Məhkəmə qərarları › İş №2(055)-560/2025

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-560/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-560/2025 18.04.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, Müəyyənetdi: İddiaçı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xam pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 1000 manat əsas, 180,08 manat cərimə borcunun və ödənilmiş 31,8 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xam pambığın istehsalı və tədarükünə dair 05 yanvar 2023-cü il tarixli, 371 nömrəli müqaviləsinə əsasən cavabdeh 1,7 hektar torpaq sahəsində pambıq əkib-becərməyi və yetişdirdiyi xam pambığı iddiaçıya satmağı öhdəsinə götümüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə 2546,5 manat məbləğində vəsait avans olaraq verilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti xam pambıqla ödəməklə borcunu bağlamalı, təhvil verdiyi əlavə pambığın dəyərini isə iddiaçıdan almalıdır. Lakin, yığım mövsüm başa çatsa da, cavabdeh müqavilə şərtlərini tam icra etməmiş və nəticədə iddiaçıya 1000 manat borcu qalmışdır. Müqavilənin 3.4-cü və 3.5-ci bəndlərinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 180,08 manat cərimə hesablanmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Aqro-AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti xam pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 1000 manat əsas və 180,08 manat cərimə borcunun Cavabdeh alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 05 yanvar 2023-cü il tarixli, 371 nömrəli 2023-cü il üzrə xam pambığın istehsalı və tədarükünə dair müqavilədən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh 1,7 hektar torpaq sahəsində pambıq əkib becərməyi və əldə edilmiş xam pambığı bu müqavilə ilə müəyyən edilmiş şərtlər daxilində və qiymətə İddiaçı MMC-yə təhvil verməyi, İddiaçı MMC isə məhsulu qəbul etməyi və onun dəyərini istehsalçıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 07 mart 2025-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı MMC Cavabdeh 05 yanvar 2023-cü il tarixli, 371 nömrəli xam pambığın istehsalı və tədarükünə dair müqaviləsi üzrə 1000 manat borcun və 180,08 manat cərimənin 10 gün müddətə ödəməsini xahiş etmiş, əks təqdirdə isə mübahisənin həlli üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşdə olan qaimə-fakturdan və 17 mart 2025-ci il tarixli, 041 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən Cavabdeh 05 yanvar 2023-cü il tarixli, 371 nömrəli xam pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 1000 manat borc və 180,08 manat cərimə hesablanmışdır. İşə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh İddiaçı borcun alınması barədə kiçik iddiasını məhkəmə bildirişi ilə birlikdə 01 aprel 2025-ci ildə qəbul etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xam pambığın istehsalı və tədarükünə dair 05 yanvar 2023-cü il tarixli, 371 nömrəli müqaviləsinə əsasən cavabdeh 1,7 hektar torpaq sahəsində pambıq əkibbecərməyi və yetişdirdiyi xam pambığı iddiaçıya satmağı öhdəsinə götümüşdür. Pambığın əkilməsi üçün iddiaçı tərəfindən cavabdehə 2546,5 manat məbləğində vəsait avans olaraq verilmişdir. Müqaviləyə əsasən cavabdeh götürdüyü vəsaiti xam pambıqla ödəməklə borcunu bağlamalı, təhvil verdiyi əlavə pambığın dəyərini isə iddiaçıdan almalıdır. Lakin, yığım mövsüm başa çatsa da, cavabdeh müqavilə şərtlərini tam icra etməmiş və nəticədə iddiaçıya 1000 manat borcu qalmışdır. Müqavilənin 3.4-cü və 3.5-ci bəndlərinə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 180,08 manat cərimə hesablanmışdır. Borcun ödənilməsi barədə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də, iddiaçı Aqro-AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti xam pambığın istehsalı və tədarükünə dair müqavilə üzrə 1000 manat əsas və 180,08 manat cərimə borcunun Cavabdeh alınıb iddiaçının xeyrinə ödənilməsini tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 1000 manat əsas borcu və 180,08 manat cəriməni tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 05 yanvar 2023-cü il tarixli, 371 nömrəli müqavilə üzrə tələb olunan 180,08 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 100 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 1000 manat əsas borc və 100 manat cərimə borcu, cəmi 1100 manat tutularaq İddiaçı xeyrinə ödənilməli və iddianın qalan hissəsi təmin edilməməlidir. İşdə olan 17 mart 2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən 31,8 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 31,8 manat dövlət rüsumu İddiaçı MMC tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1000 manat əsas borc və 100 manat cərimə borcu, cəmi 1100 (bir min yüz) manat borc alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31 (otuz bir) manat 80 (səksən) qəpik dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar