Məhkəmə qərarları › İş №2(055)-402/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-402/2024

17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-402/2024 17.04.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək 2250 manat pulun və ödənilmiş 44 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı İddiaçı izahatında göstərdi ki, onunla Cavabdeh arasında bağlanmış 05 iyul 2023-cü il tarixli nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsinə əsasən cavabdeh ona məxsus “Toyota Prius” markalı, **-KJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair gələcəkdə alqı-satqı müqaviləsi bağlamağı öhdəsinə götürmüş, avtomobilin satış qiyməti 30660 manat müəyyən edilmiş, həmin məbləğin 1500 manatının müqavilə bağlanan anda, qalan 29160 manatının isə hər ay 810 manat olmaqla 36 ay ərzində ödəniləcəyi, daha sonra avtomobilin cavabdehin mülkiyyətinə keçiriləcəyi razılaşdırılmışdır. Eyni zamanda müqavilədə cavabdehin avtomobilin idarə edilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulmasına və avtomobilə dəymiş ziyana görə tam məsuliyyət daşıması qeyd edilmişdir. Cavabdeh hər ay ödəməli olduğu 810 manatı günlük 27 manat olmaqla ödəməli olsa da, 4 ay müddətində həmin məbləği ödəməmiş, eyni zamanda avtomobillə qəza törədərək ona ziyan vurmuşdur.O da cavabdehin müqavilə şərtlərinə əməl etmədiyini görüb avtomobili cavabdehdən geri almışdır.Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 2250 manat ziyan dəymişdir.Hazırda həmin ziyanı cavabdehdən tələb edir. Özünün və cavabdehin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər olmasına, məqsədlərinin cavabdehlə birlikdə gəlir əldə etmək olmalarına baxmayaraq, öz fəaliyyətini müvəqqəti dayandırması, yəni VÖEN-nin aktiv olmamasına görə hesab edir ki, hazırki mübahisəyə Saatlı Rayon Məhkəməsində baxılmalıdır.Odur ki, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-24.3-cü maddələrinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 12-ci bəndinə görə məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 28-ci bəndinə görə fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Vahid Məhkəmə Portalı vasitəsilə elektron sistemin vergi ödəyicilərinin məlumatları ilə müəyyən edilir ki, həm İddiaçı(VÖEN:**********, fəaliyyət istiqaməti: qoyun və keçilərin yetişdirilməsi), həm də Cavabdeh(VÖEN:**********, fəaliyyət istiqaməti: şəxsi maşınların sürücü ilə icarəsi) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir. Yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əsasən mübahisənin tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmasını istisna edir. İş materiallarından göründüyü kimi, tərəflər sahibkardır və mübahisə onların birgə həyata keçirilən sahibkarlıq fəaliyyətlərindən yaranmışdır. Başqa sözlə, mübahisə həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm mübahisənin predmeti, həm də hüquq münasibətlərinin xarakteri baxımından kommersiya mübahisəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə görə hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.6-cı maddəsinə görə iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-26, 31-32, 263-264-cü maddələrini rəhbər turaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar