Məhkəmə qərarları › İş №2(055)-547/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-547/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-547/2023 06.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı «ERA Electronics» mağazasının Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı «ERA Electronics» mağazasının Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə 80 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 90 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı «ERA Electronics» mağazası tələbini onunla əsaslandırmışdır ki, İddiaçı «ERA Electronics» mağazası ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21207 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1359 manat dəyərində məişət məhsulunu, 12 ay müddətinə, aylıq 113 manat ödəmək şərti ilə nisyə şəkildə almışdır. Cavabdeh tərəfindən müqaviləyə və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əməl edilməmiş, cavabdeh borcun ödənilməsinə dair öhdəliyi tam və vaxtında icra etməmişdir. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21207 saylı müqavilə üzrə 80 manat əsas borcun, 10 manat cərimə borcunun, cəmi 90 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı «ERA Electronics» mağazasının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan xx.xx.2020-ci il tarixli, 21207 saylı nisyə alqı-satqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən görünür ki, bu müqavilə 12 ay müddətinə hər ay 113 manat ödəməklə ümumi nisyə məbləği 1359 manat olan məişət məhsulunun alınması ilə əlaqədar İddiaçı «ERA Electronics» mağazası ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21207 saylı müqavilə üzrə iddiaçıya 80 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 90 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı «ERA Electronics» mağazası ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21207 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh iddiaçıdan 1359 manat dəyərində məişət məhsulunu nisyə şəkildə almışdır. Cavabdeh müqavilə üzrə öhdəliyi tam və vaxtında icra etmədiyi üçün onun iddiaçıya 80 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 90 manat borcu yaranmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, İddiaçı «ERA Electronics» mağazası ilə Cavabdeh 80 manat əsas borcu, 10 manat cərimə borcunu, cəmi 90 manat borcu tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı «ERA Electronics» mağazası Cavabdeh 80 manat əsas borcun, 10 manat cərimə borcunun, cəmi 90 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21207 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 80 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 90 manat pul alınaraq İddiaçı «ERA Electronics» mağazasına ödənilməlidir. İşdə olan 27 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı «ERA Electronics» mağazası tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, 21207 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 80 manat əsas borc, 10 manat cərimə borcu, cəmi 90 (doxsan) manat alınaraq İddiaçı «ERA Electronics» mağazasına ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar