötəbər sübut olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli, 9/5834 saylı rəyi ilə təkzib olunduğundan mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə, həmçinin diqqətə çatdırır ki, iddiaçı traktorun yararsız hala düşməsi və istifadə oluna bilməməsi nəticəsində ödənişlərin vaxtında aparılmadığına görə "xxxx" ASCyə 1091 manat məbləğində gecikdirilmiş borcunun yarandığını göstərib həmin xərci tələb etsə də, bununla bağlı məhkəməyə hər hər hansı mötəbər sübut təqdim edilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd edir ki, mülki işin araşdırılan hallarından göründüyü kimi, “VAZ 21074 MİNİK” markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2 olsa da, həmin avtomobil xx.xx.2018-ci il tarixli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnaməyə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh1 istifadəsinə verilmiş, Cavabdeh1 isə öz təqsiri ucbatından yol-nəqliyyat hadisəsi törədərək “MTZ 1221” markalı traktora ziyan vurmuşdur.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi digər Cavabdeh2 münasibətdə əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 9337 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 123 manat dövlət rüsumu ödənilmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə əmtəə ekspertizasının tədqiqinin dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 123 manat dövlət rüsumu tutulmalıdır. Ekspertiza tədqiqinin dəyəri olan 100 manat isə Cavabdeh1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 vurulmuş zərərin əvəzi olaraq 9337(doqquz min üç yüz otuz yeddi) manat, ödənilmiş dövlət rüsumu olaraq 123 manat, cəmi 9460 (doqquz min dörd yüz altmış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqinin dəyəri olan 100 (bir yüz) manat Cavabdeh1 alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-2/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-2/2023
14.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver