Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-322/2023 03.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(055)-974/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını dəyişdirərək 17 noyabr 2013-cü il tarixdə doğulmuş X3 və 14 sentyabr 2016-cı il tarixdə doğulmuş X2 yekinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə evlənib ailə həyatı qurmuşlar və birgə nikahlarından 17 noyabr 2013-cü il tarixdə X6 və 14 sentyabr 2016-cı il tarixdə X5 adlı iki nəfər uşaqları anadan olmuşlar. Saatlı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(055)-974/2021 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, 17 noyabr 2013-cü il tarixdə doğulmuş X3 və 14 sentyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Uşağın saxlanması üçün tələb olunan xərclər günbəgün artdığından o, həmin xərclərin qarşılanmasında, uşaların geyimi, yeməyi, müalicəsi üçün lazım olan əşyaların alınmasında çətinlik çəkir və məhkəmə qətnaməsi ilə təyin edilmiş 200 manat aliment həmin xərclərin ödənilməsi üçün yetərli deyildir. Ona görə də, göstərdiklərini nəzərə alaraq Saatlı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(055)-974/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 17 noyabr 2013-cü il tarixdə doğulmuş X3 və 14 sentyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə evlənib ailə həyatı qurmuşlar və birgə nikahlarından 17 noyabr 2013cü il tarixdə X6 və 14 sentyabr 2016-cı il tarixdə X5 adlı iki nəfər uşaqları anadan olmuşlar. Saatlı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 2(055)-974/2021 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, 17 noyabr 2013-cü il tarixdə doğulmuş X3 və 14 sentyabr 2016-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. O, uşaqlarının saxlanması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti iddiaçıya ödəyir. O, əvvəl işləsə də, hazırda heç bir yerdə işləmir, maddi vəziyyəti yaxşı deyil. Həmçinin səhhətinə görə ağır işdə işləyə bilmir. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. İddia təmin olunacağı təqdirdə hər ay hər uşağa görə 125 manat, cəmi 250 manat aliment ödəyə bilər. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(055)-974/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 23 sentyabr 2013-cü il tarixdə Saatlı rayon İcra Hakimiyyəti başçısının Sarıcalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 22 saylı nikah qeydinin pozulması, 17 noyabr 2013-cü il təvəllüdlü X6 və 14 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 08 iyun 2021-ci il tarixdən başlanaraq hər ay hər bir uşağa görə 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqələrinin surətindən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 noyabr 2013-cü il tarixdə və X5 14 sentyabr 2016-cı il tarixdə anadan olmuşlar. Uşaqların anası X7, atası Cavabdehdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Saatlı Rayon Mərkəzi Xəstəxanası” X9 03 mart 2023-cü il tarixli PHŞ-6-65/2-Ə-30-42-265/23 saylı arayışından görünür ki, 1989-cu il təvəllüdlü Cavabdeh Saatlı RMX PHŞ-nin poliklinika şöbəsində “OU qarışıq astiqmatizm refraksion ambliopiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. Xəstənin ağır işlərdə işləməsi tövsiyə olunmur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(055)-974/2021 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında 23 sentyabr 2013-cü il tarixdə Saatlı rayon İcra Hakimiyyəti başçısının Sarıcalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində bağlanmış 22 saylı nikah qeydinin pozulması, 17 noyabr 2013-cü il təvəllüdlü X6 və 14 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün 08 iyun 2021-ci il tarixdən başlanaraq hər ay hər bir uşağa görə 100 manat, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı uşağın saxlanmasında çətinlik çəkdiyi və həmin məbləğ uşağın xərcləri üçün kifayət etmədiyindən alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə hazırda heç bir yerdə işləmədiyini, səhhətinə görə ağır işdə işləyə bilmədiyini, buna görə də tələb olunan məbləğdə aliment ödəmək imkanının olmadığını, aliment artırılarsa, bu zaman ən çoxu hər uşağa görə 125 manat, cəmi 250 manat sabit pul məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, alimentin məbləği artırılarkən cavabdehin xəstəlikdən əziyyət çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Saatlı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(055)-974/2021 saylı qətnaməsi ilə 17 noyabr 2013-cü il təvəllüdlü X6 və 14 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(055)-974/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 17 noyabr 2013-cü il təvəllüdlü X6 və 14 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ataları-Cavabdeh hər ay hər uşağa görə 135 manat, cəmi 270 manat sabit pul məbləğində aliment alınıb anaları-İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 52,40 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(055)-974/2021 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 17 noyabr 2013-cü il təvəllüdlü X6 və 14 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ataları-Cavabdeh hər ay hər uşağa görə 135 manat, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb anaları-İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh 52 (əlli iki) manat 40 (qırx) qəpik dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-322/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-322/2023
03.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver