Məhkəmə qərarları › İş №2(055)-635/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-635/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-635/2023 23.06.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 31 avqust 2020-ci il tarixli, SVNPU-3143 saylı kredit müqaviləsi və kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşma üzrə 3065,33 manat əsas borc, 240,61 manat faiz borcu, 550,74 manat dəbbə borcu, cəmi 3856,68 manat məbləğində pulun və ödənilmiş 58,57 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2020-ci il tarixli, SVNPU-3143 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 21,5% olmaqla 7500 manat məbləğində kredit verilmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şirvan filialı ilə Cavabdeh arasında 31 avqust 2020-ci il tarixli, SVNPU-3143 saylı kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya əsasən müqavilənin müddəti xx.xx.2022-ci il tarixdən 24 ay müddətinə uzadılmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərinə görə kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçıya 3065,33 manat əsas borcu, 240,61 manat faiz borcu, 550,74 manat dəbbə borcu, cəmi 3856,68 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də Cavabdeh 3065,33 manat əsas borc, 240,61 manat faiz borcu, 550,74 manat dəbbə borcu, cəmi 3856,68 manat borcun və ödənilmiş 58,57 manat dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən Cavabdeh rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 31 avqust 2020-ci il tarixli, SVNPU-3143 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 21,5% olmaqla 36 ay müddətinə 7500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 24 avqust 2022-ci il tarixli baş kredit müqaviləsinin (kredit müqaviləsinin) müddətinin uzadılması haqqında əlavə razılaşmadan görünür ki, 31 avqust 2020-ci il tarixli, SVNPU-3143 saylı kredit müqaviləsinin müddəti 24 avqust 2022-ci il tarixdən 24 ay müddətinə uzadılmışdır. İşdə olan 18 may 2023-cü il tarixli RB-02/PK-1764 saylı arayışdan görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 31 avqust 2020-ci il tarixli, SVNPU-3143 saylı kredit müqaviləsi üzrə və kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşma üzrə 18 may 2023-cü il tarixə əsas borcu 3065,33 manat, hesablanmış faiz borcu 240,61 manat, cərimə borcu 550,74 manat, cəmi 3856,68 manat təşkil edir. İşdə olan 30 mart 2023-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehdən 31 avqust 2020-ci il tarixli, SVNPU-3143 saylı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmək tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 31 avqust 2020-ci il tarixli, SVNPU-3143 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 21,5% olmaqla 7500 manat məbləğində kredit verilmişdir. Daha sonra İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Şirvan filialı ilə Cavabdeh arasında 31 avqust 2020-ci il tarixli, SVNPU-3143 saylı kredit müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşma bağlanmış və həmin razılaşmaya əsasən 31 avqust 2020ci il tarixli, SVNPU-3143 saylı kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdən 24 ay müddətinə uzadılmışdır. Cavabdeh kredit müqaviləsinin şərtlərinə görə kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddiaçıya 18 may 2023-cü il tarixə 3065,33 manat əsas borcu, 240,61 manat faiz borcu, 550,74 manat dəbbə borcu, cəmi 3856,68 manat borcu yaranmışdır. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən 3065,33 manat əsas borcu, 240,61 manat faiz borcu, 550,74 manat cərimə borcu, cəmi 3856,68 manat borcun tutulmasını tələb edir. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 3065,33 manat əsas borc, 240,61 manat faiz borcu, 550,74 manat cərimə, cəmi 3856,68 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən 31 avqust 2020-ci il tarixli, SVNPU-3143 saylı müqavilə üzrə tələb olunan 550,74 manat məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 300 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3065,33 manat əsas borc, 240,61 manat faiz borcu, 300 manat cərimə, cəmi 3605,94 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. İşdə olan 19 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 58,57 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58,57 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 3065,33 manat əsas borc, 240,61 manat faiz borcu, 300 manat cərimə, cəmi 3605 (üç min altı yüz beş) manat 94 (doxsan dörd) qəpik alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 58 (əlli səkkiz) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar