Məhkəmə qərarları › İş №2(055)-549/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-549/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-549/2023 25.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3255 manat borc, ödənilmiş 54,18 manat dövlət rüsumunun və illik 5 faizlə hesablanmış 162,75 manat əldən çıxmış faydanın tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından 31 mart 2022-ci il tarixində “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən xaric etmişdir. Nəricədə o, kart hesabından bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmiş və iddiaçıya 3255 manat ziyan dəymişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 3255 manat borc, ödənilmiş 54,18 manat dövlət rüsumunun və illik 5 faizlə hesablanmış 162,75 manat əldən çıxmış faydanın tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 mart 2022-ci il tarixli, BBLK4990033A142 saylı Birkart black debet (kredit) müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank müştəriyə “birkart black” ödəniş kartı verir. Müştərinin müraciəti əsasında bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədi ilə bərpa olunan kredit xətti (bundan sonra-kredit xətti) ayırır, həmin kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır. Müştəri isə kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidmət haqqı, əsas və faiz borcu, dəbbə pulu və.s), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəyir. İşdə olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh 31 mart 2022-ci il tarixdə iddiaçı tərəfindən ona verilmiş “Bİr Card Black” kartı vasitəsi ilə bir neçə dəfə əməliyyatlar aparmış və hesabına ümumilikdə 502 manat mədaxil etmiş, lakin hesabdan 3255 manat məxaric edərək iddiaçıya 3255 manat qalıq borcu yaranmışdır. İşdə olan 12 dekabr 2022-ci il tarixli bildirişdən və onun cavabdehə göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus ******************** nömrəli hesabında yaranmış 3255 manat məbləğində borcunun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 mart 2022-ci il tarixli, BBLK4990033A142 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh istifadə etmək üçün plastik kart verilmişdir. Lakin cavabdeh 31 mart 2022-ci il tarixdə iddiaçı tərəfindən ona verilmiş “Bİr Card Black” kartı vasitəsi ilə bir neçə dəfə əməliyyatlar aparmış və hesabına ümumilikdə 502 manat mədaxil etmiş, lakin hesabdan 3255 manat məxaric edərək iddiaçıya 3255 manat qalıq borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehdən öhdəliyinin icra edilməsi tələb edilsə də, cavabdeh borcunu ödəməmiş, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürsə də, müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə cavabdehin iddiaçıya 3255 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 3255 manat borcun və illik 5 faizlə hesablanmış 162,75 manat əldən çıxmış faydanın cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən qiymətləndirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddianın əldən çıxmış fayda qismində tələb edilən 162,75 manat hissəsini təsdiq edən, əldən çıxmış fayda qismində 162,75 manatın hesablanma qaydasını özündə əks etdirən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin də iddianın bu hissəsi məhkəmədə öz təsdiqini tapmamışdır. Qeyd olunanlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən 3255 manat borcun tutulmasını tələb etməkdə haqlıdır, lakin (Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) əldən çıxmış fayda qismində 162,75 manat pulu tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3255 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 24 aprel 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 54,18 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 54,18 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3255 (üç min iki yüz əlli beş) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 54 (əlli dörd) manat 18 (on səkkiz) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar