Məhkəmə qərarları › İş №2(055)-474/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-474/2024

31.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-474/2024 31.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat borcun və 70 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə eyni yerdə işləmişlər və İlqarla yaxşı münasibətləri olmuşdur. Cavabdeh 2022-ci ilin yanvar ayında ondan 5000 manat borc almışdır. O, 5000 manat pulu şifahi razılaşma əsasında nağd qaydada cavabdehə vermiş və hər hansı sənəd tərtib etməmişdir. Cavabdeh həmin borcu 5 ay müddətində qaytarmalı olduğu halda, indiyədək borcunu qaytarmamışdır. O, Cavabdeh oğlu ilə əlaqə saxlamış, İlqarın oğlu ona atasının Türkiyədə yaşadığını, atasının təkcə ondan deyil, başqa şəxslərdən də borc aldığını bildiyini, lakin onunla cavabdeh arasında olan məsələyə qarışmadığını bildirmişdir. O, cavabdehdən borcun ödənilməsini dəfələrlə tələb etsə də, İlqar ona olan borcunu qaytarmaqdan imtina etmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq 5000 manat pulun və 70 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 15 fevral 2024-cü il tarixli pretenziyadan və onun göndərilməsi barədə qəbzdən görünür ki, Nuriyev X2 İlqar Əyyub oğluna pretenziya məktubu göndərərək şifahi razılaşma əsasında ona verdiyi 5000 manat borcun 10 gün müddətində qaytarılmasını tələb etmiş, borc qaytarılmadığı təqdirdə isə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Məhkəmə baxışı zamanı işin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehə verdiyi 5000 manat borcun 5 ay müddətində qaytarılmalı olduğu halda, indiyədək qaytarılmadığını bildirmiş və həmin borcun cavabdehdən alınaraq ona ödənilməsini tələb etmişdir. Lakin iş materialları araşdırılarkən iddiaçının izahatından başqa, onun tələbini əsaslandırdığı hər hansı sübut aşkar edilməmişdir. Məhkəmə tərəfindən İddiaçı Cavabdeh ondan 5000 manat borc almasını və hazırkı vaxtadək həmin borcu qaytarmamasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, iddiaçı tələbini əsaslandırdığı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının izahatı isə özü-özlüyündə sübut növü kimi qəbul edilə bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Buradan da göründüyü kimi, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 5000 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 13 mart 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar