Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-39/2024 30.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı hasarın içəri tərəfə çəkilməsi və su kanalının əvvəlki qaydada bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə onun və anası X2 ümumi birgə mülkiyyətinə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsinə çəkilmiş su kanalının Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən əvvəlki qaydada bərpa edilməsi, Cavabdeh3 tərəfindən çəkilmiş hasarın əvvəlki vəziyyətinə qaytarılmaqla içəri tərəfə çəkilməsi və cavabdehlərdən 100 manat dövlət rüsumunu və 50 manat xidmət haqqının alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə onun və mərhum anası X2 ümumi birgə mülkiyyətinə 0.30 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə onlara torpağın mülkiyyətə verilməsinə dair JN-748A KOD 90800068 saylı şəhadətnamə verilmişdir. Onun həyətyanı torpaq sahəsinə 245 metr uzunluğunda kanal çəkilmişdir.Həmin kanalın 87 metr olan hissəsi açıqdır.Kanalın Cavabdeh3 həyətinin kənarından keçən 1.20 metr eni, 58 metr uzunluğu olan hissəsi hasarın qırağı ilə çəkilib. Hasar il yarım bundan əvvəl 5 metr əvvəlki yerindən kanala tərəf çəkilib.Hasarın sol tərəfində ağaclar da əkilmişdir.Xeyli müddət əvvəl Əkbərə aid keçidlərə basdırdığı turbalar Cavabdeh4 tərəfindən çıxarılmış və turbaların qoyulduğu kanal doldurulmuşdur.Bir piyada keçidinə basdırdığı çəllək də Cavabdeh4 tərəfindən çıxarılaraq kənara atılmışdır. Qeyd edilən kanalın 60 metr hissəsi cavabdehlər tərəfindən mal peyini və torpaqla doldurulmuşdur. Dəfələrlə cavabdehlərdən qanunsuz hərəkətlərə son qoyulmasını tələb etsə də, nəticəsi olmamışdır. Bundan sonra məcburiyyətdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.İddia tələbinin əsaslı olması ekspert rəyi ilə bir daha təsdiq olunur. Kanalın doldurulması birbaşa olaraq Cavabdeh3 və Cavabdeh4 tərəfindən həyata keçirilsə də, digər cavabdehlər Sübhən və Sardal da onlara köməklik etdiyindən və onları müdafiə etdiyindən hər iki şəxsi də iddia ərizəsində cavabdeh kimi göstərmişdir.Sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının həyətinə gedən su kanalı onların həyətyanı sahəsinə ziyan verdiyindən su kanalının yerinin dəyişdirilməsi üçün dövlət orqanlarına müraciət etmişlər və Saatlı rayon Suvarma Sistemləri İdarəsi tərəfindən müvafiq texnika ayrılaraq İddiaçı həyətyanı sahəsinə yeni su kanalı çəkilmişdir. Həmin kanal vasitəsilə iddiaçının həyətinə su gəlir və hazırda iddiaçının su ilə bağlı hər hansı problemi yoxdur. İddiaçının dedikləri yalandır. Mübahisəli su kanalı da 60 metr məsafədə o və oğlu Cavabdeh4 tərəfindən doldurulmuşdur. Digər cavabdehlər Sübhən və Sardal onun xahişinə əsasən qonşu kimi köməklik göstərmişlər. Çünki su kanalının həmin hissəsi onun həyətyanı sahəsinə ziyan verdiyindən bu işlər görülmüşdür. Onun tərəfindən inşa edilmiş daş hasarın 14 metr məsafədə yerləşdiyi ərazisi İddiaçı həyətyanı torpaq sahəsinə şimal hissədə çəkilmiş su kanalından istifadəyə maneə törətmir.Tərəfindən inşa edilmiş daş hasarın 14 metr məsafədə olan hissəsinin iddiaçıya su kanalından istifadəyə maneə törətməsi barədə ekspert rəyi ilə razı deyil. Çünki mütəxəssis tərəfindən baxış keçirilən zaman bir daha təsdiq olundu ki, daş hasar kanaldan istifadəyə hər hansı maneə törətmir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh4 digər Cavabdeh3 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə baxış iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırki mübahisənin ona hər hansı aidiyyəti yoxdur. Çünki iddiaçı ilə o deyil, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qonşudurlar. Daş hasar da Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmişdir. Həmin hasarın da ona aidiyyəti yoxdur. Mübahisəli su kanalı da 60 metr məsafədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən doldurulmuşdur.O və Cavabdeh2 Əkbər və Pərvinin xahişinə əsasən qonşu kimi sonunculara köməklik göstərmişlər. Bir daha bildirir ki, hazırki mübahisə ilə hər hansı formada əlaqəsi yoxdur. İddianın ona aid hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh2 digər Cavabdeh1 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və X6 Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mühəndisi Elçin Kərimov şahid qismində dindirilərkən ifadəsində göstərdi ki, mütəxəssis rəyi verilməsi üçün iş üzrə tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh3 inşa etdiyi daş hasarın 14 metrinin onun mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudlarından kənarda, bələdiyyə mülkiyyətində yerləşdiyi müəyyən olunmuş, eyni zamanda həmin daş hasarın 14 metr məsafədə yerləşən hissəsinin məhz çıxıntılı olması səbəbindən həmin hasarın İddiaçı həyətyanı torpaq sahəsinə şimal hissədə çəkilmiş su kanalından istifadəyə maneə törətməsi qənaətinə gəlmişdir. Bundan əlavə baxış zamanı həmin mübahisəli su kanalının 60 metr məsafədə doldurulduğunu müəyyən etmiş, iddiaçı tərəf həmin hissənin cavabdehlər tərəfindən doldurulduğunu bildirdiyindən tərəfindən tərtib edilmiş mütəxəssis rəyində belə göstərmişdir. Bundan əlavə rəydə qeyd etmişdir ki, İddiaçı həyətyanı torpaq sahəsinin qərb hissəsindən alternativ su kanalı nəzərdə tutulmuşdur və ya mövcuddur. Belə ki, həqiqətən belə bir kanal olsa da, həmin kanalda həm su yoxdur, həm də həmin kanal iddiaçının əlavə olaraq istifadə etdiyi başqa torpaq sahəsi üçün nəzərdə tutulmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Saatlı rayonu Şirinbəy bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan JN-748A, KOD 90800068 saylı şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə Saatlı rayonunun Dəllər kəndi ərazisində yerləşən 0.30 ha torpaq sahəsi X5 və Cəfərova(Şükürova) Dünyaxanım Əsəd qızının ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan JN-754A, KOD 90800068 saylı şəhadətnamədən görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli, 08 saylı qərarı ilə Saatlı rayonunun Dəllər kəndi ərazisində yerləşən 0.46 ha torpaq sahəsi Cavabdeh3, Cavabdeh4, X7 və X1 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/1999 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı həyətinə çəkilmiş su kanalının yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı həyətyanı torpaq sahəsinin qərb hissəsindən alternativ su kanalı nəzərdə tutulmuşdur və ya mövcuddur. Cavabdeh3 inşa etdiyi daş hasarın 14 metri onun mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudlarından kənarda, bələdiyyə mülkiyyətində yerləşir. Cavabdeh3 inşa etdiyi daş hasarın 14 metr məsafədə yerləşdiyi ərazisi İddiaçı həyətyanı torpaq sahəsinə şimal hissədə çəkilmiş su kanalından istifadəyə maneə törədir və həmin mübahisəli su kanalı 60 metr məsafədə cavabdehlər tərəfindən doldurulmuşdur. İşdə olan torpaq sahəsinə baxış keçirilməsi haqqında 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Saatlı rayonu, Şirinbəy kəndində yerləşən mübahisəli əraziyə baxış mütəxəssisin iştirakı ilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh3 inşa etdiyi daş hasarın 14 metr məsafədə yerləşdiyi ərazisi çıxıntılı olsa da, İddiaçı həyətyanı torpaq sahəsinə şimal hissədə çəkilmiş su kanalından istifadəyə maneə törətmir. Mübahisəli su kanalı 60 metr məsafədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən doldurulmuşdur. İddiaçı həyətyanı torpaq sahəsinin qərb hissəsindən alternativ su kanalı olsa da, həmin kanal iddiaçının əlavə olaraq istifadə etdiyi başqa torpaq sahəsi üçün nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə onun və mərhum anası X2 ümumi birgə mülkiyyətinə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsinə çəkilmiş su kanalının 60 metr hissəsinin cavabdehlər tərəfindən doldurulmasını və cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilmiş daş hasarın 14 metr hissəsinin su kanalından istifadəyə maneə törətməsini əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı mütəxəssis Elçin Kərimov şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, mütəxəssis rəyi hazırlanarkən daş hasarın 14 metr məsafədə yerləşən hissəsinin məhz çıxıntılı olması səbəbindən həmin hasarın İddiaçı həyətyanı torpaq sahəsinə şimal hissədə çəkilmiş su kanalından istifadəyə maneə törətməsi qənaətinə gəlmiş, həmçinin mübahisəli su kanalının 60 metr məsafədə doldurulduğunu müəyyən etsə də, iddiaçı tərəf həmin hissənin cavabdehlər tərəfindən doldurulduğunu bildirdiyindən tərəfindən tərtib edilmiş mütəxəssis rəyində belə göstərmişdir. Yaranmış zərurətlə əlaqədar məhkəmə tərəfindən mütəxəssis Elçin Kərimovun iştirakı ilə keçirilmiş baxış zamanı torpaq sahəsinə çəkilmiş su kanalının 60 metr hissəsinin digər cavabdehlər deyil, məhz Əkbər və Cavabdeh4lar tərəfindən doldurulduğu, sonuncular tərəfindən inşa edilmiş daş hasarın 14 metr hissəsinin çıxıntılı olmasına görə mütəxəssis tərəfindən kanaldan istifadəyə maneə törətməsi qənaətinə gəlinməsinə baxmayaraq, daş hasarın həmin hissəsinin iddiaçıya kanaldan istifadəyə hər hansı maneə törətmədiyi, iddiaçının həyətyanı torpaq sahəsinin qərb hissəsindən alternativ su kanalı olsa da, həmin kanalın iddiaçının əlavə olaraq istifadə etdiyi başqa torpaq sahəsi üçün nəzərdə tutulduğu məlum olmuşdur. Azərbaycan Respublikası MPM-in 103.1-103.2-ci maddələrinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ekspert rəyi daş hasarın 14 metr məsafədə olan hissəsinin iddiaçıya su kanalından istifadəyə maneə törətməsi hissəsində sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə isə qeyd edir ki, məhkəmə araşdırması zamanı daş hasarın Cavabdeh3 və Cavabdeh4 tərəfindən inşa edilməklə digər cavabdehlərə aidiyyəti olmadığı, mübahisəli su kanalının da 60 metr məsafədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən sonuncuların mənafeyi naminə doldurulduğu, Sardal və Sübhənin Əkbər və Pərvinin xahişinə əsasən qonşu kimi sonunculara köməklik göstərdiyi müəyyən edildiyindən iddia onlara münasibətdə əsaslı hesab edilə bilməz. Məhkəmə, həmçinin diqqətə çatdırır ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 iddiaçının öz sahəsini suvarmaq üçün alternativ su kanalı olmasını göstərsələr də, məhkəmə araşdırması zamanı həmin kanalın iddiaçının əlavə olaraq istifadə etdiyi başqa torpaq sahəsi üçün nəzərdə tutulduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə cavabdehlərin qeyd olunan dəlillərini tələbdən yayınmaq üçün özünümüdafiə kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-748A KOD 90800068 saylı şəhadətnamə əsasında İddiaçı və X2 ümumi birgə mülkiyyətinə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsinə çəkilmiş su kanalı 60 metr hissədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən bərpa edilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu və 50 manat xidmət haqqı ödəmişdir. İşə əlavə edilmiş mütəxəssis rəyinin verilməsinə dair smetadan görünür ki, aparılmış tədqiqatın dəyəri 95 manat təşkil etmişdir. İşə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, İddiaçı ödədiyi 100 manat dövlət rüsumu və 50 manat xidmət haqqı iddiaçıya aid edilməli, 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçının xeyrinə, ekspertiza tədqiqinin dəyəri olan 50 manat isə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə JN-748A KOD 90800068 saylı şəhadətnamə əsasında İddiaçı və X2 ümumi birgə mülkiyyətinə verilmiş 0.30 ha həyətyanı torpaq sahəsinə çəkilmiş su kanalı 60 metr hissədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən bərpa edilsin. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş 95(doxsan beş) manat xərc cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 50(əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-39/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-39/2024
30.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver