Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-527/2023 14.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, İddiaçı, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın və onun nəticələrinin ləğv edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 aprel 2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən onun abonent hesabına əlavə edilmiş borcun silinməsi tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, halhazırda ailəsi ilə birlikdə Saatlı rayonunun Fətəlikənd kəndində yaşayır və evinə quraşdırılmış qaz sayğacının sərfiyyatına uyğun ödənişlər edərək təbii qazdan istifadə edir. Cavabdeh “Azəriqaz” X2 X6 İdarəsinin Saatlı xidmət sahəsinin işçiləri onun evinə quraşdırılan qaz sayğacına baxış keçirmiş və «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 17 noyabr 2022-ci il tarixli, ******* saylı akt tərtib edərək köhnə qaz sayğacını çıxararaq yeni qaz sayğacı ilə əvəz etmişlər. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi onun barəsində tərtib etdiyi 10 aprel 2023-cü il tarixli, ******* saylı aktda qaz sayğacında nöqsanların olduğunu və bu səbəbdən də ona təbii qazın bərpası üzrə hesablanmış 12960m3 qaz sərfiyyatı əsasında onun Saatlı XS-nin abonent bazasındakı **********03780 nömrəli abonent koduna (abonent saldosuna) 1555.20 manat borc əlavə edilmişdir. O, həmin aktı və akta əsasən hesablanmış borcu əsaslı hesab etmir. Belə ki, o və ailə üzvləri fərdi yaşayış evini təmin edən təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müdaxilə etməmişlər. O, həmin sayğacın sərfiyyat göstəricisi əsasında ödəniş etmiş, “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən ona köhnə sayğacda nöqsan olması barədə heç bir xəbərdarlıq edilməmişdir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin etibarnamə üzrə nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 10 aprel 2023-cü il tarixində “Azəriqaz” X2 RQİİ-nin Saatlı xidmət sahəsinin nümayəndələri tərəfindən Saatlı XS-nin xidməti ərazisində abonentlərin qaz təsərrüfatına baxış keçirilən zaman İddiaçı yaşadığı evə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuş və sayğac yoxlanılması üçün açılaraq Dövlət Neft Şirkətinin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və Məişət qaz sayğaclarının yoxlanılması laboratoriyasına göndərilmiş, həmin laboratoriyanın rəyinə əsasən köhnə sayğacın hesablama mexanizminin qapağının yan tərəfindən əzildiyi və daxili qulaqcıqlarda əzicızıq izlərinin olduğu aşkar edilmiş, faktla bağlı “Azəriqaz” X2 RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən “Azəriqaz” X2 RQİİ-nin Saatlı rayon XS-nin işçiləri tərəfindən “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 10 aprel 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən təbii qazın bərpası üzrə hesablanmış 12960m3 qaz sərfiyyatı əsasında İddiaçı Saatlı XS-nin abonent bazasındakı **********03780 nömrəli abonent koduna (abonent saldosuna) 1555.20 manat borc əlavə edilmişdir. Həmin borc “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 17 noyabr 2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı fərdi yaşayış evində quraşdırılan köhnə qaz sayğacının çıxarılma səbəbi növbəti dövlət yoxlaması, yeni sayğacın quraşdırılma səbəbi əvəzetmə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş abonentin saldosundan görünür ki, abonent İddiaçı akta əsasən 12960m3 və ya 1555.20 manat borc hesablanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş “Azəriqaz” İB-nin Salyan Regional Qİİ tərəfindən verilən 10 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent İddiaçı fərdi yaşayış evində işlətdiyi (abonent kodu: **********03780) mövcud qaz işlədicilərinə görə 10 aprel 2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə mövcud qaz işlədicilərinə görə ümumilikdə 12960m3 qaz sərfiyyatı hesablanmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, aşağıda qeyd olunan qanunvericilik normalarına əsasən belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyətləri (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomlar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı abonent saldosuna “Azəriqaz” İstehsalat Birliyinin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarını pozduğu üçün akt əsasında 12960m3 qaz sərfiyyatı yəni, 1555.20 manat cərimə əlavə edilmişdir. Məhkəmə evə quraşdırılmış qaz avadanlığının fərdi yaşayış evində işlədilmə vaxtını nəzərə alaraq hesab edir ki, itirilmiş qazın bərpası üzrə dəymiş ziyan 6x24x90=12960m3 əvəzinə 6x12x30=2160m3 kimi hesablanmalı, itirilmiş qaz sərfiyyatı cəmi 2160m3 qəbul edilməli və borc məbləği (2160m3 x 0.12=259.20) 259.20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 10 aprel 2023-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı hesabına (abonent kodu: **********03780) yaşadığı Saatlı rayon Fətəlikənd kəndində yerləşən fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatı 12960m3 -dən 2160m3 -dək, itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 1555.20 manat borc 259.20 manatadək azaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1036.80-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin 10 aprel 2023-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı hesabına (abonent kodu: **********03780) yaşadığı Saatlı rayon Fətəlikənd kəndində yerləşən fərdi yaşayış evində işlətdiyi qaz işlədicilərinə görə itirilmiş təbii qazın bərpası üzrə hesablanmış təbii qaz sərfiyyatı 12960m3 -dən 2160m3 -dək, itirilmiş təbii qazın dəyəri kimi hesablanmış 1555.20 manat borc isə 259.20 manatadək azaldılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(055)-527/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-527/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver