Məhkəmə qərarları › İş №2(055)-44/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-44/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-44/2023 01.02.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9900 manat pulun və 119 manat ödənilmiş dövlət rüsumunun, cəmi 10019 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh 30 dekabr 2017-ci il tarixdə qaytarmaq şərti ilə ondan 05 yanvar 2016-cı il tarixdə 17400 manat borc pul almışdır. Həmin vaxt cavabdeh əlyazma ilə qəbz yazaraq imzası ilə təsdiq edib ona vermişdir. Bundan sonra cavabdehlə qarşılıqlı razılıq əsasında borcun qaytarılması müddətini 2020-ci ilin sonunadək artırmışlar. Bu barədə cavabdeh ondan 17400 manat borc aldığını təsdiq edən qəbzə öz əlyazması ilə qeyd edərək imzalamışdır. Cavabdeh həmin qəbzi ayrı-ayrı vaxtlarda, birinci dəfə ondan borc aldığı vaxt, daha sonra isə borcun qaytarılması müddətinin uzadılması ilə bağlı imzalamışdır. Cavabdeh ondan aldığı 17400 manat borcdan 5700 manat ödəmiş, lakin dəfələrlə tələb etməsinə baxmayaraq qalan 9900 manat borcu qaytarmamışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq 9900 manat pulun və 119 manat ödənilmiş dövlət rüsumunun, cəmi 10019 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, hazırda iddiaçının mübahisələndirdiyi qəbzi, yəni 17400 manat borc pul alması ilə bağlı 2016-cı ilə aid olan qəbzi o özü yazmış və imzalamış, lakin ikinci dəfə həmin qəbzə heç bir əlavə yazı yazmamış və imzalamamışdır. O, həmin qəbzi birdəfəyə sadəcə 2016-cı ildə yazmışdır. İddiaçı ona qəbzdə 17400 manat borc alması ilə bağlı yazdırsa da, 10-15 min manat verəcəyini demiş, lakin ona pul verməmiş, bir neçə həftə sonra isə 17400 manat pul verə bilməyəcəyini, hələlik 9000 manat verə biləcəyini demiş, lakin həmin qəbzlə ona heç bir pul verməmişdir. İddiaçı ona demişdir ki, 17400 manatı verə bilmədiyi üçün həmin qəbzi cırıb atmışdır. Bundan sonra bir neçə dəfə o, iddiaçıdan borc pul alması ilə bağlı qəbzlər yazıb imzalasa da, iddiaçı həmin qəbzlərdə qeyd edilən pulları verməmiş, ona yalnız 2000 manat borc vermiş, lakin qəbzdə 3000 manat qaytarmalı olduğunu qeyd etdirmiş, o da anasının pensiya kartını İddiaçı verərək borcu oradan çıxmasını bildirmişdir. İddiaçı əvvəlcə məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldıracağını və iş üzrə qərar çıxdıqdan sonra qalan qəbzlərdə qeyd edilən borc pulları ona verəcəyini bildirmişdir. O da iddiaçıya inandığı üçün məhkəmədə İddiaçı 6500 manat borc pul aldığını, qaytarmadığını etiraf etmiş və Saatlı Rayon Məhkəməsində iddia təmin olunaraq həmin borcun ondan alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmış, lakin bundan sonra iddiaçı ona pulu verməmiş və qətnamədə göstərilən borc məbləğini ondan tam tələb etmiş, o da həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayəti qismən təmin edilmişdir. Hazırda iddiaçı ona qarşı iddia qaldıraraq 2016-cı ildə imzaladığı qəbzə əsasən ondan 9900 manat borc tələb etsə də, iddiaçı 2016-cı ildə 17400 manat borc verdiyini bildirən qəbzi ona yazdırmış, lakin həmin pulu ona verməmiş, həmçinin ona 17400 manat deyil, 10-15 min manat verəcəyini, daha sonra isə 9000 manat verəcəyini bildirsə də, ona heç bir pul verməmişdir. O, iddiaçıdan həmin qəbzi tələb etsə də, iddiaçı ona qəbzin cırıldığını demiş, yenə eyni qaydada əvvəlcə məhkəmədə ona qarşı pul tələbinə dair iddia qaldıracağını və iş üzrə qərar çıxdıqdan sonra həmin qəbzdə göstərilən pulu ona verəcəyini bildirmişdir. O, Şuşa şəhərində təmir-tikinti işlərində çalışdığı üçün bir neçə dəfə məhkəmə iclaslarına gələ bilməmiş və iş üzrə sübutlarını daha əvvəlki iclaslarda məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh məhkəmə iclaslarında bir neçə dəfə iştirak etmədiyindən iş təxirə salınmış, cavabdeh sonuncu məhkəmə iclasında iştirak edərək iş üzrə sübutlarını məhkəməyə təqdim etmiş və işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin sübutların məhkəməyə təqdim edilməsinin qeyri-mümkünlüyünü əsaslandırmışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq cavabdeh tərəfindən təqdim edilmiş sənədləri iş üçün əhəmiyyətli hallar barədə məlumat verən sübut qismində qəbul edərək iş materiallarına əlavə etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 05 yanvar 2016-cı il tarixli müqavilə qəbzindən görünür ki, həmin qəbzdə Cavabdeh 30 dekabr 2017-ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı 17400 manat pul götürdüyünü və razılaşma yolu ilə həmin borcun qaytarılması müddətinin 2020-ci ilin dekabr ayının sonunadək uzadılmasını qeyd etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(055)-975/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı 2015-ci və 2018-ci illərdə verilmiş ümumilikdə 6500 manat pulun, 150 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun qaytarılması barədə Saatlı Rayon Məhkəməsində iddia qaldırmış, cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 25 fevral 2020-ci il tarixli 2(106)-297/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(055)-975/2019 saylı qətnaməsi ləğv edilmiş və Cavabdeh 1680 manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1710 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 2019-cu ildə İddiaçı Cavabdeh qarşı 2015-ci və 2018-ci illərdə verilmiş ümumilikdə 6500 manat pulun, 150 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun qaytarılması barədə Saatlı Rayon Məhkəməsində iddia qaldırmışdır. Saatlı Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli 2(055)-975/2019 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin iş məhkəmədə araşdırılarkən məlum olmuşdur ki, qətnamədən verilmiş apellyasiya şikayətinə əsasən iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş və qətnamə ləğv edildiyindən iş Saatlı Rayon Məhkəməsinə qaytarılmamışdır. Cavabdehin 2016-cı ildən iddiaçıya 17400 manat borcu olduğu halda iddiaçının 2018-ci ildə yenidən cavabdehə borc pul verməsi inandırıcı və ağlabatan deyildir. Həmçinin əgər cavabdeh 2016-cı ildə iddiaçıdan 17400 manat borc almışdırsa, iddiaçı 2019-cu ildə cavabdehə qarşı 2015-ci və 2018-ci illərdə verdiyi borcları tələb edərkən, 2016-cı ildə ona verdiyi 17400 manat borcu da tələb edə bilərdi, lakin iddiaçı həmin borc məbləğini mübahisələndirmədən cavabdehdən sadəcə 2015-ci və 2018-ci illərdə ona verdiyi ümumilikdə 6500 manat borcu tələb etmişdir. İddiaçının hazırda cavabdehdən tələb etdiyi borcu 2019-cu ildə cavabdehə qarşı məhkəmədə iddia qaldırdığı və məhkəmə çəkişmələri getdiyi müddətdə cavabdehdən tələb etməməsi özlüyündə iddiaçı tərəfindən həmin pulun cavabdehə verilməsini şübhə altına alır və həmin qəbzə əsasən cavabdehə pul verilməməsi barədə cavabdehin etirazının həqiqət olması qənaətinə gəlməyə əsas verir. Bundan başqa, İddiaçı 2016-cı il tarixdə Cavabdeh 17400 manat borc pul verməsini və həmin borcun qaytarılması müddətinin uzadılmasını göstərən qəbzin cavabdeh tərəfindən ayrı-ayrı vaxtlarda yazıldığını göstərsə də, məhkəmə baxışı zamanı həmin qəbzə vizual baxış keçirilərkən həmin qəbzdə olan yazıların eyni rəngdə və solğunluqda olmasından, qələm ucluğunun kağızda yaratdığı zərbə izinin eyni formada olmasından həmin yazıların eyni vaxtda yazıldığı görünür. Ona görə də məhkəmə həmin qəbzi iddianı təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehə verdiyi 17400 manat borc məbləğindən 5700 manat ödənildiyini və cavabdehin qalan borcunun cəmi 9900 manat olduğunu göstərmişdir. Lakin 17400 manat borc məbləğindən 5700 manat ödənildiyi halda cavabdehin iddiaçıya 11700 manat (17400-5700=11700) borcu qalmalı idi. Buradan görünür ki, iddiaçının iddia ərizəsində göstərdiyi məbləğlər arasında hesab səhvləri vardır və bu da iddiaçının məhkəmə baxışında göstərdiklərinin həqiqətə uyğunluğunun mübahisəli olduğunu və onun cavabdehə qarşı qaldırdığı iddianın əsassız olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 9900 manat pulun və 119 manat ödənilmiş dövlət rüsumunun, cəmi 10019 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 06 yanvar 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 119 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 119 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı 9900 manat pulun və 119 manat ödənilmiş dövlət rüsumunun, cəmi 10019 (on min on doqquz) manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 119 (bir yüz on doqquz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar