Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-5/2023 26.04.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Babayev Samir Hakim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı darvazanın və hasarın sökülməsi, gediş-gəliş yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək saatlı Saatlı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 04 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.68 ha. həyətyanı torpaq sahəsinin plan-ölçü sənədi üzrə müəyyən edilmiş gedişgəliş yolu üzərində Cavabdeh1 tərəfindən qanunsuz tikilmiş darvazanın, digər Cavabdeh2 tərəfindən isə qanunsuz tikilmiş hasarın sökülməsi, gediş-gəliş yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 30 iyun 2001-ci il tarixli 04 saylı qərarına əsasən Saatlı rayonu, Əliabad kəndində onun və beş nəfər ailə üzvlərinin mülkiyyətinə 0,68 hektar torpaq sahəsi verilmişdir. Lakin onunla qonşuluqda yaşayan Cavabdeh1 həmin torpaq sahəsinin gediş-gəliş yolu üzərinə dəmir darvaza qoymuş, digər Cavabdeh2 isə həmin gediş-gəliş yolu üzərində hasar tikmişdir. Nəticədə o və ailə üzvləri yaşadıqları evə rahat gedib-gələ bilmirlər. Yol dar olduğundan yağışlı havada qəza vəziyyəti yaranır. Buna görə də o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı darvazanın və hasarın sökülməsi, gediş-gəliş yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi ilə məhkəmədə qaldırdığı iddianı müdafiə edir. Ekspert rəyi ilə də razı deyil. Odur ki, göstərdiklərinin nəzərə alınaraq darvazanın və hasarın sökülməsi, gediş-gəliş yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ona və digər Cavabdeh2 qarşı məhkəmədə qaldırmış olduğu darvazanın və hasarın sökülməsi, gediş-gəliş yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası ilə razı deyildir. İddiaçının və ailə üzvlərinin yaşadıqları evə gediş-gəlişləri üçün istifadə etdikləri yol kifayət qədər enlidir. Onun tikidiyi darvaza Saatlı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 04 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.21 ha. torpaq sahəsində yerləşməklə iddiaçıya hər hansı formada maneə törətmir. Ona görə də, iddianın ona aid hissədə təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasının iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə müvafiq olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında üçüncü şəxs-Saatlı rayon Əliabad kənd Bələdiyyəsinin sədri X6 iştirak etməsə də, əvvəlki məhkəmə iclasında iştirak edərək izahatında göstərmişdir ki, mübahisə predmeti olan ərazidə iddiaçının kifayət qədər enli gediş-gəliş yolu vardır və iddianın təmin olunub-olunmaması barədə qətnamə çıxarılmasını məhkəmənin mülahizəsinə buraxır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası ƏMDX-in Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/112 nömrəli rəyindən görünür ki, Cavabdeh1 istifadəsində olan darvaza Torpağın mülkiyyətə verilməsinə dair JN-015A, KOD 90808028 saylı Şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvləri-X4, X2, X1 və X3 mülkiyyətinə verilmiş Saatlı rayonu, Əliabad kəndində yerləşən 0.68 ha. torpaq sahəsinin gediş-gəliş yolu üzərinə düşmür, yəni darvaza həmin torpaq sahəsinin gediş-gəliş yolu üzərində yerləşmir. Cavabdeh2 istifadəsində olan hasar Torpağın mülkiyyətə verilməsinə dair JN-015A, KOD 90808028 saylı Şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvləri-X4, X2, X1 və X3 mülkiyyətinə verilmiş Saatlı rayonu, Əliabad kəndində yerləşən 0.68 ha. torpaq sahəsinin gediş-gəliş yolu üzərinə düşmür, yəni hasar həmin torpaq sahəsinin gediş-gəliş yolu üzərində yerləşmir. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-015A KOD 90808028 saylı şəhadətnamənin surətindən görünür ki, Saatlı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 04 saylı qərarı ilə Saatlı rayonu, Əliabad kənd sakini X4 və onun ailə üzvlərinin mülkiyyətinə 0.68 ha. torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-024A KOD 90808028 saylı şəhadətnamədən görünür ki, Saatlı Rayon Aqrar islahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 04 saylı qərarı ilə Saatlı rayonu, Əliabad kənd sakini Cavabdeh1 və onun ailə üzvlərinin mülkiyyətinə 0.21 ha. torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-011A KOD 90808028 saylı şəhadətnamədən görünür ki, Saatlı Rayon Aqrar islahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 04 saylı qərarı ilə Saatlı rayonu, Əliabad kənd sakini X5 mülkiyyətinə 0.33 ha. torpaq sahəsi verilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh1 istifadəsində olan darvaza və Cavabdeh2 istifadəsində olan hasar Torpağın mülkiyyətə verilməsinə dair JN-015A, KOD 90808028 saylı Şəhadətnamə əsasında İddiaçı və onun ailə üzvləri-X4, X2, X1 və X3 mülkiyyətinə verilmiş Saatlı rayonu, Əliabad kəndində yerləşən 0.68 ha. torpaq sahəsinin gediş-gəliş yolu üzərinə düşmür. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 istifadəsində olan darvaza və Cavabdeh2 istifadəsində olan hasar İddiaçı və onun ailə üzvləri-X4, X2, X1 və X3 mülkiyyətinə verilmiş Saatlı rayonu, Əliabad kəndində yerləşən 0.68 ha. torpaq sahəsinin gediş-gəliş yolu üzərinə düşmədiyi, yəni cavabdehlərə məxsus olan darvaza və hasarın həmin torpaq sahəsinin gediş-gəliş yolu üzərində yerləşmədiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/112 nömrəli rəyi ilə təsdiq olunur. İddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında obyektiv rəy verilmədiyini göstərərək ekspert rəyi ilə razılaşmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-in 103.1-ci maddəsinə görə ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırki iş üzrə verilmiş ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçılar tərəfindən ekspert rəyini şübhə altına alan sübutlar məhkəməyə təqdim təqdim olunmamışdır. Digər tərəfdən, işə baxılarkən ekspert rəyi ətraflı şəkildə tədqiq olunmuş, aydın olmayan, habelə qiymət verilməsi mümkün olmayan xüsusat müəyyən edilmədiyindən və iddiaçı da bu barədə vəsatət vermədiyindən məhkəmə əlavə və ya təkrar ekspertiza təyin olunmasına da zərurət bilməmişdir. Odur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/112 nömrəli rəyi iş üçün mühüm əhəmiyyət kəsb edən yazılı sənəd və mötəbər sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq 7 normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı darvazanın və hasarın sökülməsi, gediş-gəliş yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İşə əlavə edilmiş qəbzdən görünür ki, tədqiqatın dəyəri 95 manat təşkil etmiş və həmin xərc İddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş 03 mart 2023-cü il tarixli, 10/112 nömrəli ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən 95 manat mütəxəssis rəyinin verilməsinə görə çəkilmiş xərc İddiaçı aid edilməli, məhkəmə mühəndis-texniki ekspertizasının tədqiqinin dəyəri olan 50 manat iddiaçıdan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı darvazanın və hasarın sökülməsi, gediş-gəliş yolunun açılması və maneələrə son qoyulması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №2(055)-5/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-5/2023
26.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver