Məhkəmə qərarları › İş №2(055)-445/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-445/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-445/2023 12.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 60000 manat borcun və ödənilmiş 270 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə 2009-cu ildən yaxşı münasibətləri olmuş, onlar uzun müddət birgə yüz minlərlə manat dəyərində mal alqı-satqısı ilə məşğul olmuş və bunun nəticəsində qazanc əldə edərək bərabər şəkildə bölüşdürmüşlər. Belə ki, o, öz hesabına topdan qızıl-zinət əşyaları almış, cavabdeh həmin qızıl-zinət əşyalarını müxtəlif ticarət obyektlərinə satmış və sonda isə əldə etdikləri qazancı maya dəyəri çıxılıb ona ödənilməklə, aralarında bərabər bölüşdürmüşlər. Sonuncu dəfə cavabdeh onun alıb gətirdiyi qızılları Moskva univermağına satmışdır. Lakin qızılları satdıqları mağaza onlara qızılların pulunu ödəməmişdir. Cavabdeh bu barədə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etsə də, bunun bir faydası olmamışdır. Bundan başqa avtomobil alışı üçün cavabdehə nağd pul vermişdir, cavabdeh də həmin pula Gürcüstandan avtomobillər alıb gətirmiş və sata bilmədiyi üçün icrayə vermişdir. Lakin daha sonra malların alqı-satqısından lazımi məbləğdə gəlir əldə edilməmiş və onun malların alınmasına çəkdiyi xərc ödənilməmiş, nəticədə Cavabdeh 2011-ci ildən ona 74000 manat borcu olmuşdur, cavabdeh həmin borcdan 14000 manat ödəmiş, lakin qalan 60000 manat borcu ödəməmişdir. Hazırda həmin borc məbləği 60000 manatdır. Lakin cavabdeh borcunu ödəməkdən boyun qaçırmış, o da polis işləyən bacısı oğluna müraciət edərək cavabdehi axtarmasını xahiş etmiş, tapdıqdan sonra o cavabdehlə danışmış, daha sonra kafeyə gedərək orada cavabdeh ona 60000 manat borcunun olması ilə bağlı qəbz yazmışdır. O, cavabdehin qəbz yazmasını videoyazıya almışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq, Cavabdeh 60000 manat məbləğində borcun və ödənilmiş 270 manat dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı həmçinin izahatında göstərdi ki, Cavabdeh sonralar borcunun ödənilməsinə görə pensiya kartını ona vermiş, o da həmin kartdan dörd ay pul çəkmişdir. Həmçinin cavabdeh ona 60000 manat borcunun olması ilə bağlı yazdığı qəbzdən sonra özü və oğlu vasitəsi ilə müəyyən məbləğlərdə onun hesabına pul köçürmüş və ümumilikdə ona olan borcundan 5000 manat ödəmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə 2009-cu ildən yaxın olmuşlar və aralarında yaxşı münasibət olmuşdur. Onlar uzun müddət birgə mal alqı-satqısı ilə məşğul olmuşlar. İddiaçı öz hesabına qızıl-zinət əşyaları almış, o, həmin qızıl-zinət əşyalarını müxtəlif ticarət obyektlərinə satmışdır. Avtomobil alışı üçün iddiaçı ona nağd pul vermişdir, o da həmin pula Gürcüstandan avtomobillər alıb gətirmiş və sata bilmədiyi üçün icrayə vermişlər. Lakin həmin avtomobillərdən birinin matoru yandığı üçün hal-hazırda işləmir və həmin avtomobil təmirə verilmişdir. O, İ Qarabağ müharibəsi əlilidir, buna görə də bir çox yerlərdə ona etimad olunur. İddiaçı da bundan istifadə edərək onunla işlər görmüşdür. Sonuncu dəfə o, iddiaçının alıb gətirdiyi qızılları Moskva univermağına satmışdır. Lakin qızılları satdıqları mağaza onlara qızılların pulunu ödəməmişdir. O bu barədə Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etsə də, bunun bir faydası olmamışdır. Satdıqları malları iddiaçı öz hesabına aldığı üçün satışdan əldə olunan gəlirdən əşyaların maya dəyəri iddiaçıya ödənilib çıxıldıqdan sonra əldə olunmuş qazancı birgə işlədikləri üçün öz aralarında bərabər bölüşdürmüşlər. Lakin hazırda iddiaçı birgə işlədikləri vaxtdan qalan zərər məbləğini bütövlükdə ondan tələb edir. İddiaçının istinad etdiyi qəbzi o özü yazmışdır, lakin həmin qəbzi iddiaçı polis işləyən bacısı oğlu ilə birgə ona yazdırmışlar. O da borc məbləğini bütövlükdə hesablamadığı üçün iddiaçının dediyi məbləği qəbzə yazmışdır. Lakin sonradan ona məlum olmuşdur ki, həmin məbləğ onun iddiaçıya ödəməli olduğu və onun payına düşən zərər məbləği deyil, onların satışını həyata keçirdiyi malların dəyərinin ümumi məbləğidir. 2009-cu ildə qızılın qiyməti ilə hazırkı vaxtda olan qiyməti eyni deyildir. İddiaçı isə bunu nəzərə almadan şişirdilmiş məbləği ondan tələb edir. Onun pensiya kartı iddiaçıda olmuş, iddiaçı həmin kartdan 2023-cü ilin mart ayınadək pul çəkmişdir. Həmçinin o, yazdığı qəbzdən sonra ayrı-ayrı vaxtlarda özü və oğlu vasitəsi ilə iddiaçının hesabına pul köçürərək ümumilikdə borcundan 2500-5000 manat pul ödəmişdir. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 sentyabr 2022-ci il tarixli qəbzdən, videoyazıdan və audioyazıdan görünür ki, Cavabdeh İddiaçı 60000 manat borcu olduğunu öz imzası ilə təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “MilliÖn” ödəmə terminalından ödəniş edilməsi ilə bağlı sənəddən, “eManat” ödəmə terminalından ödəniş edilməsi ilə bağlı 01 mart 2023-cü il tarixli qəbzdən, “MilliÖn” ödəmə terminalından ödəniş edilməsi ilə bağlı qəbzdən görünür ki, Cavabdeh İddiaçı müxtəlif vaxtarda 50 manat, 150 manat, 50 manat ödəniş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında azad surətdə Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmayan, lakin ona zidd olmayan şifahi müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh şərikli qaydada birgə qeyri-rəsmi biznes fəaliyyəti ilə məşğul olmuşlar və həmin işlərdən əldə etdikləri gəlirdən satılan malların iddiaçıya ödənilməli olan maya dəyəri çıxılmaqla, qazancı aralarında bölüşdürmüşlər. Lakin iddiaçı iddia ərizəsi isə məhkəməyə müraciət edərək cavabdehlə gördükləri işlər nəticəsində cavabdehin ona 60000 manat borcu qaldığını bildirmiş və həmin borcun cavabdehdən alınmasını tələb etmişdir. İş materiallarında olan 01 sentyabr 2022-ci il tarixli qəbzdən və məhkəmə iclası zamanı baxış keçirilmiş videoyazıdan və audioyazıdan görünür ki, cavabdeh iddiaçıya 60000 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh həmin qəbzi iddiaçının və onun polis işləyən bacısı oğlunun təzyiqi altında yazdığını bildirsə də, məhkəmə iclasında bu hal sübuta yetirilməmişdir. Lakin məhkəmə iclası zamanı iddiaçının və cavabdehin izahatları ilə müəyyən edildi ki, cavabdeh əvvəlcə iddiaçıya 60000 manat borcu olduğunu etiraf etmiş olsa da, sonradan ona məlum olmuşdur ki, həmin məbləğ sadəcə onun iddiaçıya ödəməli olduğu, yəni iddiaçının satışını həyata keçirdikləri mallara görə ödədiyi və malların satışından əldə olunacaq maya dəyərinin iddiaçıya çatacaq məbləği deyil, ümumilikdə satışını həyata keçirdikləri qızılzinət əşyalarının və avtomobillərin dəyərinin ümumi məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 60000 manat deyil, ən yaxşı halda həmin məbləğin yarısını tələb etmək hüququna malikdir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh maya dəyəri olan 60000 manatı iddiaçı ilə özünün birgə iradəsinə uyğun olaraq birgə gəlir əldə etmək məqsədi ilə mal alınmasına xərclədiyi, özünə sərf etmədiyi, yəni hüquqi əsas olmadan İddiaçı hesabına əmlak əldə etmədiyi üçün bu hal əsassız varlanma hesab edilə bilməz. İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən onlar birgə əməkdaşlıq nəticəsində əldə etdikləri qazancı bərabər şəkildə bölməli idilər. Belə olan halda məhkəmə hesab edir ki, birgə əməkdaşlıq nəticəsində əldə edilmiş gəlir bərabər şəkildə bölünürsə, dəymiş ziyan da, tərəflər arasında bərabər bölünməli və həmin hal əsassız varlanma hesab edilərək yalnız cavabdehə aid edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasındakı münasibətlər borc müqaviləsi, barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə aid edilə bilməz. Belə ki, cavabdeh birtərəfli qaydada (hər iki tərəfin sərbəst iradəsini özündə əks etdirən müqavilə formasında olmayan) qəbz yazmışdır. Ona görə də, cavabdehin bir tərəfli qaydada qəbz yazması tərəflər arasında borc müqaviləsi, barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanması kimi qəbul edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh şərikli qaydada birgə işlədikləri dövrdə qeyri-rəsmi biznes fəaliyyəti ilə məşğul olmuşlar və birgə qazanc əldə etmişlər. Onlar birgə gördükləri işlərə görə əldə olunmuş qazancı aralarında böldükləri kimi, gördükləri işlər nəticəsində dəymiş ziyanı da bərabər şəkildə öz aralarında bölməlidirlər. Buradan da görünür ki, iddiaçı cavabdehdən 60000 manat deyil, 30000 manat pul tələb edə bilər. Məhkəmə iclasında həmçinin iddiaçının özünün etirafı ilə müəyyən olundu ki, cavabdeh 1 sentyabr 2022-ci il tarixdə iddiaçıya 60000 manat borcunun olması ilə bağlı qəbzi yazdıqdan sonra 5000 manat pul ödəmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 25000 (30000-5000=25000) manat məbləğində pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25000 manat alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş 27 mart 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 270 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 270 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar