Məhkəmə qərarları › İş №2(055)-452/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-452/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-452/2023 17.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kreditin, faizlərin və əldən çıxmış faydanın ödənilməsi tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2265,42 manat əsas borc, 11,75 manat faiz borcu və əldən çıxmış fayda qismində 1254 manat, cəmi 3531,17 manat borcun və ödənilmiş 56 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, 27 may 2019-cu il tarixli 45/0519-034 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2265,42 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 05 oktyabr 2020-ci il tarixə iddiaçıya 2265,42 manat əsas borcu, 11,75 manat faiz borcu yaranmışdır. Həmçinin cavabdeh tərəfindən müqavilə öhdəliklərinin tam icra edilməməsi nəticəsində iddiaçıya maddi və mənəvi ziyan dəymiş və bunun nəticəsində 1254 manat əldə çıxmış fayda hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də Cavabdeh 2265,42 manat əsas borc, 11,75 manat faiz borcu və əldən çıxmış fayda qismində 1254 manat, cəmi 3531,17 manat borcun və ödənilmiş 56 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 27 may 2019-cu il tarixli 45/0519-034 saylı kredit (restrukturizasiya) müqaviləsindən və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, bu müqavilə 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2265,42 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 27 may 2019-cu il tarixli 45/0519-034 saylı kredit müqaviləsi üzrə 05 oktyabr 2020-ci il tarixə kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə iddia qaldırılan günə olan vaxtı keçməmiş əsas kredit borcunun məbləği 2080,07 manat, iddia qaldırılan günə vaxtı keçməmiş faiz borcunun məbləği 0,41 manat, iddia qaldırılan günə vaxtı keçmiş əsas kredit borcunun məbləği 185,35 manat, iddia qaldırılan günə vaxtı keçmiş faiz borcunun məbləği 11,34 manat, borc üzrə iddia tələbinin cəmi məbləği 2277,17 manat təşkil edir. İşdə olan 07 avqust 2023-cü və 28 avqust 2023-cü il tarixli bildirişlərdən və həmin bildirişlərin cavabdeh tərəfindən qəbul edildiyini göstərən xəbərnamələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, 27 may 2019-cu il tarixli 45/0519-034 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2265,42 manat məbləğində kredit verilmişdir. Kredit müaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh 05 oktyabr 2020-ci il tarixə iddiaçıya 2265,42 manat əsas borcu, 11,75 manat faiz borcu yaranmışdır. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin tam icra edilməməsinə görə 1254 manat əldə çıxmış fayda hesablanmışdır. Borcun qaytarılması barədə cavabdehə xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu qaytarmamışdır. Ona görə də İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 2265,42 manat əsas borc, 11,75 manat faiz borcu və əldən çıxmış fayda qismində 1254 manat, cəmi 3531,17 manat borcun alınmasını tələb edir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən qiymətləndirərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddianın əldən çıxmış fayda qismində tələb edilən 1254 manat hissəsini təsdiq edən, əldən çıxmış fayda qismində 1254 manatın hesablanma qaydasını özündə əks etdirən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin də iddianın bu hissəsi məhkəmədə öz təsdiqini tapmamışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti cavabdehdən 2265,42 manat əsas borc, 11,75 manat faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır, lakin (Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) əldən çıxmış fayda qismində 1254 manat tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 27 may 2019-cu il tarixli 45/0519-034 saylı kredit müqaviləsi üzrə 2265,42 manat əsas borc, 11,75 manat faiz borcu, cəmi 2277,17 manat alınıb iddiaçı ASEL KREDİT» Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 28 sentyabr 2021-ci və 30 mart 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 56 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 56 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 27 may 2019-cu il tarixli 45/0519-034 saylı kredit müqaviləsi üzrə 2265,42 manat əsas borc, 11,75 manat faiz borcu, cəmi 2277 (iki min iki yüz yetmiş yeddi) manat 17 (on yeddi) qəpik alınıb İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 56 (əlli altı) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar