Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-54/2025 07.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh oğluna qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11584 manat məbləğində zərərin və 125 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı iddia həcminin azaldılması barədə ərizə verərək, Cavabdeh 6584 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 19 oktyabr 2024-cü il tarixdə təxminən saat 16:00 radələrində həmkəndlisi Anar Əhmədovla birlikdə Bakı şəhərindən yaşadığı Saatlı rayon Şirinbǝy kəndinə gələrkən çörək yemək üçün Saatlı rayonu Bəylik kəndində yerləşən “Görüş” kafesinə getmişlər və maşınını kafenin qarşısında olan avtomobil yolunun qırağındakı parklama yerində saxlamışdır. Daha sonra kafeyə daxil olub boş otaqların birində oturub yemək sifariş vermişlər. Təxminən 10 dəqiqə keçmişdir ki, kafenin qarşısındakı avtomobil yolunda güclü tormoz və maşınların toqquşması səsini eşitmişlər. Nə baş verdiyini öyrənmək üçün kafenin qarşısına getmişlə və görmüşlər ki, “VAZ 2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etməni itirərək avtomobilini onun avtomobilinin sol yan hissəsinə çırparaq əzmişdir. Hadisə zamanı “VAZ 2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xəsarət aldığı üçün onu başqa maşına əyləşdirib tibbi yardım üçün Saatlı RMX-na göndərmişlər. Biraz keçdikdən sonra hadisə yerinə Saatlı RPŞ-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları hadisə yerini ölçüb, foto şəkillər çəkdikdən sonra protokol tərtib etmişlər. Hadisə zamanı “VAZ 2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh bədən xəsarəti aldığı üçün yol nəqliyyat hadisəsinin araşdırılması Saatlı RPŞ-nin təhqiqat bölməsinə tapşırılmışdır. 12 noyabr 2024-cü il tarixdə təhqiqatçı Zamin Cavadov cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edərək “VAZ 2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətini RPŞ-nin DYPB-nə göndərmişdir. 15 noyabr 2024-cü il tarixdə “VAZ 2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol, daha sonra isə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd etdiyim yol nəqliyyat hadisəsi nəticəsində mülkiyyətində olan “Haval H6” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə ümumilikdə 11584 manat ziyan dəymişdir. Həmin məbləğdən 5000 manatını sığorta ona ödəmişdir. Hazırda 6584 manat dəymiş ziyanı cavabdehdən tələb edir. Məhkəmə baxışı iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, 19 oktyabr 2024-cü il tarixdə “VAZ 2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən idarəetməni itirib yolun kənarında dayanmış “Haval H6” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymişdir. Özünü hadisədə təqsirli bilir. İddianın təmin olunmasına etiraz etmir. İşdə materiallarında olan Saatlı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Zamin Cavadovun 12 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd olunması, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün Saatlı RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmış, “Haval H6” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı əzilməsi nəticəsində İddiaçı dəymiş zərərlə bağlı məhkəmədə mülki iddia qaldırmaq hüququ göstərilmişdir. İşdə materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “VAZ 2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İşdə materiallarında olan xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" QSC tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli ******* nömrəli ilkin qiymətləndirmə aktının surətindən görünür ki, yol-nəqliyyat hadisə nəticəsində “Haval H6” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11584 manat zərər dəymişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından da görünür ki, 19 oktyabr 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh “VAZ 2107” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı məxsus “Haval H6” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq ona maddi ziyan vurmuşdur. Baş vermiş nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Haval H6” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11584 manat zərər dəymişdir. Sığorta şirkəti tərəfindən İddiaçı dəymiş ziyandan 5000 manat ödənilmişdir. Hazırda cavabdehdən 6584 manat maddi ziyanı tələb edir. Cavabdeh də iddianı etiraf etmişdir. Cavabdehin məhkəmədə iddianı etiraf etməsi iddiaçını irəli sürdüyü tələbinin əsasını sübut etmək vəzifəsindən azad edir. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı 6584 manat maddi ziyan dəymişdir. Həmin pulu cavabdeh ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 6584 manat pul alınaraq İddiaçı verilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən ümumilikdə 125 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə nisbətində Cavabdeh İddiaçı xeyrinə məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 85,84 manat dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 227-ci, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 6584 manat, ödənilmiş dövlət rüsumunun 85,84 manat hissəsi, cəmi 6669,84 (altı min altı yüz altmış doqquz manat səksən dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-54/2025
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-54/2025
07.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver