Məhkəmə qərarları › İş №2(055)-275/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-275/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-275/2023 03.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2000 manat, 40 manat ödənilmiş dövlət rüsumunun və 60 manat vəkil xidmət haqqının, cəmi 2100 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, 2008-ci ilin may ayında həmkəndlisi, hazırki iş üzrə Cavabdeh Rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə özü və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 0.49 ha. (faktiki 0.55 ha.) həyətyanı torpaq sahəsini satmaq istədiyini bildirmiş, qeyd edilən torpağı 1100 manat müqabilində Asəfdən almış və kənd icra nümayəndəliyinin iştirakı ilə həmin torpağın alqı-satqısına dair akt tərtib edilmişdir. Alqı-satqı barədə tərtib olunmuş aktda məbləğ 2000 manat göstərilsə də, əslində qeyd edilən torpağı 1100 manata almışdır.Uzun müddətdir ki, həmin torpağı öz adına rəsmiləşdirmək istəsə də, cavabdeh və ailə üzvləri Notariat Kontoruna getmədiyi üçün rəsmiləşdirməni həyata keçirmək mümkün olmamış və məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərdiklərinin nəzərə alınıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Hazırkı məhkəmə baxışı iclasında iştirak etməsə də, əvvəlki məhkəmə baxış iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən də, İddiaçı ilə o və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.49 ha. (faktiki 0.55 ha.) həyətyanı torpaq sahəsinin 2000 manata iddiaçıya satılması barədə aralarında razılıq əldə olunmasına, bu barədə 28 may 2008-ci il tarixdə akt tərtib olunmasına və aktdakı imzanın ona məxsus olmasına baxmayaraq, iddiaçı ona hər hansı məbləğdə pul verməmiş, torpaq sahəsi onun qardaşı tərəfindən iddiaçıya satılmış, qardaşı savadsız olduğundan aktı da o imzalamışdır. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş və Saatlı rayon Soltanabad İƏV üzrə nümayəndəsi X2 tərəfindən təsdiq edilmiş 28 may 2008-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Saatlı rayonunun Soltanabad kənd sakini Cavabdeh mülkiyyətində olan 0.55 hektar torpaq sahəsini 2000 manata İddiaçı satın almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-093C KOD 90800048 saylı şəhadətnamənin surətindən görünür ki, X7, X1, X6 və Cavabdeh birgə mülkiyyətinə Saatlı RAİK-in xx.xx.1998-ci il tarixli,12 saylı qərarı ilə 0.49 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2008-ci ilin may ayında həmkəndlisi, hazırki iş üzrə Cavabdeh ilə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 saylı qərarı ilə cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş 0.49 ha. (faktiki 0.55 ha.) həyətyanı torpaq sahəsini cavabdehdən almaq barədə razılığa gəlmiş və cavabdeh qeyd edilən torpağı 1100 manata ona satmışdır. Bu alqı-satqı kənd icra nümayəndəliyinin iştirakı ilə baş vermişdir. İddiaçı uzun müddətdir ki, həmin torpağı öz adına rəsmiləşdirmək istəsə də, cavabdeh və ailə üzvləri Notariat Kontoruna getmədiyi üçün rəsmiləşdirməni həyata keçirmək mümkün olmamışdır. Cavabdeh əvvəlki məhkəmə iclasında torpaq sahəsinin satılmasına görə iddiaçıdan hər hansı məbləğdə pul almadığını göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.Odur ki, məhkəmə cavabdehin qeyd olunan xüsusatla bağlı göstərdiklərini tələbdən yayınma halı kimi qiymətləndirir və iddianın qismən əsaslı olması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh 1100 manat pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 40 manat dövlət rüsumu, 60 manat isə vəkil xidmət haqqıödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh 40 manat dövlət rüsumu, 60 manat vəkil xidmət haqqıalınaraq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1100 manat, 40 manat ödənilmiş dövlət rüsumu və 60 manat vəkil xidmət haqqı, cəmi 1200 (min iki yüz) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar