Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-448/2025 15.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı oğlunun "LİV BONA DEA HOSPİTAL"nda müalicəsinə və dərmanlarının alınmasına xərclənən cəmi 21857 manat pul vəsaitinin cavabdehdən alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 20 iyun 2020-ci il tarixdə Sabirabad rayon Qalaqayın kəndində Cavabdeh idarə etdiyi "Daewoo Espero" markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sürətli hərəkət edən zaman, həmin vaxt qarşı hərəkət istiqamətində, "Kamaz” markalı avtomobilin arxasından onun hərəkət istiqamətində, yolu soldan sağa keçən piyadanı, yəni oğlu X4 avtomobili ilə vuraraq, Xeyrulla Əliyevə dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyat hadisəsi törətmişdir. Yol-nəqliyat hadisəsi ilə bağlı Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayyət əməlini törədməkdə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onun uşağı (Xeyrulla Əliyev) ağır xəstədir və bu günə qədər müalicə alır. Buna baxmayaraq Cavabdeh onun uşağı ilə maraqlanmamış, onun xəstəliyi ilə bağlı çəkilən xərclərdə iştirak etməmişdir. Hal-hazırda uşağının xəstəxanada müalicə və dərman xərcləri onun tərəfindən ödənilir. Maddi vəziyyəti çox çətindir, uşağının xəstəxanada müalicǝ olunmasında və dərmanları almaqda çətinlik çəkir. Xeyrulla Əliyev "LİV BONA DEA HOSPİTAL"-nda dəfələrlə müalicə almış, həmin xəstəxananın bütün müalicə və dərman xərcləri onun tərəfindən ödənilmişdir. Belə ki, "LİV BONA DEA HOSPİTAL"-ın təqdim etdiyi xidməti çıxarışdan göründüyü kimi 12900 manat, 8000 manat və 957 manat avans, cəmi 21857 manat pul vəsaiti uşağının müalicəsində onun tərəfindən hospitala ödənilmişdir. Halbuki, bu xərclərdə Cavabdeh iştirak etməlidir, çəkilən xərclər Cavabdeh alınaraq ona verilməlidir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(056)-157/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayyət əməlini törədməkdə təqsirli bilinərək 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sözügedən hökmdə hadisə nəticəsində zərəçəkmiş şəxs Xeyrulla Əliyevin baş beyin kötüyünün ağır dərəcəli əzilməsi, sağ gicgah nahiyəsində epidural hematoma, hər iki alın paylarda hemorragik əzilmə sahələri, alt çənənin soldan qapalı sınığı, hər iki ağciyərin kontuziyası, sağ tərəfli hemotoraks, sağ körpücük sümüyü və sol 10-11-ci qabırğaların qapalı sınıqları, hər iki bud sümüklərinin qapalı yerdəyişən sınığı, üz nahiyəsində əzilmiş yara, baş və bədən nahiyəsində çoxsaylı sıyrılmış yaralarla müşaiyət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri aldığı göstərilmişdir. Həmin iş üzrə İddiaçı zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi olmuşdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 1(102)-1839/2024 saylı qərarının surətindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(056)-157/2022 saylı hökmü üzrə verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmamış, yəni sözügedən hökm qanuni qüvvəsini almışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş "LİV BONA DEA HOSPİTAL"ın 15 dekabr 2024-cü il tarixli xidmət çıxarışlarından görünür ki, 26 oktyabr 2009-cu il təvəllüdlü Xeyrulla Əliyevin xəstəxana xərcləri 12900 manat, 8000 manat və 957 manat avans olmaqla, ümumilikdə 21857 manat təşkil etmişdir (imza və möhürlə təsdiq edilməmişdir). İşdə olan və məhkəmə iclasında elan edilmiş "LİV BONA DEA HOSPİTAL"ın möhürlə təsdiq edilmiş 11 aprel 2025-ci il tarixli faktura xidmət siyahısından görünür ki, 26 oktyabr 2009-cu il təvəllüdlü Xeyrulla Əliyevin xəstəxana xərcləri ümumilikdə 17492.90 manat təşkil etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 181.2.3-cü maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş gəlirin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1097-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh X4 avtomobili ilə vuraraq, Xeyrulla Əliyevə dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyat hadisəsi törətmişdir. Sabirabad Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(056)-157/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayyət əməlini törətməkdə təqsirli bilinmişdir. Həmin hökm qanuni qüvvəsini almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Xeyrulla Əliyevin sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün sonuncu "LİV BONA DEA HOSPİTAL"da müalicələr almış, bu səbəbdən də, iddiaçı tərəfindən sözügedən xəstəxanaya 17492.90 manat pul ödənilmişdir. İddiaçı iddia ərizəsində LİV BONA DEA HOSPİTAL"da çəkilən xərclərin (müalicə və dərmanlar üçün) 21857 manat olduğunu göstərərək həmin məbləği iddiaçıdan tələb etsə də, məhkəməyə təqdim etdiyi faktura xidmət siyahısından Xeyrulla Əliyevin sağlamlığının bərpasına çəkilmiş xərclərin ümumilikdə 17492.90 manat təşkil etdiyi müəyyən edilmişdir. İddiaçı iddia tələbinin 17492.90 manat hissəsinə dair mötəbər sübutu ("LİV BONA DEA HOSPİTAL"ın möhürlə təsdiq edilmiş 11 aprel 2025-ci il tarixli faktura xidmət siyahısını) məhkəməyə təqdim etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək təqdim edilmiş xəstəxana xərclərinin 21857 manat olması barədə "LİV BONA DEA HOSPİTAL"ın 15 dekabr 2024-cü il tarixli xidmət çıxarışları məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Belə ki, sözügedən xidmət çıxarışları imza və möhürlə təsdiq edilməmişdir. Həmin çıxarışların kompüterdə istənilən məbləğlər yazılmaqla tərtib edilməsi mümkündür. Qeyd edilən sənədlərin "LİV BONA DEA HOSPİTAL" tərəfindən verilməsi məhkəmə iclasında sübuta yetirilmir. Belə olan halda iddia tələbinin qalan hissəsinin (4364.10 manat hissəsi (21857-17492,90=4364,10)) əsaslı olduğunu təsdiq edən mötəbər sübut məhkəməyə təqdim edilməmiş hesab olunmuşdur və məhkəmə baxışı zamanı bu hal öz təsdiqini tapmamışdır. Ona görə də, məhkəmə "LİV BONA DEA HOSPİTAL"ın 11 aprel 2025-ci il tarixli faktura xidmət siyahısını mötəbər sübut kimi qəbul edərək hesab edir ki, İddiaçı Cavabdeh 17492.90 manat pulu tələb etməkdə haqlıdır. Lakin İddiaçı Cavabdeh tələb etdiyi 21857 manat pulun 4364.10 manat olan hissədə tələbi əsaslı olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh Xeyrulla Əliyevin "LİV BONA DEA HOSPİTAL"da müalicəsinə və dərmanlarının alınmasında xərclənən cəmi 17492,90 manat pul alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 06 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 156 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 156 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Xeyrulla Əliyevin "LİV BONA DEA HOSPİTAL"da müalicəsinə və dərmanlarının alınmasında xərclənən cəmi 17492 (on yeddi min dörd yüz doxsan iki) manat 90 (doxsan) qəpik pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-448/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-448/2025
15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver