Məhkəmə qərarları › İş №2(055)-564/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-564/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-564/2023 14.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh 3500 manat pulun, 55 manat ödənilmiş dövlət rüsumunun və 45 manat xidmət haqqının, cəmi 3600 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 3-4 ildir ki, tanışlıqları yaranmışdır. Bir neçə dəfə Qəfərağa onun yaşadığı evə gələrək onunla hal-əhval tutmuşdur. Bir dəfə də, Qəfərağa yaşadığı evə gələrkən söhbət əsnasında bankdan kredit götürəcəyini, bank işçilərinin həyətinə gələrək heyvanlara baxıb pul verəcəyini demiş, onun həyətində olan 8 baş xırda buynuzlu və 2 baş iribuynuzlu heyvanları bir neçə günlük ona verməyini xahiş etmişdir. O da, Qəfərağa ilə münasibəti yaxşı olduğu üçün onun təklifi ilə razılaşmışdır. Aralarında olan razılaşmaya görə Qəfərağa qeyd etdiyi iri və xırda buynuzlu heyvanları onun həyətindən götürüb öz həyətinə aparacaq, bank işçiləri Qəfərağanın həyətinə baxış keçirdikdən sonra isə geri qaytaracaqdır. 01 sentyabr 2022-ci ildə günün ikinci yarısı Qəfərağa idarə etdiyi “Qazel” markalı avtomobillə yaşadığı evin həyətinə gələrək ona məxsus 8 baş xırda buynuzlu və 2 baş iribuynuzlu heyvanları idarə etdiyi avtomobilə yükləyib aparmışdır. Həmin günün səhərisi o və həyat yoldaşı Məhluqə Qəfərağaya zəng edərək heyvanları gətirməyi dedikdə Qəfərağa onlara bank işçilərinin gəlib həyətə baxmadığını, onlar gəlib heyvanlara baxandan sonra heyvanları gətirəcəyini demişdir. Sonuncu dəfə 07 sentyabr 2022-ci ildə Qəfərağanın həyətinə gedəndə Qəfərağa səhər tezdən heyvanlarını gətirib özünə verəcəyini demişdir. Səhəri gün Qəfərağa heyvanlarını gətirmədiyi üçün ərizə ilə Saatlı RPŞ-yə müraciət etmişdir. 8 baş xırda buynuzlu və 2 baş iri buynuzlu heyvanlarını aparıb qaytarmadığına görə Qəfərağa ona ümumilikdə 3500 manat ziyan vurmuşdur. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdeh nə ondan apardığı 8 baş xırda buynuzlu və 2 baş iri buynuzlu heyvanları müxtəlif bəhanələr gətirərək hal-hazıra kimi ona qaytarmamış, nə də ki, həmin heyvanların əvəzində 3500 manat pulu mənə ödəməmişdir. Ona görə də Cavabdeh 3500 manat pulun, 55 manat ödənilmiş dövlət rüsumunun və 45 manat xidmət haqqının, cəmi 3600 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ona iddia ərizəsində qeyd etdiyi kimi 2 baş iri buynuzlu və 8 ədəd xırda buynuzlu heyvan verməmişdir. İddiaçı ona 1 baş inək və 4 baş qoyun vermişdir. Sonradan həmin qoyunlardan birinin bir balası olmuşdur. Lakin iddiaçının yoldaşı Məhluqə xanım ondan müəyyən fasilələrlə 100-200 manat məbləğlərində pul almışdır. Sonda isə iddiaçının yoldaşının ona 2530 manat borcu yaranmışdır. İddiaçı bildirmişdir ki, ona saxlamaq üçün verdiyi heyvanların dəyərini hesablayıb borcdan çıxsın. O da, bu təkliflə razılaşmışdır. İnəyi və qoyunları 1800 manata satmış və bunu iddiçının arvadı Məhluqə xanıma bildirmişdir. Məhluqə xanımın ona 730 manat borcu qalmışdır. İddiaçı və arvadı həmin pulu hələ də, ona ödəməmişlər. Ona görə də, göstərdiklərinin nəzərə alınıb iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, İddiaçı baldızıdır. O, cavabdehin kredit götürmək məqsədi ilə iddiaçının 1 inək və 4-5 qoyununu apardığını eşitmişdir. Lakin onun iddiaçının arvadı ilə cavabdehin arasında hər hansı borc münasibətinin olmasını bilmir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X3 16 sentyabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə izahatı alınmış Cavabdeh iddiaçıya məxsus 1 baş iribuynuzlu, 4 baş xırdabuynuzlu (qoyun) heyvanın özünün qapısına gətirildiyini etiraf etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidin ifadəsini dinləyib, işdə olan materialları hərtərəfli araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin aralarında olan razılaşmaya əsasən İddiaçı məxsus 1 baş inək və 4 baş qoyun (qoyunlardan biri balalı olmaqla) qaytarılmaq şərti ilə Cavabdeh verilmiş, cavabdeh həmin heyvanları satmış və onların pulunu iddiaçıya verməmişdir. İş materiallarından görünür ki, iddaçı cavabdehə özünə məxsus 2 baş inək və 8 baş qoyun verdiyini göstərərək həmin heyvanların dəyərini tələb etsə də, həmin hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Cavabdeh isə ona yalnız 1 baş inək və 4 baş qoyun verildiyini göstərsə də, sonradan qoyunlardan birinin bala verdiyini etiraf etmişdir. Lakin cavabdeh iddiaçının arvadının ona 2530 manat borcu olduğunu və həmin heyvanları sataraq həmin borcdan çıxıdığını göstərmişdir. İddiaçı məxsus 1 baş inək və 4 baş qoyunun (qoyunlardan biri balalı olmaqla) Cavabdeh verilməsi, cavabdehin həmin heyvanları satması və həmin heyvaların pulunu iddiaçıya verməməsi məhkəmə iclasında tərəflərin verdiyi izahatlar, şahidin ifadəsi və Saatlı RPŞnin İstintaq bölməsinin baş müstəntiqi, polis kapitanı X3 16 sentyabr 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının arvadından tələb etməli olduğu 2530 manat məbləği iddiaçıdan tələb edə bilməzdi. Ona görə də, cavabdehin iddiaçıya məxsus heyvanları satması və öz məqsədləri üçün istifadə etməsi əsassız varlanma kimi qiymətləndirilməlidir. Məhkəmə cavabdehin göstərdiklərini tələbdən yayınmaq üçün özünü müdafiə halı kimi qiymətləndirir. İddia tələbi əsaslı olduğundan və İddiaçı tələbi natura şəklində ödənilə bilən olduğundan məhkəmə hesab edir ki, tələbin təmin edilərkən natura şəklində ödənilməsi daha ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə Cavabdeh natura halında 1 baş inək və 4 baş qoyun (qoyunlardan biri balalı olmaqla) alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 18 noyabr 2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 55 manat dövlət rüsumu və 45 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55 manat dövlət rüsumu və 45 manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh natura halında 1 baş inək və 4 baş qoyun (qoyunlardan biri balalı olmaqla) alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 55 manat dövlət rüsumu və 45 manat xidmət haqqı, cəmi 100 (bir yüz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar