Məhkəmə qərarları › İş №2(055)-545/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-545/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-545/2023 06.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı «ERA Electronics» mağazasının cavabdehlər Cavabdeh1 və X1 qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «ERA Electronics» mağazası kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1053.99 manat əsas borcun, 100 manat cərimənin, ödənilmiş 32 manat dövlət rüsumunun, cəmi 1185.99 manat borcun alınması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı «ERA Electronics» mağazası tələbini onunla əsaslandırmışdır ki, İddiaçı «ERA Electronics» mağazası ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 36631 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 1149.99 manat dəyərində məişət məhsulu 12 ay müddətinə, aylıq 96 manat ödəmək şərti ilə nisyə şəkildə verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə İddiaçı «ERA Electronics» mağazası ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 36631 saylı zaminlik müqaviləsinə əsasən cavabdehzamin Cavabdeh2 kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. Cavabdeh1 tərəfindən müqaviləyə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1053.99 manat əsas borcun, 100 manat cərimənin (dəbbə pulunun) və 32 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1185.99 manat məbləğində pulun alınıb İddiaçı «ERA Electronics» mağazası-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2022-ci il tarixli, 36631 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə, hər ay 96 manat ödəməklə ümumi nisyə məbləği 1149.99 manat olan məişət məhsulunun alınması ilə əlaqədar İddiaçı «ERA Electronics» mağazası ilə Cavabdeh1 arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş zaminlik müqaviləsindən görünür ki, cavabdeh (kredit alan) Cavabdeh1 İddiaçı «ERA Electronics» mağazasından götürdüyü 1149.99 manat kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə digər cavabdeh (zamin) Cavabdeh2 kredit alanın öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İşdə olan 15 aprel 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 İddiaçı «ERA Electronics» mağazasına xx.xx.2022-ci il tarixli, 36631 saylı nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 1053.99 manat, cərimə borcu 100 manat, cəmi borcu 1153.99 manat təşkil edir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı «ERA Electronics» mağazası ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 36631 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1149.99 manat dəyərində məişət məhsulunu nisyə şəkildə almışdır. Müqavilədən irəli gələn öhdəliyin təmin edilməsi məqsədi ilə İddiaçı «ERA Electronics» mağazası ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh-zamin Cavabdeh2 müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit alanla birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. Cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilə üzrə əsas borcunu vaxtında və lazımi qaydada ödəməyərək üzərinə düşən öhdəliyi yerinə yetirməyərək müqavilə üzrə iddiaçıya 1053.99 manat əsas borcu, 100 manat cərimə borcu, cəmi 1153.99 manat borcu yaranmışdır. Qeyd olunanlardan görünür ki, iddiaçı cavabdehlərdən 1053.99 manat əsas borcun, 100 manat cərimənin (dəbbə pulunun), cəmi 1153.99 manat pulun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək İddiaçı «ERA Electronics» mağazası ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 36631 saylı nisyə alqı-satqı müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1053.99 manat əsas borc, 100 manat cərimə borcu (dəbbə pulu), cəmi 1153.99 manat alınaraq İddiaçı «ERA Electronics» mağazasının xeyrinə ödənilməlidir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı «ERA Electronics» mağazası tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 32 manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1053.99 manat əsas borc, 100 manat dəbbə pulu və ödənilmiş 32 manat dövlət rüsumu, cəmi 1185 (bir min yüz səksən beş) manat, 99 (doxsan doqquz) qəpik alınaraq İddiaçı «ERA Electronics» mağazasının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar