Məhkəmə qərarları › İş №2(055)-409/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-409/2023

05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-409/2023 05.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 311,67 manat əsas borc və 2,28 manat faiz borcu, cəmi 313,95 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, 2321rstBANK/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə ödəmək şərti ilə illik 1% dərəcəsi ilə 564,69 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə “Bu müqaviləyə görə “Bank” Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini vaxtında və lazimi qaydada icra etməyərək kedit müqaviləsinin tələblərini pozmuşdur. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Ona görə də, Cavabdeh 311,67 manat əsas borc və 2,28 manat faiz borcu, cəmi 313,95 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınıb "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 10 sentyabr 2019-cu il tarixli 2321rstBANK/19 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 564,69 manat məbləğində kredit verilmişdir. İşdə olan 20 fevral 2023-cü il tarixli məktubdan görünür ki, 2321rstBANK/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyətinə 311,67 manat əsas borc, 2,28 manat faiz borcu, cəmi 313,95 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 10 sentyabr 2019-cu il tarixli 2321rstBANK/19 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 60 ay müddətinə illik 1% dərəcəsi ilə 564,69 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit üzrə borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 311,67 manat əsas borcun və 2,28 manat faiz borcunun, cəmi 313,95 manat pulun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh 311,67 manat əsas borcu və 2,28 manat faiz borcunu, cəmi 313,95 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh 311,67 manat əsas borc, 2,28 manat faiz borcu, cəmi 313,95 manat alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İşdə olan 20 fevral 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" X1 Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 311,67 manat əsas borc, 2,28 manat faiz borcu, cəmi 313 (üç yüz on üç) manat 95 (doxsan beş) qəpik alınıb iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar