Məhkəmə qərarları › İş №2(055)-518/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-518/2025

05.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-518/2025 05.05.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş ziyanın əvəzində 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumunun, cəmi 7090 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı zamanı İddiaçı2 iddiasını müdafiə edərək izahatında göstərdi ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi ********** saylı, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Saatlı rayonu Qara Nuru kəndində yerləşən 1.2398 hektar kənd təsərrüfatı təyinatla torpaq sahəsi onların ümumi birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin 0.80 hektarını əkib-becərmək üçün 25 dekabr 2018-ci ildə cavabdehə iki il müddətinə icarəyə vermişlər. Cavabdeh icarə haqqı olaraq onlara həmin vaxt 500 manat pul vermişdir. İki il tamam olandan sonra cavabdehdən torpağın geri qaytarmasını xahiş etmişlər. Hər dəfə də cavabdeh müxtlif bəhanlərlə onları aldadaraq onların ümumi birgə mülkiyyətində olan 0.80 hektar torpaq sahəsindən istifadəsini dayandırmamışdır. Hal-hazırda da qeyd edilən torpaq sahəsi cavabdehin istifadəsindədir. Cavabdeh 2018-ci ilin dekabr ayının 25-dən hal-hazıra kimi onların torpaqlarından qanunsuz istifadə etdityinə görə onlara 7000 manat zərər vurmuşdur. Cabadehdən onlara vurulmuş zərəri tələb etsələr də bunu heç bir nəticəsi olmamışdır. Ona görə də iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı1 iddiasını müdafiə edərək İddiaçı2 izahatın uyğun izahat vermişdir. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, mübahisəli torpaq sahəsini 2009-cu il də almışdır. Həmin vaxtı o, Rusiya Federasiyasında olduğundan anası 3500 manat pulu iddiaçı Akifə vermişdir. Sonra o, Azərbaycana gəlmişdir. 2016-2018-ci illərdə isə o, özü şəxsən 1000 manat bir, 1000 manat bir, sonda isə 1500 manat verərək toplamda 7000 manat pulu Akifə vermişdir. Sonuncu dəfə o, 1500 manat pulu verəndə Akif ona demişdir ki, gedək Asan xidmətə notariat qaydada alqı-satqı etsinlər. O, da xidmət haqqı üçün pulu olmadığı notarisa gedə bilməmişdir. Kənd bələdiyyəsində müqavilə bağlayaraq alqı-satqı etmişlər. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməyərək rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 məhkəməyə gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq gəlməyən iddiaçıların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 16 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 1.2398 ha torpaq sahəsi İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X1 birgə mülkiyyətindədir. Məhkəmə iddiaçıların və cavabdehin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 16 may 2023cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən 1.2398 ha torpaq sahəsi İddiaçı2 və onun ailə üzvlərinin (İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, X2) mülkiyyətindədir. Hal-hazırda iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin cavabdeh tərəfindən 2018-ci ildən qanunsuz olaraq zəbt edildiyi, zəbt etdiyi 7 il ərzində torpaq sahəsi onlarda olacağı halda hər il 1000 manat qazanc götürəcəklərini bildirib, cavabdehdən 7000 manat pul tələb edirlər. Məhkəmə hesab edir ki, iddiaçılar cavabdehdən 7000 manatı dəymiş zərər kimi tələb etsələr də, faktiki olaraq iddianın mahiyyəti əldən çıxmış faydadır. Məhkəmə qeyd edir ki, mülki qanunvericliyin tələblərindən göründüyü kimi, əldə çıxmış fayda o halda tələb edilə bilər ki, şəxsin hüququ pozulmuş olsun. Lakin iddiaçılara konkret olaraq ziyan dəyməsi və nəticədə hüququnun pozulması sübut olunmadığından əldə çıxmış fayda tələbi əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh qarşı 7000 manat maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İşdə olan 12 mart 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı2 90 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığı halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cavabdeh qarşı Cavabdeh dəymiş ziyanın əvəzində 7000 manat və ödənilmiş 90 manat dövlət rüsumunun, cəmi 7090 manat pulun alınaraq ona verilməsinə dair iddiası təmin edilməsin. İddiaçı2 tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar