Məhkəmə qərarları › İş №2(055)-392/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-392/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-392/2023 26.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh3 Nayib qızı, Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3 Nayib qızı, Cavabdeh2 və Cavabdeh1 1225 manat əsas borcun, 441 manat faiz borcunun, 954.60 manat cərimənin, ödənilmiş 46.20 manat dövlət rüsumunun, cəmi 2666.80 manat borcun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 Nayib qızı arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli, 50/23 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, aylıq 3% olmaqla 2100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli, 50/23 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh-zaminlər Cavabdeh2 və Cavabdeh1 kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh3 Nayib qızı kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək cavabdeh banka olan 1225 manat əsas borcu, 441 manat faiz borcu və 954.60 manat cərimə borcunu ödəməmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh3 Nayib qızı, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1225 manat əsas borcun, 441 manat faiz borcun, 954.60 manat cərimənin (dəbbə pulunun) və 46.20 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2666.80 manat məbləğində pulun alınıb iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh3 Nayib qızı, Cavabdeh2 və Cavabdeh1 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 15 yanvar 2022-ci il tarixli, 50/23 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə aylıq 3% olmaqla 12 ay müddətinə 2100 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 Nayib qızı arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 yanvar 2022-ci il tarixli, 50/23 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh3 Nayib qızının iddiaçı "xxxx" MMC-dən götürdüyü 2100 manat kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə digər cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh1 kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İşdə olan 02 fevral 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh3 Nayib qızı nın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 15 yanvar 2022-ci il tarixli, 50/23 saylı kredit müqaviləsi üzrə əsas borcu 1225 manat, faiz borcu 441 manat, cərimə borcu 954.60 manat, cəmi borcu 2620.60 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh3 Nayib qızı arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli, 50/23 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə aylıq 3% olmaqla 2100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli, 50/23 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh-zaminlər Cavabdeh2 və Cavabdeh1 kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşlər.Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə əsas borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müqavilə üzrə iddiaçıya 1225 manat əsas borcu, 441 manat faiz borcu, 954.60 manat cərimə borcu, cəmi 2620.60 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı cavabdehlərdən 1225 manat əsas borcun, 441 manat faiz borcun və 954.60 manat cərimənin (dəbbə pulunun), cəmi 2620.60 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan 954.60 manat dəbbə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh3 Nayib qızı arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli, 50/23 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh3 Nayib qızı, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1225 manat əsas borc, 441 manat faiz borcu, 100 manat cərimə borcu (dəbbə pulu), cəmi 1766 manat alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməli və iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 46.20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 46.20 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 Nayib qızı, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1225 manat əsas borc, 441 manat faiz borcu, 100 manat dəbbə pulu və ödənilmiş 46.20 manat dövlət rüsumu, cəmi 1812.20 (bir min səkkiz yüz on iki) manat, 20 (iyirmi) qəpik alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar