Məhkəmə qərarları › İş №2(055)-580/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-580/2023

05.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-580/2023 05.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, İddiaçı nümayəndəsi X8 oğlunun, Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qasımova Ləman Mədət qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qət edilmiş alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(055)-318/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 21 yanvar 2012-ci ildə anadan olmuş X12 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi X1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(055)-318/2020 saylı qətnaməsinə əsasən 21 yanvar 2012-ci ildə anadan olmuş X12 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş aliment uşağın ehtiyaclarını ödəmir və xərclər artmışdır.İddiaçı da məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də göstərdiklərini nəzərə alaraq Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(055)-318/2020 saylı qətnaməsi təyin edilmiş alimentin miqdarının artırılaraq 21 yanvar 2012-ci ildə anadan olmuş X12 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(055)-318/2020 saylı qətnaməsinə əsasən ondan 21 yanvar 2012-ci ildə anadan olmuş X12 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş alimenti çətinliklə də olsa, vaxtında ödəyir. İddiaçı ilə ayrıldıqdan sonra yenidən ailə qurmuş və iki nəfər uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə anadangəlmə olmaqla müddətsiz olaraq üçüncü dərəcəli əlil hesab edildiyi üçün qismən əmək qabiliyyətsizdir və epilepsiya xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də işləməyə bilmir. Hər ay dərman ehtiyaclarına pul xərcləyir. Hazırda hər ay 100 manat aliment ödəmək imkanı vardır. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı üçüncü şəxs X9 izahatında göstərdi ki, Cavabdeh onun əridir. Birgə nikahlarından iki nəfər uşaqları doğulub. Əri Elçin əlil olduğu üçün qismən əmək qabiliyyətsizdir və hər hansı bir işdə işləməkdə çətinlik çəkir. Həmçinin o da xəstə olduğundan işləyə bilmir. Hər ikisinin dərman xərclərini çətinliklə qarşılayırlar. Ona görə də, bu halın nəzərə alınmasını və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(055)-318/2020 saylı qətnaməsinin surətindən görünür ki, 21 yanvar 2012-ci ildə anadan olmuş X12 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment 03 fevral 2020-ci il tarixdən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 21 yanvar 2012-ci ildə anadan olmuş və onun atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 21 yanvar 2012-ci ildə X12 doğulmuş və uşağın atası Cavabdeh hesab edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X10 27 may 2017-ci il ildə və X4 27 avqust 2020-ci ildə anadan olmuşdur. Uşaqların atası Cavabdeh, anası isə X6r. İşdə olan və məhkəmə iclasında elan edilmiş atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 27 may 2017-ci il tarixdə X7 və 27 avqust 2020-ci il tarixdə X3 doğulmuşdur. Uşaqların atası Cavabdeh hesab edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş 04 sentyabr 2020-ci il tarixli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışdan görünür ki, Cavabdeh “Epilepsiya şəxsiyyətin dəyişməsi ilə. Kəskin ifadə olunmuş imbesillik” diaqnozu ilə müddətsiz olaraq anadangəlmə üçüncü dərəcəli əlil hesab edilmiş və buna görə də ona hər ay 327 manat pensiya təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(055)-318/2020 saylı qətnaməsinə əsasən 21 yanvar 2012-ci ildə anadan olmuş X12 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı həmin aliment məbləği ilə uşağının saxlanmasında çətinlik çəkdiyi üçün alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin anadangəlmə üçüncü dərəcəli müddətsiz əlil və qismən əmək qabiliyyətsiz olmasını (diaqnoz: epilepsiya şəxsiyyətin dəyişməsi ilə. Kəskin ifadə olunmuş imbesillik) və bununla bağlı onun digər gəlirləri əldə etməsində məhdudiyyətlərin olmasını, cavabdehin başqa şəxslə nikahından iki azyaşlı uşağın olmasını və həmin uşaqların da mənafeyini nəzərə alaraq 21 yanvar 2012-ci ildə anadan olmuş X12 adlı bir nəfər uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarını artırarkən alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(055)-318/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 21 yanvar 2012-ci ildə anadan olmuş X12 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalı və iddia qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli 2(055)-318/2020 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq 21 yanvar 2012-ci ildə anadan olmuş X12 adlı bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınıb İddiaçı xeyrinə ödənilsin. Artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutulub İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar