Məhkəmə qərarları › İş №2(055)-721/2024

Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(055)-721/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(055)-721/2024 18.07.2024 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 9771,8 manat əsas borcun, 1804,65 manat faiz borcunun və 100,58 manat cərimənin, cəmi 11677,03 manat borcun və ödənilmiş 125,04 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 08 iyun 2022-ci il tarixli ərizəyə və ümumi oferta müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 27% ödəmək şərti ilə 10400 manat məbləğində kredit xətti ayrılmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndində əsasən borcverən bu müqaviə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Borcun ödənilməsi barədə cavabdehə bildiriş göndərilərək xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Nəticədə cavabdehin 7 may 2024-cü il tarixə iddiaçıya 9771,8 manat əsas borcu, 1804,65 manat faiz borcu və 100,58 manat cərimə, cəmi 11677,03 manat borcu yaranmışdır. Ona görə də Cavabdeh kredit müqaviləsi üzrə 9771,8 manat əsas borcun, 1804,65 manat faiz borcun və 100,58 manat cərimənin, cəmi 11677,03 manat məbləğində borcun və ödənilmiş 125,04 manat dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərilən mülki iş üzrə iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinin xahişini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan 28 dekabr 2021-ci il tarixli ümumi oferta müqaviləsindən və 15 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 60 ay müddətinə illik 27% dərəcəsi ilə 10400 manat məbləğində kredit limiti ayrılmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndində əsasən borcverən bu müqaviə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. İşdə olan 08 iyun 2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən görünür ki, Cavabdeh "xxxx" X3 Səhmdar Cəmiyyətininin rəsmi internet səhifəsində yerləşdirilmiş 28 dekabr 2021-ci il tarixli ümumi oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu imzası ilə təsdiq etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 7 may 2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh 7 may 2024-cü il tarixə «X2» Açıq Səhmdar Cəmiyyətinə 9771,8 manat əsas borcu, 1804,65 manat faiz borcu və 100.58 cərimə, cəmi 11677,03 manat borcu vardır. İşdə olan 04 mart 2024-cü il tarixli bildirişdən və onun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı xəbərnamədən görünür ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 15 dekabr 2022-ci il tarixli 5072nkXRDb/22 saylı kredit müqaviləsi üzrə 04 mart 2024-cü il tarixə olan 9771,8 manat əsas borcun, 1334,89 manat faiz borcunun və 51.19 manat cərimənin, cəmi 11157,88 manat borcun iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə qaytarılmasını tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsini ləğv etməyi təklif etmişdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin arasında bağlanmış 08 iyun 2022-ci il tarixli ərizəyə və ümumi oferta müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 27% ödəmək şərti ilə 10400 manat məbləğində kredit xətti ayrılmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndində əsasən borcverən bu müqaviə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Lakin Cavabdeh ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınaraq kredit limiti müqaviləsinin tələblərini pozmaqla üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o borcunu ödəməkdən yayındığından iddiaçı 7 may 2024-cü il tarixə 9771,8 manat əsas borcu, 1804,65 manat faiz borcu və 100,58 manat cərimə, cəmi 11677,03 manat borcun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə iclasında işin araşdırılan halları ilə həmçinin müəyyən olundu ki, kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçı tərəfindən cavabdehə 04 mart 2024-cü il tarixdə bildiriş ünvanlanmış və həmin bildirişdə Cavabdeh 04 mart 2024-cü il tarixə olan 9771,8 manat əsas borcun, 1334,89 manat faiz borcunun və 51.19 manat cərimənin, cəmi 11157,88 manat borcun qaytarılması tələb edilməklə üç iş günü müddətində kredit müqaviləsinin ləğv edilməsi təklif edilmişdir. Buradan görünür ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı faiz borcunun hesablanmasını məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Digər tərəfdən «X2» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi 04 mart 2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanlardan görünür ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 9771,8 manat əsas borcu, 1334.89 manat faiz borcunu və 51,19 manat cəriməni, cəmi 11157,88 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 15 dekabr 2022-ci il tarixli, 5072nkXRDb/22 saylı kredit müqaviləsi üzrə 9771,8 manat əsas borc, 1334,89 manat faiz borcu və 51,19 manat cərimə, cəmi 11157,88 manat borc alınaraq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında elan olunmuş 7 may 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyəti tərəfindən 7 may 2024-cü il tarixdə məhkəmədə iddia qaldırmaq üçün 125,04 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125,04 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 15 dekabr 2022-ci il tarixli, 5072nkXRDb/22 saylı kredit müqaviləsi üzrə 9771,8 manat əsas borc, 1334,89 manat faiz borcu və 51,19 manat cərimə, cəmi 11157 manat (on bir min yüz əlli yeddi) manat 88 (səksən səkkiz) qəpik borc alınaraq iddiaçı «X2» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 125 (bir yüz iyirmi beş) manat 04 (dörd) qəpik dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar