Məhkəmə qərarları › İş №2(055)-644/2023

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-644/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-644/2023 10.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 514.87 manat borc və illik 5 faizlə hesablanmış 15.02 manat əldən çıxmış faydanın, 225 manat borc və illik 5 faizlə hesablanmış 6.56 manat əldən çıxmış faydanın, 132.99 manat borc və illik 5 faizlə hesablanmış 3.88 manat əldən çıxmış faydanın, cəmi 898.32 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kartlar cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kartların hesabından bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmiş və iddiaçıya 872.86 manat ziyan dəymişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 514.87 manat borc və illik 5 faizlə hesablanmış 15.02 manat əldən çıxmış faydanın, 225 manat borc və illik 5 faizlə hesablanmış 6.56 manat əldən çıxmış faydanın, 132.99 manat borc və illik 5 faizlə hesablanmış 3.88 manat əldən çıxmış faydanın, cəmi 898.32 manat borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan ödəniş kartı üzrə çıxarışlardan görünür ki, Cavabdeh iddiaçı tərəfindən ona verilmiş plastik kartlar vasitəsi ilə bir neçə dəfə əməliyyatlar aparmış və nəticədə iddiaçıya 872.86 manat qalıq borcu yaranmışdır. İşdə olan 17 aprel 2023-cü il tarixli bildirişdən və onun cavabdehə göndərilməsi barədə reyestrdən görünür ki, iddiaçı tərəfindən cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus ********************, ******************** və ******************** nömrəli hesablarında yaranmış 872.86 manat məbləğində borcunun ödənilməsi tələb edilmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti istifadə etmək üçün plastik kartlar verilmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən ona verilmiş kartlar vasitəsi ilə bir neçə dəfə əməliyyatlar aparmış və nəticədə iddiaçıya 872.86 manat qalıq borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehdən öhdəliyinin icra edilməsi tələb edilsə də, cavabdeh borcunu ödəməmiş, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh həmin müqavilə ilə müəyyən edilmiş şərtlərlə kredit borcunu banka qaytarmağı öhdəsinə götürsə də, müqavilənin şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuş və nəticədə cavabdehin iddiaçıya 872.86 manat borcu yaranmışdır. Ona görə də, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 514.87 manat borc və illik 5 faizlə hesablanmış 15.02 manat əldən çıxmış faydanın, 225 manat borc və illik 5 faizlə hesablanmış 6.56 manat əldən çıxmış faydanın, 132.99 manat borc və illik 5 faizlə hesablanmış 3.88 manat əldən çıxmış faydanın, cəmi 898.32 manat borcun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iş üzrə müəyyən olunmuş halları hüquqi cəhətdən qiymətləndirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, iddianın əldən çıxmış fayda qismində tələb edilən cəmi 25.46 manat hissəsini təsdiq edən və həmin məbləğin hesablanma qaydasını özündə əks etdirən hər hansı sübut məhkəməyə təqdim edilməmiş, həmçinin də iddianın bu hissəsi məhkəmədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 872.86 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. İşdə olan 18 may 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 872 (səkkiz yüz yetmiş iki) manat 86 (səksən altı) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar