Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-713/2023 04.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 manat pulun və 70 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh pula çox ehtiyacı olduğu üçün 30 dekabr 2022-ci il tarixdə qaytarmaq şərti ilə 10 avqust 2022-ci il tarixdə 5000 manat pul vermişdir. Həmin zaman cavabdeh onun qeyd etdiklərini təsdiq edən qəbz yazaraq və imzalayaraq ona vermişdir. Lakin o, cavabdehdən həmin pulu tələb etdikdə cavabdeh pulu ona qaytarmayacağını bildirmişdir. Hal-hazırki vaxtadək cavabdeh borcunu ona qaytarmamışdır. 2023-cü ilin may ayında cavabdehə 1500 manat pul vermiş və əvəzində cavabdeh də maaş kartını ona vermişdir. Daha sonra cavabdeh həmin 1500 manat pulu X2 vasitəsilə ona qaytarmış və o da cavabdehin maaş kartını Yaşara vermişdir. O, əvvəl verdiyi borcda cavabdehdən qəbz almışdır, lakin 2023cü ilin may ayında 1500 manatı verəndə cavabdeh ona maaş kartını verdiyi üçün əlavə qəbz almağa ehtiyac duymamışdır. Odur ki, göstərdiklərini nəzərə alaraq Cavabdeh 5000 manat pulun və ödəmiş olduğu 70 manat dövlət rüsumunun cəmi, 5070 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, iddiaçıdan onun qeyd etdiyi məbləğdə pul götürməmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzi o yazmışdır. Lakin iddiaçı o qəbzi onu aldadaraq yazdırmışdır. O, həmin qəbzi 24 may 2023-cü il tarixdə yazmışdır və iddiaçı həmin qəbzin müqabilində ona 1500 manat pul vermişdir. Həmin zaman iddiaçı onun maaş kartını da götürmüşdür. İddiaçı həmin qəbzdə yazılan 5000 manatın 1500 manatını ona verdiyini, daha sonra isə həmin pulu 5000 manata tamamlayacağını bildirmişdir. Lakin bir müddət sonra o, iddiaçının ona pul vermək məqsədi olmadığını və onu aldatdığını başa düşdüyündən həmin 1500 manatı Yaşar Əliyevin vasitəsilə iddiaçıya qaytarmış və maaş kartını geri almışdır. Ona görə də onun iddiaçıya hal-hazırda borcu yoxdur və bunu təsdiq edən şahidləri və səs yazıları var. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı uşaqlıqdan tanıyır, Cavabdeh isə anasının iş yoldaşıdır. O, əvvəldən bu məsələnin içərisində olmuşdur və hadisəni necə olubsa elə də danışacaqdır. Mehriban nəvəsinə sünnət toyu etdikdən sonra kəndlərində olan marketə 1000 manat borcu qalmışdır. O da 2023-cü ilin may ayında Atabalaya zəng edərək iddiaçı ilə cavabdehi danışdırmışdır. Atabala Mehribana 1500 manat vermiş və qəbz yazdırmışdır. Amma Mehribana heç kimə bu barədə heç nə deməməsi ilə bağlı tapşırmışdır. Onun bu hadisədən Mehriban ona danışdıqdan sonra xəbəri olmuşdur. Atabala Mehribana 1500 manat vermiş, lakin ona 5000 manatlıq qəbz yazdırmışdır. Atabala Mehribana pulun qalanını da verəcəyini söz vermişdir. Lakin müxtəlif bəhanələr gətirərək pulu verməmişdir. Daha sonra o və Mehriban Atabalanın bu hərəkətlərindən şübhələndiklərindən dərhal 1500 manat pul tapmışlar və Atabalaya olan borcu bağlamaq istəmişlər. O, Atabalaya zəng edib vəd etdiyi 5000 manatın qalanını vermədiyi halda, borcu bağlayacağını demişdir. Atabala da ona cavabında daha pul verməyəcəyini, faiz də istəmədiyini, gətirib 1500 manat vermələrini, borcun bağlanmasını bildirmişdir. Bundan sonra o, Atabalanın yanına getmiş və ona pulu vermişdir. Atabala da ona Mehribanın maaş kartını və yazdırdığı qəbzi vermişdir. Lakin sonradan Atabalanın Mehribanı məhkəməyə verdiyini öyrənmişdir. Atabaladan niyə belə etdiyini soruşduqda isə Atabala ona cavabında nə etdiyini özünün bildiyini demişdir. Hadisə ilə bağlı bildikləri bu qədərdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Cavabdeh onun qaynanasıdır. İddiaçı isə qaynatasının dostu olmuşdur. Atabala onlara 5000 manat deyil, 1500 manat vermişdir. Həmin pulu onlara 24 may 2023-cü il tarixdə vermişdir. Lakin yazdırdığı qəbzləri köhnə tarixə yazdırmışdır. Onlar daha sonra iddiaçının onları aldatdığını düşündüklərindən Atabalanın səslərini yazmağa başlamışlar. Sözügedən 1500 manatı isə Yaşar iddiaçıya qaytarmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş 10 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, həmin qəbzdə Cavabdeh 30 dekabr 2022-ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı 5000 manat pul götürdüyünü qeyd etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında baxış keçirilmiş audioyazını özündə əks etdirən “DVD” diskdən görünür ki, İddiaçı Cavabdeh 5000 manat verməsi ilə bağlı qəbz yazdırdığını, əslində cavabdehə 1500 manat pul verdiyini, daha sonra hissəhissə 1000 manat, 1500 manat şəklində ödəyərək ümumilikdə 5000 manat pulu cavabdehə verəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 10 avqust 2022-ci il tarixli qəbzlə Cavabdeh 30 dekabr 2022-ci il tarixdə qaytarmaq şərti ilə İddiaçı 5000 manat pul götürdüyünü qeyd etmiş, İddiaçı cavabdehin həmin pulu ona qaytarmadığını bildirərək cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. Lakin məhkəmə iclası zamanı şahidlərin ifadələri və məhkəmə iclasında baxış keçirilmiş audioyazı ilə təsdiq olunmuşdur ki, Cavabdeh 10 avqust 2022-ci il tarixli qəbz yazaraq İddiaçı 5000 manat götürdüyünü qeyd etsə də, iddiaçı göstərilən məbləğdə pulu cavabdehə verməmiş, yalnız 24 may 2023-cü il tarixdə cavabdehə 1500 manat pul vermiş, daha sonra hissəhissə qalan pulu verərək ümumilikdə 5000 manat pulu cavabdehə verəcəyini bildirmiş, lakin həmin vədə əməl etməmiş, cavabdeh isə 1500 manat pulu iddiaçıya qaytarmışdır. Göstərilənlər, yəni iddiaçının 10 avqust 2022-ci il tarixli qəbzdə göstərilən 5000 manat pulu cavabdehə verməməsi, cavabdehə yalnız 1500 manat pul verməsi və daha sonra 5000 manat pulun qalanını hissə-hissə cavabdehə ödəməyi öhdəsinə götürməsi məhkəmə iclasında audioyazıya baxış keçirilərkən iddiaçının etirafında öz əksini tapmışdır. Məhkəmə həmin audioyazının əks olunduğu “DVD” diski və hadisələri düzgün zaman ardıcıllığı ilə həqiqətəuyğun şəkildə təsvir etdiyindən şahidlərin ifadələrini mötəbər sübut qismində qəbul edir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı 10 avqust 2022-ci il tarixdə cavabdehə 5000 manat pul verməsini və bununla bağlı cavabdehdən yazılı qəbz aldığını göstərsə də, 23 may 2023-cü il tarixdə cavabdehə 1500 manat pul verməsi ilə bağlı qəbz və ya hər hansı sənəd almamış və izahatında cavabdehin maaş kartını aldığı üçün cavabdehə pul verməsi ilə bağlı heç bir sənədə ehtiyac olmadığını bildirmişdir. Lakin iddiaçının əvvəlcə cavabdehə 5000 manat pul verməsi ilə bağlı yazılı qəbz alması, daha sonra isə cavabdehə 1500 manat pul verməsi ilə bağlı qəbz və ya hər hansı sənəd almaması ağlabatan deyildir və özü-özlüyündə iddiaçının izahatında göstərdiklərinin doğruluğunu şübhə altına alır. Göstərilənlərdən görünür ki, İddiaçı söylədikləri, yəni cavabdehə 5000 manat pul verməsi və cavabdeh tərəfindən həmin pulun ödənilməməsi halı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və şahidlərin ifadələri ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 5000 manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. İşdə olan 01 iyun 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat pulun alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(055)-713/2023
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-713/2023
04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver