Məhkəmə qərarları › İş №2(055)-42/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-42/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-42/2023 03.03.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" MMC-dən aldığı ünvan 1 ilə bağlı 22.2 kv.m sahəyə görə artıq ödədiyi 24420 manat, mənəvi ziyana görə 10000 manat, ümumilikdə 34420 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki məhkəmə baxışında iştirak etməsə də, əvvəlki məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, onunla "xxxx" MMC arasında bağlanmış 09 mart 2019-cu il tarixli müqaviləyə əsasən ona ünvan 1 təqdim olunmuşdur. Müqaviləyə əsasən evin sahəsi 112.2 kv.m olmuş, mənzilin hər kv.m-ə görə 1100 manat olmaqla 123420 manat ödəniş etmiş və cavabdehdən bu barədə maliyyə arayışı almışdır. Lakin evə mülkiyyət hüququna dair çıxarış alarkən mənzilin sahəsinin 112.2 kv.m deyil, 90 kv.m olduğu məlum olmuşdur. Belə olan halda hesab edir ki, cavabdeh təşkilat onun 22.2 kv.m artıq sahəyə görə etdiyi ödənişi, yəni 24420 manatı, həmçinin mənəvi ziyana görə 10000 manat pulu, cəmi 34420 manat pulu ona qaytarılmalıdır. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X1 hazırki məhkəmə baxış iclasında iştirak etməsə də, əvvəlki məhkəmə baxış iclasında iştirak edən zaman yazılı etiraz təqdim edərək bildirmişdir ki, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 09 mart 2019-cu il tarixli, 95 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 112.2 kv.m olan mənzili satıcı "xxxx" MMC alıcı İddiaçı 123420 manat müqabilində satmağı, alıcı isə həmin qiyməti ödəməklə mənzili almağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 09 mart 2019-cu il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrinin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxil edilmişdir. Cavabdeh təşkilat tərəfindən müqavilə öhdəliyi tam şəkildə icra olunaraq mənzil iddiaçıya təhvil verilmişdir. Sahələrin fərqli olması Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalın tətbiqi ilə bağlıdır. Divaraltı sahələr sütunlar, şaxtaların sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən sahənin 112.2 kv.m olduğu müəyyən edilir. Bundan başqa, Çarbağ” MMC ilə alıcı İddiaçı arasında bağlanmış 16 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 90 kv.m olan mənzili satıcı "xxxx" MMC alıcı İddiaçı 123420 manat müqabilində satmış, alıcı isə həmin qiyməti ödəməklə mənzili almışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 09 mart 2019-cu il tarixli, 95 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, sahəsi 112.2 kv.m olan mənzili satıcı "xxxx" MMC alıcı İddiaçı 123420 manat müqabilində satmağı, alıcı isə həmin qiyməti ödəməklə mənzili almağı öhdəsinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında elan edilmiş satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 16 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 90 kv.m olan mənzili satıcı "xxxx" MMC alıcı İddiaçı 123420 manat müqabilində satmış, alıcı isə həmin qiyməti ödəməklə mənzili almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışıdan görünür ki, ünvan 1 İddiaçı məxsusdur. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə görə tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 59.3-cü maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” nın 3.2-ci bəndinə görə yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. 3.8-ci bəndə görə mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla mənzilin sahəsi 90 kv.m təşkil edir. Divaraltı sahələr, sütunlar şaxtanın sahəsi və balkonların sahəsinə əmsal tətbiq edilmədən mənzilin sahəsinin 112.2 kv.m olduğu müəyyən edilir. Mənzilin mülkiyyəti təsdiq edən çıxarış əsasında mənzilin sahəsi ilə həmin mənzilin "Çarbağ” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş layihə-cizgi, müqavilə əsasında sahəsi (ümumi, yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla) arasında fərq isə 22.2 kv.metr təşkil edir. Sahələrin fərqli olması isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən mənzilin sahəsinin hesablanmasında divaraltı, sütun, şaxta sahələrinin nəzərə alınması və balkonlara 0,3 əmsalının tətbiqi ilə bağlıdır. Mülkiyyəti təsdiq edən çıxarışda müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyarlardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir.Digər tərəfdən nəzərə almaq lazımdır ki, satıcı "xxxx" MMC ilə alıcı İddiaçı arasında bağlanmış 16 iyun 2022-ci il tarixli, notariat qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsindən də görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 90 kv.m olan mənzili satıcı "xxxx" MMC alıcı İddiaçı 123420 manat müqabilində satmış, alıcı isə həmin qiyməti ödəməklə mənzili almışdır. Məhkəmə, həmçinin diqqətə çatdırır ki, Azərbaycan Respublikası MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfin mənzilin mülkiyyəti təsdiq edən çıxarış əsasında sahəsi ilə həmin mənzilin "Çarbağ” MMC tərəfindən verilmiş layihə-cizgi, müqavilə əsasında sahəsi (ümumi, yaşayış və qeyri-yaşayış sahələri nəzərə alınmaqla) arasında fərq olmasını və məhz bu fərqin 22.2 kv.metr təşkil etdiyini qəbul etməsini və hazırki mübahisənin digər hallarla əlaqəli olmasını nəzərə alıb iş üzrə müvafiq ekspertiza təyin edilməsinə zərurət bilinməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. İşdə olan ödəniş qəbzindən görünür ki, İddiaçı 195 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 195 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavadehdən aldığı ünvan 1 ilə bağlı 22.2 kv.m sahəyə görə artıq ödədiyi 24420 manat, mənəvi ziyana görə 10000 manat, ümumilikdə 34420 manat məbləğində pulun "xxxx" MMC-dən alınıb iddiaçıya verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı cavadehdən aldığı ünvan 1 ilə bağlı 22.2 kv.m sahəyə görə artıq ödədiyi 24420 manat, mənəvi ziyana görə 10000 manat, ümumilikdə 34420 manat məbləğində pulun "xxxx" MMC-dən alınıb iddiaçıya verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar