Məhkəmə qərarları › İş №2(055)-465/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-465/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-465/2023 15.05.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kiçik iddia ərizəsinə dair işə baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 1033 manat əsas borc, 303 manat faiz borcu, 201 manat cərimə və 35 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 05 may 2022-ci il tarixli kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, Cavabdeh1 ərizə ilə “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək 1500 manat kreditə əlavə olaraq ona təkrar 500 manat məbləğində kredit verilməsini xahiş etmiş və “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona 08 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən əlavə olaraq 500 manat kredit verilmişdir. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü kreditə görə 2040 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 1020 manat ödəniş etmiş, əlavə olaraq aldığı 500 manat kreditə görə isə 605 manat ödəməli olduğu halda, 289 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehlərə kreditin ödənilməsinə dair şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1033 manat əsas borc, 303 manat faiz borcu, 201 manat cərimə və 35 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 05 may 2022-ci il tarixli, 348/48 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 12 ay müddətinə aylıq 3% olmaqla 1500 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 05 may 2022-ci il tarixli, 48 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilə 05 may 2022-ci il tarixli, 348/48 saylı kredit müqaviləsi üzrə kreditor qarşısında Cavabdeh1 ilə birgə öhdəlik daşıması ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmışdır. İşdə olan 08 iyul 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bu müqavilə 6 ay müddətinə ödəmək şərti ilə 500 manat məbləğində kredit verilməsi ilə bağlı kreditor "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan 10 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə 1033 manat əsas borc, 303 manat faiz borcu, 201 manat cərimə borcu, cəmi 1537 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 05 may 2022-ci il tarixli kredit müqaviləsi bağlanılaraq ona 12 ay müddətinə bərabər miqdarda qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bundan başqa, Cavabdeh1 ərizə ilə “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edərək 1500 manat kreditə əlavə olaraq ona təkrar 500 manat məbləğində kredit verilməsini xahiş etmiş və “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona 08 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən əlavə olaraq 500 manat kredit verilmişdir. Ödəniş qrafikinə uyğun olaraq borclu Cavabdeh1 götürdüyü kreditə görə 2040 manat ödəniş etməklə qaytarmalı olduğu halda, 1020 manat ödəniş etmiş, əlavə olaraq aldığı 500 manat kreditə görə isə 605 manat ödəməli olduğu halda, 289 manat ödəniş etmiş, lakin qalan aylarda ödəmə etməyərək kredit müqaviləsinin şərtlərini pozmuş və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməmişdir. Cavabdehlərə kreditin ödənilməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən imtina etmişlər. Ona görə də, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1033 manat əsas borc, 303 manat faiz borcu, 201 manat cərimə, cəmi 1239 manat borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, iddiaçı “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1033 manat əsas borcu, 303 manat faiz borcunu və 201 manat cərimə borcunu, cəmi 1239 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan 201 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1033 manat əsas borc, 303 manat faiz borcu, 100 manat cərimə (dəbbə pulu), cəmi 1436 manat pul alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 07 aprel 2023 və 11 may 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, “El-Gücü» Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün iddia tələbinə uyğun məbləğdə dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1033 manat əsas borc, 303 manat faiz borcu, 100 manat cərimə (dəbbə pulu), cəmi 1436 (bir min dörd yüz otuz altı) manat alınaraq iddiaçı "xxxx" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar