Məhkəmə qərarları › İş №2(055)-690/2024

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №2(055)-690/2024

08.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 2(055)-690/2024 08.05.2024 SAATLI RAYON MƏHKƏMƏSİ (yolverilməzliyə görə iddia ərizəsinin qəbul edilməsindən imtina haqqında) Hakim Abuşov İxtiyar Əliyar oğlu, İddiaçı Cavabdeh qarşı qanunvericilikdə nəzərdə tutulmuş cəza tətbiq edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin onun barəsində şər və böhtan xarakterli məlumatlar yaydığını və bununla da onun şərəf və ləyaqətini ləkələdiyini, onu nüfuzdan saldığını göstərərək cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsinin tələblərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş cəza tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etməli olduğu halda, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsi ilə cəza tətbiq edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunvericilikdə nəzərdə tutulmuş cəza tətbiq edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, məhkəməyə iddia ərizəsi verilərkən təqdim edilmiş sənədlər İddiaçı qaytarılmalı, iddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı qanunvericilikdə nəzərdə tutulmuş cəza tətbiq edilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə iddia ərizəsi verilərkən təqdim edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əməl etməklə xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edə bilər. Qərardaddan onun tərəfə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Saatlı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar