Məhkəmə qərarları › İş №2(055)-436/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-436/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-436/2023 16.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1359,47 manat əsas borc, 1,01 manat faiz borcu, cəmi 1360,48 manat borcun, ödənilmiş 33,61 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh əsaslandırılmış etirazına əsasən Saatlı Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(055)-436/2023 saylı qərardadı ilə iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə mahiyyəti üzrə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti iddianı onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 423rstSLY/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun 1950,27 manat qalıq məbləğini 60 ay müddətinə illik 1% ödəmək şərti ilə Cavabdeh vermiş, həmçinin ona bank hesabları açmışdır. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmış və nəticədə onun banka 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə 1359,47 manat əsas borcu, 1,01 manat faiz borcu, cəmi 1360,48 manat borcu yaranmışdır. Ona görə də, Cavabdeh 1359,47 manat əsas borcun, 1,01 manat faiz borcunun, cəmi 1360,48 manat borcun, ödənilmiş 33,61 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınıb iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti mülki işin hazırlıq iclasının keçiriləcəyi 25 may 2023-cü il tarixində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq Cavabdeh qarşı qaldırılan iddia tələbində cavabdeh tərəfindən ödənişlər edildiyinə görə dəyişiklik olduğunu və 25 may 2023-cü il tarixə cavabdehin iddiaçıya 1221,46 manat əsas borcunun, 0,41 manat faiz borcunun, cəmi 1221,87 manat borcunun olduğu bildirilmişdir. İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti məhkəməyə ünvanladığı ərizəsində iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının xahişini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 07 oktyabr 2019-cu il tarixdə iddiaçı ilə aralarında bağlanmış 423rstSLY/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən onun iddiaçıya ödəməli olduğu kredit “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq restrukturizasiya olunmuş və ona iddiaçı tərəfindən 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 1950,27 manat məbləğində kredit verilmişdir. Hazırda onun iddiaçı ilə bağladığı müqavilənin müddəti bitməmişdir və o bir sıra vaxtlarda borcunu ödəməyi gecidkirsə də, hazırki vaxtadək borcundan ödənişlər etmişdir və bundan sonra da edəcəkdir. Lakin iddiaçı müqavilə müddəti bitmədən ona qarşı məhkəmədə iddia qaldırmış və onun hazırki vaxtadək ödəməli olduğu bütün borcu deyil, müqavilə müddətinin bitdiyi vaxtadək olan borcu, yəni müqavilənin bitdiyi 07 oktyabr 2024-cü il tarixədək hesablanmış borcun ödənilməsini tələb edir. O hesab edir ki, müqavilə müddəti bitmədiyi üçün iddia əsassızdır. Həmçinin iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti iddia müddətini ötürdükdən sonra ona qarşı məhkəmədə iddia qaldırmışdır. Ona görə də, göstərdikləri nəzərə alınaraq iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edimiş iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, bu müqaviləyə görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilədə göstərilən qalıq məbləği müştərinin mülkiyyətinə verilir və ona bank hesabları açılır, müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürür. Kreditin məbləği 1950,27 manat təşkil edir və həmin kredit 07 oktyabr 2024-cü il tarixədək 12 ay güzəşt müddəti və komission haqqı 0 manat olmaqla, illik 1% ödəmək şərti ilə verilir. İşdə olan və məhkəmə iclasında elan edimiş 25 may 2023-cü il tarixli məktubdan görünür ki, 423rstSLY/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətinə 1221,46 manat əsas borcu, 0,41 manat faiz borcu, cəmi 1221,87 manat borcu vardır. İşdə olan və məhkəmə iclasında elan edimiş 22 noyabr 2022-ci il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi barədə xəbərnamədən görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh yaşadığı ünvana bildiriş göndərilərək 07 oktyabr 2019cu il tarixli, 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə öhdəliyinin icra edilməsi tələb edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 17 aprel 2023-cü il tarixli etiraz ərizəsindən görünür ki, Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin iddia müddəti ötürüldükdən sonra ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmiş, etiraz ərizəsinin qəbul edilməsini və mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan edimiş 25 may 2023-cü il tarixli hesab üzrə çxıarışdan və ödəniş qəbzlərindən görünür ki, 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh müxtəlif vaxtlarda ödənişlər etmiş, sonuncu dəfə cavabdeh tərəfindən 19 may 2023-cü il tarixdə ödəniş edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun 1950,27 manat qalıq məbləği 60 ay müddətinə illik 1% ödəmək şərti ilə Cavabdeh verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq kredit müqaviləsi üzrə borcu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş və buna görə də iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti 1221,46 manat əsas borcun, 0,41 manat faiz borcunun, cəmi 1221,87 manat borcun Cavabdeh alınması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı cavabdehin izahatı və tədqiq olunmuş digər sübutlarla müəyyən olundu ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti cavabdehdən 07 oktyabr 2019cu il tarixli, 423rstSLY/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsinin son müddətinədək, yəni 07 oktyabr 2024-cü ilədək hesablanmış ümumilikdə 1221,87 manat qalıq borcun cavadbehdən alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. İş materiallarında olan 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı güzəştli kredit və bank hesabı müqaviləsindən və ona 1 saylı əlavədən, yəni ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07 may 2023-cü il tarixdən sonrakı müddətdə yəni, 07 iyun 2023-cü il tarixdən müqavilənin bitdiyi tarixədək, yəni 07 oktyabr 2024-cü ilədək ödəməli olduğu ümumi borc məbləği 687,84 manat təşkil edir. Məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçı tərəfindən cavabdehdən tələb edilən və müqavilənin son tarixinədək hesablanmış 1221,87 manat borc məbləğindən çıxılmalı və əsas borc və faiz borcu daxil olmaqla ümumilikdə 534,03 manat borc məbləği cavabdehdən tələb edilməlidir. Qeyd olunanlardan görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə müqavilənin son müddətinədək hesablanmış ümumilikdə 1221,87 manat borcun deyil, hazırki vaxtadək olan qalıq borcu, yəni ümumilikdə 534,03 borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia müddətinin tətbiq edilməsi ilə bağlı cavabdehin etiraz ərizəsini nəzərdən keçirərək hesab edir ki, Cavabdeh iddiaçının iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyini göstərsə də, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 07 oktyabr 2019-cu il tarixdə bağlanmış müqavilənin müddəti 07 oktyabr 2024-cü il tarixdə başa çatır. Odur ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı müqavilə üzrə hazırki vaxtadək ödənilməmiş borcun tələb edilməsi ilə bağlı iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borc və faiz borcu daxil olmaqla, ümumilikdə 534,03 manat alınaraq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 09 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33,61 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 33,61 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 07 oktyabr 2019-cu il tarixli, 423rstSLY/19 saylı kredit müqaviləsi üzrə əsas borc və faiz borcu daxil olmaqla, ümumilikdə 534 (beş yüz otuz dörd) manat 03 (üç) qəpik alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 33 (otuz üç) manat 61 (altmış bir) qəpik dövlət rüsumu və 40 (qırx) qəpik bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar