Məhkəmə qərarları › İş №2(055)-415/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-415/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-415/2025 10.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh qarşı dəymiş ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2277,40 manat məbləğində dəymiş ziyanın Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı nümayəndəsi İddiaçı böyük icra məmuru (probasiya üzrə) Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 1(055)-34/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, AR CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə müvafiq vəzifələr qoyulmuşdur. (Cavabdeh cəzası xx.xx.2024-cü il tarixdə başa çatmışdır). Hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə İddiaçınə daxil olmuş (rǝis Araz Hüseynov), məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, xx.xx.2022-ci ildə isə ilkin olaraq tətbiq edilmiş elektron nəzarət vasitəsi dəyişdirilmiş, bu məqsədlə "Attenti" markalı bir ədəd 35650125 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə elektron qolbaq təqdim edilmiş, onun istifadə qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələyəcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan (məhkum Cavabdeh) tutulacağı barədə xəbərdarlıq olunmuş, bu barədə rəis Araz Hüseynov tərəfindən tərəfindən müvafiq protokol tərtib edilmişdir. Buna baxmayaraq sözügedən elektron nəzarət vasitələri (mobil nəzarət qurğusu) yararsız vəziyyətdə məhkum Cavabdeh təhvil alınmışdır. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC-nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2277,40 manat təşkil etdiyi bildirilmişdir. Hesab edilir ki, cavabdeh üzərinə qoyulan vəzifələrin icrasına kifayət qədər məsuliyyətli yanaşmaması nəticəsində elektron nəzarət vasitəsini zədələmiş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Məhkuma dəymiş zərəri könüllü ödəmək təklif olunsa da, sonuncu bundan imtina etmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq Cavabdeh 2277,40 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh üzərində olan S/N35650125 nömrəli mobil qurğu götürülmüşdür. İşdə olan “Elektron nəzarət dəstinin vəziyyəti haqqında” Texniki rəydən görünür ki, nəzarət subyektinə təhkim olunmuş 35650125 nömrəli mobil qurğu mobil qurğu zərbəyə məruz qalıb. Ana platada olan infrared elementi yerindən qopub. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. İşdə olan "xxxx" QSC-nin maliyyə arayışından görünür ki, 35650125 nömrəli mobil qurğunun dəyəri 2277,40 manat təşkil etdir. İşdə olan Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(055)-34/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, AR CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddəti ərzində Cavabdeh üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Saatlı rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş və hökmün icrası İddiaçınə tapşırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2018-ci il tarixli, 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edimiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi” Qaydalarının 4.7-ci bəndinə görə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir. Həmin vəzifələr barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslər tərəfindən yerinə yetirilmədikdə, bu barədə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə müvafiq tədbirlərin görülməsi üçün cinayət prosesini həyata keçirən orqana məlumat verilir. Həmin Qaydaların 7.5-ci bəndinə görə tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Həmin Qaydaların 8.1-ci bəndinə görə şərti məhkum etmənin, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin, azadlığın məhdudlaşdırılmasının və ya ev dustaqlığının müddəti bitdikdə, ləğv edildikdə elektron nəzarət vasitəsi icra məmuru (probasiya üzrə) və ya polis orqanı tərəfindən birdəfəlik çıxarılır. Həmin Qaydaların 8.4-8.5-ci bəndlərinə görə elektron nəzarət vasitələri çıxarıldıqda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi onun texniki vəziyyətini yoxlayır və mövcud olan bütün nasazlıqlar, o cümlədən fiziki xəsarət, enerji ehtiyatı elementlərinin zəifliyi, korpusun hermetikliyinin pozulması və bu kimi digər əlamətlər barədə akt tərtib edir. Birdəfəlik çıxarılmış elektron nəzarət vasitələri onun texniki vəziyyəti barədə aktla birlikdə monitorinq mərkəzinə göndərilir. İşin araşdırılan halları ilə müəyyən edildi ki, Cavabdeh Saatlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(055)-34/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, AR CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm və göstəriş 22 sentyabr 2022-ci il tarixdə İddiaçındə qeydiyyata götürülmüş, Cavabdeh ayağına elektron nəzarət qurğusu quraşdırılmışdır. Cavabdehcəzasını çəkib qurtardıqdan sonra 12 iyun 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Elektron nəzarət qurğusu cavabdehdən təhvil alınarkən işlək vəziyyətdə olmamış və bu barədə akt tərtib edilmişdir. Nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun zərbəyə məruz qaldığı, ana platada olan infrared elementin yerindən qopduğu, təmiri mümkün olmadığı, istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh üzərindən götürlümüş mobil qurğuda aşkar olunmuş nasazlıq texniki yox, kənar müdaxilə nəticəsində olduğu müəyyən olunduğundan, iş materialları ilə Cavabdeh mobil qurğunu zədələməsi tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunaraq Cavabdeh 2277,40 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı büdcə təşkilatı olduğundan, həmçinin iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 42,77 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia təmin edilsin. Cavabdeh 2277,40 (iki min yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hesabına köçürülsün. 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar