Məhkəmə qərarları › İş №2(055)-488/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-488/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-488/2025 05.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X4 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X4 qarşı iddiamqaldıraraq, onlardan 6000 manat pulun və ödənilmiş 80 manat dövlət rüsumunun, cəmi 6080 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 5500 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, cavabdehler Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 X3 aldığları 3.14 hektar pay torpaq sahəsini aralarında olan razılaşmaya əsasən 16 noyabr 2017-ci ildə 5500 manata ona satmışlar. O, 5500 manat versə də, cavabdehlər akta 6000 manat qeyd etmişlər. Qeyd edilən torpağa mülkiyyət hüququna dair dövlət aktının surətini də ona vermişlər. Bu barədə akt tərtib olunmuş və aktın doğruluğunu cavabdehlərdən başqa Rövşən Abdullayev və Turan Fətullayev öz imzaları ilə təsdiq etmişlər. 16 noyabr 2017-ci ildə mən 3.14 hektar pay torpaq sahəsini cavabdehlərdən alarkan notariat qaydasında alqı-satqı həyata keçirməmişlər. Həmin vaxtdanda təxminən bir ay bundan əvvələ kimi olan müddətdə o, yuxarıda qeyd edilən 3.14 hektar pay torpaq sahəsini özününkü bilərək əkib-becərmişdir. Təxminən bir ay bundan əvvəl isə X5 qardaşı Nuriddin qeyd edilən torpaq sahəsini onun razılığı və xəbəri olmadan şumlatdırmış və ona həmin torpaq sahəsinə girməməyini bildirmişdir. Cavabdehlərə torpaq sahəsinin əvəzində vermiş olduğu 5500 manat pulu onlardan geri tələb etsə də, onlar həmin məbləğdə pulu ona qaytarmaqdan imtina etmişlər. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2000-ci ildə Nüsrət Rəhimovdan torpaq sahəsini almışdır. Torpaq sahəsini əkib becərmiş, sonra maddi imkanıyla bağlı 2017-ci ildə torpaq sahəsini İddiaçı illik 700 manata 10 illik icarəyə vermişdir. İddiaçı 5500 manat ödəmişdir. Sonra İddiaçı ona zəng etmişdir ki, torpaq sahəsini şumlanıb. Sonra məlum olmuşdur ki, Nüsrət Rəhimov torpaq sahəsinə çıxarış çıxarıb və başqasına icarayə vermişdir. Göstərilənlərə əsasən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 və X4 qızı məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, İddiaçı ilə bir yerdə işləmişdir. Cavabdeh2 ilə isə həmkəndlidir. Təxminən 2017-ci ildə Ərşad onların işlədiyi dükana gələrək özünə məxsus torpaq sahəsini satmaq istədiyi bildirmiş və Mikayılda torpağı alacağını bildirmişdir. Toprağın alqı-satqısında o, da iştirak etmişdir. Mikayıl onun yanında Ərşada torpağa görə 5500 manat pul vermişdir. İşdə olan Cavabdeh2, Cavabdeh1, X8 və İddiaçı imzaları təsdiq edilmiş 16 noyabr 2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh2, Cavabdeh1, X1 Nüsrət Kərim oğlundan aldıqları 3,14 hektar pay torpaq sahəsini Şirinbəy kənd sakini İddiaçı birdəfəlik olaraq 6000 manata satmışlar. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə görə öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, məhkəmə müdafiəsindən istifadə etmək hüququnu həyata keçirən hər bir şəxs qanunla müəyyən edilmiş qaydadan istifadə etməlidir. Qanunla müəyyən edilmiş qayda isə mülki-prosessual qanunvericilikdə müəyyən edilib. İşin araşdırılan halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, Cavabdeh2 X3 aldığı 3,14 ha torpaq torpaq sahəsinə görə iddiaçı tərəfindən cavabdehlərə 5500 manat pul verilmişdir. Həmin 5500 manat pulun cavabdehlər tərəfindən iddiaçıdan qəbul edilməsi halı tərəflər arasında 16 noyabr 2017-ci il tarixli akt ilə sübut olunur. Aktda 6000 manat qeyd olunsa da, məhkəmə araşdırması zamanı iddiaçı və cavabdehin izahatı ilə 5500 manat pul verildiyi təsdiq olunur. Lakin tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair notariat qaydasında alıq-satqı müqaviləsi və yaxud torpağın icarəyə verilməsi barədə müqavilə bağlanmadığına görə tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə isə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 5500 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 müştərək qaydada 5500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş 04 mart 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 80 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 müştərək qaydada 5500 manat məbləğində pul və ödənilmiş 80 manat dövlət rüsumu, cəmi 5580 (beş min beş yüz səksən) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar