Məhkəmə qərarları › İş №2(055)-364/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-364/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-364/2023 25.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 561,43 manat məbləğində əsas kredit borcunun, 0,80 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 569,91 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, 038CASA192050012 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə 1 il güzəşt müddəti olmaqla, 920,99 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, 038FİZAM36870002 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün onların İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 561,43 manat əsas borcu, 0,80 manat faiz borcu, cəmi 569,91 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsindən yayınmışlar. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 561,43 manat əsas borc, 0,80 manat faiz borcu, cəmi 569,91 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 iyul 2019-cu il tarixli 038CASA192050012 saylı güzəştli kredit müqaviləsindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, bu müqavilə bank tərəfindən müştəriyə restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə illik 1% olmaqla 5 il müddətinə 920,99 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 24 iyul 2019-cu il tarixli 038FİZAM36870002 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 038CASA192050012 saylı kredit müqaviləsi ilə əlaqədar olaraq zamin (cavabdeh) Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə kredit alan-Cavabdeh1 ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Sabirabad filialı arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 038CASA192050012 saylı kredit müqaviləsi üzrə 10 yanvar 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 561,43 manat, faiz borcu 0,80 manat, cəmi 569,91 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli, 038CASA192050012 saylı güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 il müddətinə illik 1% dərəcəsi ilə 920,99 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 038FİZAM36870002 saylı zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini yerinə yetirmədikləri üçün onların İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 561,43 manat əsas borcu və 0,80 manat faiz borcu yaranmışdır. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti 561,43 manat əsas borc və 0,80 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 561,43 manat əsas borc və 0,80 manat faiz borcunun alınmasında haqlıdır. Lakin ümumilikdə 569,91 manat borcun alınması hissəsində haqlı deyildir. Belə ki, iddia ərizəsindən, iş materiallarına əlavə edilmiş arayışdan və tədqiq olunmuş digər sübutlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərdən 561,43 manat əsas borc, 0,80 manat faiz borcu, cəmi 569,91 manat borcu tələb etsə də, cavabdehlərin iddiaçıya olan əsas və faiz borclarının ümumi məbləği 569,91 manat deyil, 562,23 manat təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, iddia 569,91 manat hissəsində deyil, ümumi borcun düzgün hesablanmış hissəsində, yəni 562,23 manat hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 561,43 manat əsas borc, 0,80 manat faiz borcu, cəmi 562,23 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 27 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 561,43 manat əsas borc, 0,80 manat faiz borcu, cəmi 562 (beş yüz altmış iki) manat 23 (iyirmi üç) qəpik pul alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar