Məhkəmə qərarları › İş №2(055)-370/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-370/2025

30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-370/2025 30.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4000 manat pulun və 60 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4060 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh pula çox ehtiyacı olduğu üçün 30 dekabr 2022-ci il tarixdə qaytarmaq şərti ilə 19 avqust 2022-ci il tarixdə 4000 manat borc pul almışdır. Həmin vaxt cavabdeh yuxarıda qeyd etdiklərini təsdiq edən qəbz yazaraq öz imzası ilə təsdiq edərək ona vermişdir. Yuxarıda qeyd edilən müddət tamam olandan sonra o, cavabdehdən ona borclu olduğu 4000 manat pulu tələb etdikdə cavabdeh ona yalan vədlər verərək aldadaraq pulu qaytarmayacağını bildirmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq cavabdeh ondan aldığı borc pulu hal hazıra kimi ona verməmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Verilmiş suallara cavab olaraq iddiaçı bildirmişdir ki, cavabdehə pulu o, öz evində vermişdir. Yaşar Mehribanın ona olan borcunu qaytarmamışdır. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçıdan onun qeyd etdiyi məbləğdə pul götürməmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzi o yazmışdır. Lakin iddiaçı o qəbzi onu aldadaraq yazdırmışdır. O, həmin qəbzi 24 may 2023-cü il tarixdə yazmışdır və iddiaçı həmin qəbzin müqabilində ona 1500 manat pul vermişdir. Həmin zaman iddiaçı onun maaş kartını da götürmüşdür. İddiaçı həmin qəbzdə yazılan 4000 manatın 1500 manatını ona vermiş, daha sonra isə həmin pulu 4000 manata tamamlayacağını bildirmişdir. Lakin bir müddət sonra o, iddiaçının ona pul vermək məqsədi olmadığını və onu aldatdığını başa düşdüyündən həmin 1500 manatı Yaşar Əliyevin vasitəsilə iddiaçıya qaytarmış və maaş kartını geri almışdır. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq cavabdeh bildirmişdir ki, Atabala pulu ona onun evində gəlnin yanında vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, İddiaçı uşaqlıqdan tanıyır. O, 2023-cü ilin may ayında Atabalaya zəng edərək iddiaçı ilə cavabdehi danışdırmışdır. Atabala Mehribana 1500 manat vermiş və qəbz yazdırmışdır. Onun bu hadisədən Mehriban ona danışdıqdan sonra xəbəri olmuşdur. Atabala Mehribana 1500 manat vermiş, lakin ona 4000 manatlıq qəbz yazdırmışdır. Atabala Mehribana pulun qalanını da verəcəyini söz vermişdir. Lakin müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Daha sonra o və Mehriban Atabalanın bu hərəkətlərindən şübhələndiklərindən dərhal 1500 manat pul tapmışlar və Atabalaya olan borcu bağlamaq istəmişlər. O, Atabalaya zəng edib vəd etdiyi 4000 manatın qalanını vermədiyi halda, borcu bağlayacağını demişdir. Atabala da ona cavabında daha pul verməyəcəyini, faiz də istəmədiyini, gətirib 1500 manat vermələrini, borcun bağlanmasını bildirmişdir. Bundan sonra o, Atabalanın yanına getmiş və ona pulu vermişdir. Atabala da ona Mehribanın maaş kartını və yazdırdığı qəbzi vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Cavabdeh onun qaynanasıdır. İddiaçı isə qaynatasının dostu olmuşdur. Atabala onlara 4000 manat deyil, 1500 manat vermişdir. Həmin pulu onlara 24 may 2023-cü il tarixdə vermişdir. Lakin yazdırdığı qəbzləri köhnə tarixə yazdırmışdır. Onlar daha sonra iddiaçının onları aldatdığını düşündüklərindən Atabalanın səslərini yazmağa başlamışlar. Sözügedən 1500 manatı isə Yaşar iddiaçıya qaytarmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, İddiaçı onun qaynatasıdır. Cavabdeh onlara gəlib gedən adam olmuşdur. Mehriban xanım 2022-ci ilin avqust ayında onların evə gəlmiş, yanında da 2 nəfər şəxs olmuşdur. Atabala məllim də 4000 manat pulu Mehribana vermişdir. Pulun qaytarılması hissəsini isə görməmişdir. Verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, Eyvaz bir dəfə onlara gəlib, amma nə üçün gəldiyini bilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, İddiaçı onun həyat yoldaşıdır. Cavabdeh 2022-ci ilin avqust ayında Cəmilə və bir şəxslə onlara gəlmişlər. Əllərində sənədlər var idi. 4000 manat pul götürmüşlər. Verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, Eyvaz bir dəfə onlara gəlib, amma nə üçün gəldiyini bilməmişdir. İşdə olan 19 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, həmin qəbzdə Cavabdeh 30 dekabr 2022-ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı 4000 manat pul götürdüyünü qeyd etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş audioyazını özündə əks etdirən “DVD” disklərdən görünür ki, İddiaçı Cavabdeh 4000 manat verməsi ilə bağlı qəbz yazdırdığını, əslində cavabdehə 1500 manat pul verdiyini, daha sonra hissəhissə 1000 manat, 1500 manat şəklində ödəyərək ümumilikdə 4000 manat pulu cavabdehə verəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 19 avqust 2022-ci il tarixli qəbzlə Cavabdeh 30 dekabr 2022-ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı 4000 manat pul götürdüyünü qeyd etmiş, İddiaçı cavabdehin həmin pulu ona qaytarmadığını bildirərək cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Lakin məhkəmə iclası zamanı şahidlərin ifadələri və məhkəmə iclasında baxış keçirilmiş audioyazı ilə təsdiq olunmuşdur ki, Cavabdeh 19 avqust 2022-ci il tarixli qəbz yazaraq İddiaçı 4000 manat götürdüyünü qeyd etsə də, iddiaçı göstərilən məbləğdə pulu cavabdehə verməmiş, yalnız 24 may 2023-cü il tarixdə cavabdehə 1500 manat pul vermiş, daha sonra hissəhissə qalan pulu verərək ümumilikdə 4000 manat pulu cavabdehə verəcəyini bildirmiş, lakin həmin vədə əməl etməmiş, cavabdeh isə 1500 manat pulu iddiaçıya qaytarmışdır. Göstərilənlər, yəni iddiaçının 19 avqust 2022-ci il tarixli qəbzdə göstərilən 4000 manat pulu cavabdehə verməməsi, cavabdehə yalnız 1500 manat pul verməsi və daha sonra 4000 manat pulun qalanını hissə-hissə cavabdehə ödəməyi öhdəsinə götürməsi məhkəmə iclasında audioyazıya baxış keçirilərkən öz əksini tapmışdır. Məhkəmə həmin audioyazının əks olunduğu “DVD” diski və hadisələri düzgün zaman ardıcıllığı ilə həqiqətəuyğun şəkildə təsvir etdiyindən şahidlər X1 və X2 ifadələrini mötəbər sübut qismində qəbul edir. Məhkəmə şahid qismində dindirilmiş X3 və X4 ifadələrini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, şahidlərin ifadələrində göstərdiyi faktlar iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, hər iki şahid ifadələrində cavabdehə pulu İddiaçı öz evlərində verdiyini bildirsələr də, audioyazının əks olunduğu səs yazısında Atabala özü şəxsən pulu Mehribanın evində gəlininin yanında Mehribana verdiyini bildirmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh 5000 manat pul tələbinə dair Saatlı Rayon Məhkəməsində baxılmış 2(055)-713/2023 saylı mülki iş üzrə də iddiaçı cavadehə qəbz yazdıraraq 5000 manat verdiyini bildirsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmadığından iddia rədd olunmuşdur. Həmin qətnamədən iddia tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Həmin mülki iş üzrə İddiaçı izahatında bildirmişdir ki, “...2023-cü ilin may ayında cavabdehə 1500 manat pul vermiş və əvəzində cavabdeh də maaş kartını ona vermişdir. Daha sonra cavabdeh həmin 1500 manat pulu X8 vasitəsilə ona qaytarmış və o da cavabdehin maaş kartını Yaşara vermişdir. O, əvvəl verdiyi borcda cavabdehdən qəbz almışdır, lakin 2023-cü ilin may ayında 1500 manatı verəndə cavabdeh ona maaş kartını verdiyi üçün əlavə qəbz almağa ehtiyac duymamışdır...” Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının yuxarıda qeyd edilən mülki iş üzrə verdiyi izahat hazırki mülki iş üzrə cavabdehin izahatı və şahidlərin ifadəsi ilə hadisənin həqiqətən iddiaçının bildirdiyi kimi olması qənaətinə gəlməyə əsasə verir. Məhkəmə qeyd edir ki, iddiaçının izahatında göstərdiyi faktlarla audioyazıda qeyd olunan səs yazısında onun bildirdikləri bir birinə zidd olduğundan, bu hal özü-özlüyündə iddiaçının izahatında göstərdiklərini doğruluğunu şübhə altına alır. Bundan başqa, iddaçı, X5 və onun oğlu X6 adından yazılmış ərizəni məhkəməyə təqdim edərək, qeyd edilən şəxslərin Cavabdeh ondan pul götürməsinin şahidi olduqlarını bildirmişdir. Adları qeyd edilən şəxslərin ərizələrində qeyd edikləri faktarı təsdiq etmək üçün məhkəmə iclasında iştiraklarının təmin edilməsi ilə əlaqədar iddiaçıya vaxt verilmiş və məhkəmə iclası dəfələrlə təxirə salınmışdır. Lakin iddiaçı həmin şəxslərin məhkəmə iclasında iştiraklarını təmin edə bilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən ərizə notariat formada təsdiq olunmadığından və həmin ərizənin həqiqən ərizədə qeyd olunan şəxslər tərəfindən yazılıb-yazılımadığını məhkəmə iclasında müəyyən etmək mümkün olmadığından, həmin ərizənin mötəbərliyinə şübhələr olduğundan sübut kimi qəbul edilə bilməz. Göstərilənlərdən görünür ki, İddiaçı söylədikləri, yəni cavabdehə 4000 manat pul verməsi və cavabdeh tərəfindən həmin pulun ödənilməməsi halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və şahidlərin ifadələri ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 4000 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 03 fevral 2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 60 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 60 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı 4000 (dörd min) manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 60 (altımış) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar