Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-501/2024 20.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(055)-732/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 06 avqust 2009-cu il tarixdə anadan olmuş X6 və 07 iyun 2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə evlənib ailə həyatı qurmuşlar və birgə nikahlarından 06 avqust 2009-cu il tarixdə X8 və 07 iyun 2012-ci il tarixdə X9 adlı iki nəfər uşaqları anadan olmuşlar. Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2(055)-732/2018 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuş, 06 avqust 2009-cu il tarixdə anadan olmuş X6 və 07 iyun 2012-ci il tarixdə anadan olmuş X7 onun yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün 24 aprel 2018-ci il tarixdən başlanaraq hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin hazırda uşaqlar böyüdüyü üçün onların məsrəfləri artmışdır və təyin edilmiş aliment məbləği uşaqların saxlanması üçün kifayət etmir. Ona görə də göstərdiklərini nəzərə alaraq Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(055)-732/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 06 avqust 2009-cu il tarixdə anadan olmuş X6 və 07 iyun 2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı xahişini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X2 izahatında göstərdi ki, Cavabdeh onun oğludur. Cavabdeh 3-cü qrup əlildir və 150 manat pensiya alır. Cavabdeh pensiya kartını iddiaçıya vermişdir və hər ay 150 manat aliment pulunu iddiaçıya ödəyir. Uşaqların babası kimi əvvəllər alimentdən əlavə cavabdehə maddi köməklik göstərmişdir, lakin hazırda xəstədir və 320 manat əmək haqqı alır, aldığı əmək haqqını isə xəstəliyi ilə bağlı xərclədiyi üçün cavabdehə yardım edə bilmir. Həmçinin işləmək qabiliyyəti olsa da, Cavabdeh hazırda heç bir yerdə işləmir və onun iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə imkanı yoxdur. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(055)-732/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Məmmədova (Fətullayeva) Fərəh Çingiz qızı ilə Cavabdeh arasında 12 sentyabr 2008-ci il tarixdə Saatlı rayon Qeydiyyat Şöbəsində bağlanmış 247 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından 06 avqust 2009-cu il tarixdə anadan olmuş X8 və 07 iyun 2012-ci il tarixdə anadan olmuş X9 adlı iki nəfər uşaqların anaları-iddiaçı X3 yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh 06 avqust 2009-cu il tarixdə anadan olmuş X8 və 07 iyun 2012-ci il tarixdə anadan olmuş X9 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 24 aprel 2018-ci il tarixdən başlanaraq hər ay hər bir uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqələrinin surətindən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X8 06 avqust 2009-cu il tarixdə, X9 07 iyun 2012-ci il tarixdə anadan olmuşlar. Uşaqların anası İddiaçı, atası Cavabdehdur. İşdə olan və məhkəmə iclasında elan edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 fevral 2024-cü il tarixli MŞS/MT 024/2024-00271 saylı arayışdan görünür ki, bu arayış ilkin mediasiya sessiyasının tarixi və saatı barədə əvvəlcədən məlumatlandırılmasına baxmayaraq, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməməsi ilə bağlı İddiaçı verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Cavabdeh etiraz ərizəsindən görünür ki, Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, İddiaçı heç bir əsaslı səbəb olmadan ailələrini dağıtmışdır. Birgə nikahlarından doğulmuş uşaqları iddiaçının yanında qalır və iddiaçı yalan məlumat verərək onun uşaqları ilə maraqlanmadığını və uşaqların xərclərini təkbaşına qarşıladığını bildirmişdir. İddiaçı heç bir yerdə işləmir və onun verdiyi aliment məbləği ilə uşaqların ehtiyaclarını qarşılayır, iddiaçının heç bir yerdə işləmədən və gəliri olmadan uşaqların məsrəflərini təkbaşına qarşılamasını göstərməsi yalan dediyinin göstəricisidir. Onun atası uşaqların saxlanması üçün həmişə maddi yardım göstərmişdir. Lakin hazırda atası xəstə olduğundan və aldığı əmək haqqını xəstəliyi üçün xərclədiyindən alimentlə bağlı maddi yardım göstərə bilmədiyi üçün iddiaçı indiyədək alimentin yığılıb qalan ödənilməmiş hissəsini də tələb edir. Həmçinin iddiaçı uşaqlar üçün yaşayış minumumunun 235 manat olduğunu göstərmişdir. Lakin pensiyaçılar üçün yaşayış minumumu 222 manat olduğu halda, o, 150 manat müavinət alır. Onun iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə imkanı yoxdur və iddianın rədd edilməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Elektron məhkəmə” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 3-cü qrup əlildir və 150 manat pensiya alır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(055)-732/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 06 avqust 2009-cu il tarixdə anadan olmuş X8 və 07 iyun 2012-ci il tarixdə anadan olmuş X9 adlı iki nəfər uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 24 aprel 2018-ci il tarixdən başlanaraq hər ay hər bir uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı uşaqların saxlanmasında çətinlik çəkdiyi və təyin edilmiş aliment məbləği uşaqların xərcləri üçün kifayət etmədiyindən alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə cavabdehin 3-cü qrup əlil olduğunu, hər ay 150 manat aliment ödədiyini, hazırda heç bir yerdə işləmədiyini və iddiaçının göstərdiyi məbləğdə aliment ödəməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə qeyd olunanlarla əlaqədar hesab edir ki, cavabdeh 3-cü qrup əlil olsa da, işləmək qabiliyyəti vardır və uşaqları saxlamaq valideynlərin borcudur. Cavabdehin etirazı alimentin artırılmaması üçün əsas deyildir. Lakin alimentin məbləği artırılarkən cavabdehin işləmə qabiliyyəti ilə bağlı məhdudiyyətlər və aliment təyin olunduqdan sonrakı dövrdə maddi vəziyyətində əsaslı dəyişikliyin olmaması da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(055)-732/2018 saylı qətnaməsi ilə 06 avqust 2009-cu il tarixdə anadan olmuş X8 və 07 iyun 2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün təyin olunmuş alimentin miqdarı artırılarkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(055)-732/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 06 avqust 2009-cu il tarixdə anadan olmuş X8 və 07 iyun 2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ataları-Cavabdeh hər ay hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment alınıb anaları-İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, Cavabdeh əlavə olaraq 30 manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli 2(055)-732/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılaraq 06 avqust 2009-cu il tarixdə anadan olmuş X8 və 07 iyun 2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ataları-Cavabdeh hər ay hər uşağa görə 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınıb anaları-İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artırılmış alimentin alınmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Əlavə olaraq Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-501/2024
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-501/2024
20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver