Məhkəmə qərarları › İş №2(055)-282/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-282/2023

03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-282/2023 03.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı vəkili X3 iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 3304 manat pulun, 53 manat ödənilmiş dövlət rüsumunun və 100 manat hüquqi yardımın göstərilməsi xərci, cəmi 3457 manat pulun alınıb İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili X3 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC-nin direktoru olduğu zaman təhtəlhesab şəxs kimi cəmiyyətdən 3304 manat məbləğində pul alsa da, həmin pul vəsaitini İddiaçı MMC üçün xərcləməməsinə baxmayaraq pulu MMC-nə geri qaytarmamışdır. Cavabdeh İddiaçı MMC-nə 3304 manat məbləğində borcunun olmasını yazılı şəkildə etiraf etmiş və həmin pulu 31 yanvar 2022-ci il tarixə qədər geri ödəyəcəyini öhdəsinə götürmüşdür. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək 3304 manat pulun 100 manat məbləğini geri ödəmişdir. Ona görə də, Cavabdeh 3204 manat pulun, 53 manat ödənilmiş dövlət rüsumunun və 100 manat hüquqi yardımın göstərilməsi xərci, cəmi 3357 manat pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçının vəkili X2 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin vəkili X2 xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərəin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərəin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından olan hazırki iş üzrə Cavabdeh tərəfindən imzalanmış, xx.xx.2021-ci il tarixli “Borcun etirafı haqqında” sənəddən görünür ki, cavabdeh İddiaçı MMC-nin direktoru olduğu dövrdə MMC-nin kassasından aldığı 3304 manat məbləğində pulu 31 yanvar 2022-ci il tarixə qədər geri ödəyəcəyini öhdəsinə götürmüşdür.Buradan da göründüyü kimi İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Bu hal iş materialları ilə bir daha öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməklə Cavabdeh 3304 manat pul alınaraq İddiaçına verilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı 53 manat dövlət rüsumu və 100 manat hüquqi yardımın göstərilməsi üçün pul ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 53 manat dövlət rüsumu və 100 manat hüquqi yardımın göstərilməsi xərci cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 3304 manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 53 manat dövlət rüsumu və 100 manat hüquqi yardımın göstərilməsi xərci, cəmi 3457 (üç min dörd yüz əlli yeddi) manat pul alınaraq İddiaçına verilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar